Yalnız haymorit xəstəliyinə düçar olandan sonra başa düşürsən ki, niyə bunun adı hemorroy-la qulaq qafiyəsi kimi səsləşir. Adamın burun-baş boşluqları beləcə iyrənc vəziyyətə gəlir.
İlk anlarda insanda müəyyən fəlsəfi-ateist düşüncələr baş qaldırır: “Bəs insanın kamil varlıq olmasından dəm vuranlar insan başındakı haymor boşluqlarını necə izah edirlər? Ümumiyyətlə, bir insanın başında niyə boşluq olmalıdır?”. Hələ bunun bir adı da “haymor cibləri” imiş. Camaat cibini pulla doldurur, sən də virusla. Başı boş adamın xəstəliyi – haymoriti belə adlandırmaq olaq. Hərçənd bu boşluqları buddistlər çox sevməlidir – düşünürsən.
Yaxud insanın dişlərinin çürüməsini düşünün. Nə qədər ədalətsiz sümüklərdir. Sən hələ 30-40 il də yaşamaq fikrindəsən, onlar isə artıq zibil gününə düşüblər.
Xəstələnən hər bir orta statistik azərbaycanlı bunu türkəçarə, qohum həkimlər vasitəsilə yola verməyə çalışır. Alınmayanda məcbursan gedəsən ən yaxın xəstəxanaya. Orda isə az qala həyətdəki kanalizasiya lyukunun qapağına da elan yapışdırılıb: “Xidmətlərimiz ödənişlidir”. Bu da sənə pulsuz səhiyyə. Yaxşı, az qışqırın, anladıq. Neçə manat? Buyurun. “Bu çekin 10 gün müddəti var”. Bah. Nə böyük lütfkarlıq. Sağ qalsaq, növbəti dəfə ödənişsiz olacaqmış. Tibbi sığorta isə yavaş-yavaş olacaq. Gələn minillikdə.
Yatağa düşməyin müsbət cəhətləri də var. Kitab oxuyursan. Ancaq siz mənim kimi səhv edib xəstə vaxtı Emili Bronte-nin “Tufanlı aşırım” romanını oxumayın. 19-cu əsrin bu məşhur romanı romantizmin, sevginin və eyni zamanda bədbəxtliyin dibidir (bir gözəl insanın dediyi kimi, sevgi həmişə dəliliklə bağlıdır). Romanın az qala hər səhifəsində kimsə ölür. Emili xanım amansızlıqla qəhrəmanlarını qırğına verir. Yaşlı demir, qadın demir, uşaq demir… Hamını öldürür. Pis çıxmasın, elə bil müsəlman aləmini təsvir edibdir. Həmişə düşünmüşəm: görəsən yazıçılar qəhrəmanlarını necə öldürürlər? Bu zaman özlərini qatil hiss etmirlər?
Bəlkə taleyin qisasıdır, Emili Bronte özü də cavan ölüb. 30 yaşında. Vərəmdən ölüb. 19-cu əsrdə hələ tibb çox geridə idi. Antibiotik iynənin yerini ovuşduraraq düşünürsən ki, penisillini kəşf etmiş Britaniya alimi Flemminq nə qədər böyük adam olubdur. İnsanlıq iki yüz ildə elm sahəsində necə iri addımlar atıbdır. Sonra xəbərlərə baxırsan: ruslar Suriyanı bombalayıb, 75 dinc insan ölüb. Kadrlarda ağlayan və qorxmuş uşaqlar görünür. Bu da sənə inkişaf. Nə fərqi var, insanları viruslar qırsın, ya bombalar… Həmin vəhşilərik.
Tərslikdən ikinci kitab da insanlığın vəhşiliyi temasındadır. Dahi amerikalı Kurt Vonnehut-un “Qalapaqos adaları” antiutopiyası. Vonnehut Bronte-dən daha amansızdır. O, bütün bəşəriyyəti öldürür. Daha doğrusu, balığa bənzər, suda-quruda yaşayan canlılara çevirir. Olduqca inandırıcı şəkildə.
Ancaq xəstə üçün müsbət emosiyalar yaradan kinolara da baxmağa çoxlu vaxt olur (nə gic cümlədir. Mən yazmamışam, haymor boşluğu yazıb). Örnək üçün, Martin Makdonax-ın “Ebbinq-in sərhədində, Missuridə üç bilbord” filminə baxmaq hər kəsin borcudur. Bu film deyil, bir gözəllikdir. Mənim ağlıma belə fikir də gəldi: “Bu ki Qiyas və Bayram haqda filmdir!”. Armando İanuççi-nin siyasi satiraları da dərman kimidir. “İlgəkdə”, “Vitse prezident” filmləri. Bu arada bizim Mədəniyyət Nazirliyi deyirlər İanuççi-nin “Stalinin ölümü” filmini qadağan edib. Senzura qoyublar. Utanmırlar. O yanda da guya cümhuriyyətin 100 illiyi qeyd olunur. Stalin isə bu sistemə daha doğmadır. Əbülfəs müəllim, 18 dekabrda İosif Vissarionoviçin 140 illiyidir. Ümid edirik təntənələr olacaqdır.
Ues Anderson-un filmlərini də xroniki ardıcıllıqla, hamısını sıra ilə izləməkdə fayda vardır. Şübhəsiz, zirvədə hələlik “Qrand hotel Budapeşt” filmidir. Andersonun filmləri antibiotik filmlərdir.
Xəstəliyin son günləri İrvin Yalom-un “Nitşe ağlayanda” romanını oxumağa başlayırsan. Dairə qapanır: burada həkim də xəstədir. Hamının dəli olduğu bir dünya. Dəqiq və gözəl romandır.
İndi isə mən həkimə getməliyəm. Bəxtim gətirsə, başımdakı boşluqları yumadan canımı qurtaracağam. Manıslar demişkən, bizimlə qalın.