İngiltərə ordusunda uzun zamandır, xidmət edən eyni zamanda keçmiş “gözəllik kraliçası” olaraq bilinən “barbie” ləqəbli qadın əsgər 12 ildir ki, cinsi təcavüzə məruz qaldığını etiraf edərək, artıq susmayacağını açıqlayıb.
Musavat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, əsgər “barbie” kimi tanın, 2009-cu ildə İngiltərə gözəli seçilmiş Katerina Hoc kişi əsgərlər tərəfindən necə cinsi təcavüzə məruz qaldığını danışıb.
17 yaşında orduya qatılan Katerina 1 il sonra ölkənin Müdafiə Nazirliyi tərəfindən cəsarət mükafatı almışdı. O, İraqa təhvil verilməsi üçün aparılan əsirin yolda qaçmasının qarşısını almışdı. Lakin Katerina üçün mükafat aldıqdan sonra ordudakı həyat sözün əsl mənasında cəhənnəmə dönüb.
Hazırda 30 yaşında olan Katerina Hoc məşhur MİRROR qəzetinə açıqlama verərək, digər qadın hərbçiləri də cəsarətləndirmək üçün susmayacağını deyib: “Artıq 2018-ci ildəyik. Qadınların bu qədər aşağılanmasına dözə bilmirəm. Onlar da mənim kimi cinsi təcavüzə məruz qalmasınlar. Bölükdəki hərbçilər mənim qadın olduğuma görə mükafat aldığımı düşünürdülər. Yanlarından keçərkən mənə əxlaqsız sözlər deyirdilər. Öz aralarında məni fahişə kimi qələmə vermişdilər. Bir dəfə yeməkxanaya gedəndə başıma kola butulkası atdılar. Hər kəsin içində ağlamamaq üçün özümü zorla saxlamışdım. Otağıma gəlib uşaq kimi hönkürüb ağladım. O gündən sonra hərbi hissədə yeməkxanada yemək yemirəm. Olacaqlardan qorxuram. Dükana gedib özümə yemək alıb, gəlib öz otağımda yeyirdim”.
Turan Oruc,
Musavat.com