“Azərbaycan qeyri-neft sektoru sahəsində hələ quruculuq mərhələsindədir. Adətən, bu mərhələdə yüksək məhsuldarlıq gözləmək mümkün deyil”.
Ovqat.com-a açıqlama verən tanınmış iş adamı Mürvət Həsənli belə deyib.
Dövlət Gömrük Komitəsinin yanvar ayı üçün idxal-ixrac nisbətləri ilə bağlı yaydığı statistikanı şərh edən iş adamının fikrincə, istənilən sahəyə qoyulan investisiya bir neçə ildən sonra öz müsbət nəticəsini verir:
“Çünki quruculuq işləri dövründə müəssisələrin yaradılması, məhsulların tam keyfiyyət və kəmiyyətdə istehsalı müəyyən zaman aparır. İstehsalat tam gücüylə işləyəndən sonra onun bazara çıxarılması mərhələsi başlayır ki, görülən işlərə bundan sonra qiymət vermək olar”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin yaydığı statistik məlumatda idxal-ixrac nisbətləri ötən illə müqayisə edilərək verilib və rəqəmlər idxalın artması, ixracın isə azalmasını göstərib: “2017-ci ilin yanvarı ilə müqayisədə 2018-ci ilin yanvarında idxal 53% artıb, ixrac isə 6,3% azalıb”.