Загрузка...

1998-ci ilin sentyabr ayı idi, senzura yenicə ləğv olunmuşdu, istədiyimiz mövzuda yazmaq hüququ qazanmışdıq. Bir gün məlumatlı dostlardan biri mənə maraqlı bir mövzu, bir neçə də tezis verdi. Oturub yazdım. Maraqlı və geniş yazı alındı. Yazının başlığını yazsam, köhnə və sadiq oxucular indi də xatırlayarlar. Amma bu söhbətin mövzusu o yazının məzmunu haqda deyil, o yazıda adı, daha dəqiqi, təxəllüsü keçən adam haqdadır.

Yazımda onun adı təsadüfən çəkilmişdi. Bir əcnəbidən bəhs edirmişəm kimi yazmışdım. Ona qədər adamı şəxsən tanımırdım, adını da eşitməmişdim. Onun adı Frederik Forsaytın hansısa əsərindən yadımda qalan killerin adını xatırladır, soyadı isə məşhur italyan əsilli amerikalı mafioz Al Kaponeni andırırdı.

Kim bilə bilərdi ki, yazımdakı bir cümlədə sözü gedən “Frenk Elkaponi” bir azərbaycanlı iş adamıdır.

Bunu yazı çıxan günün səhəri Etibar adlı bir ordubadlı dostumuz dedi. O bildirdi ki, Frenk Elkaponi deyilən şəxsin əsl adı Fizuli Məmmədovdur, Moskvada yaşayır və ordubadlıdır. Etibar onu da dedi ki, əgər bu yazını görsə, o, durub Bakıya gələcək.

3-4 gündən sonra redaksiyaya zəng gəldi. Xəttin o başındakı şəxs dedi: “Mən Frenk Elkaponiyəm. Bakıdayam. Sizin qəzetdə gedən yazıyla bağlı gəlmişəm. Görüşməyimiz lazımdır”.

Mən bir dostumla onun qaldığı “Hyatt Regensy” hotelinə getdim. Lüks nömrəyə girəndə qarşımıza öncə Arnold Şvartsneggerin gəncliyini xatırladan iki cüssəli rus mühafizəçi çıxdı. Daha sonra içəri otaqda Fizuli Məmmədovun orta məktəb müəllimini (təəssüf ki, adı yadımda qalmayıb), bir də televiziya ekranlarından tanıdığımız telejurnalist Cavanşir Cahangirovu gördük. Bir-iki dəqiqədən sonra Fizuli Məmmədov da gəldi.

Deyəsən, Cavanşir bəy və Fizulinin orta məktəb müəllimi bu görüşə ona görə dəvət edilmişdi ki, bizi Fizulinin qələmə verildiyi kimi bir adam olmadığına inandırsınlar. Amma buna ehtiyac olmadı. Onun özüylə başdan başladıq, maraqlı, rəvan bir söhbət apardıq və bir səhifəlik material alındı, onu da dərc etdik.

Həmin görüşdə diqqətimi bir məqam cəlb etdi. Necə olub ki, el-obasına bu qədər yanıb-dönən, Moskvada yaşayan azərbaycanlılarla bacardığı qədər əl tutan, problemlərini həll etməyə çalışan, qazandığının az qala yarısını xeyriyyəçiliyə sərf edən adamın haqqında biz heç nə bilmirik, bildiyimiz isə çox xoşagəlməz və yanlış bir detaldır.

Bunun səbəbi o idi ki, adam heç vaxt jurnalistlərlə işləməyib, etdiyi yaxşılıqları mediaya, ictimaiyyətə bildirməyib. Bu, əlbəttə ki, yanlış idi.

Çünki bir iş adamının etdiyi xeyriyyəçilik və silsilə yaxşılıqlar müəyyən əndazədə mütləq ictimaiyyətə çatdırılmalıdır. Bu, iki aspektdən vacibdir. 1. Başqalarını da xeyriyyəçilik etməyə təşviq edir, həvəsləndirir və nəticədə xeyriyyəçilik hərəkatı başlanır. 2. Adam etdiyi yaxşılıqların “sağ ol”unu görür, xeyirxah əməllərinin boşa getmədiyini bilir və bu işi davam etdirmək üçün stimul alır.

Son vaxtlar Fizuli Məmmədovun ard-arda Qarabağ müharibəsinin veteranlarına mənzil bağışlaması haqda xəbərlər yayılır. Biri də srağagün yayılmışdı. Yeni xəbərdə onun daha 5 Qarabağ qazisinə mənzil bağışlayacağı bildirilir. Bundan qabaq da o, 2-3 dəfə elə addımlar atıb.

Fizuli Məmmədov milyarder deyil. Xaricdə yaşayan, tanıdığımız azərbaycanlı iş adamlarının sırasında onun adı sərvətinin miqyasına görə neçənci onluqdadır, Allah bilir. Yəni ondan qat-qat artıq var-dövlətə, sərvətə malik azərbaycanlılar var. Amma son iyirmi ildə o milyarderlərin heç biri Fizuli qədər xeyriyyəçilik etməyib.

Şübhəsiz ki, xeyriyyəçiliklə məşğul olanlar var, amma onların qazanmış olduqları sərvətin müqabilində etdikləri dəryada damla qədərdir. Fizulinin onlardan fərqi odur ki, var-dövlətini yığıb üstündə oturmur, ehtiyacı olanlarla paylaşır.

Onu da qeyd edim ki, biz birinci və axırıncı dəfə 1998-ci ilin sentyabrında görüşmüşük. Ondan sonra heç bir ünsiyyətimiz olmayıb, yalnız bir dəfə Moskvada olan jurnalist həmkarımızın yanında adımı çəkib, o hadisəni danışıb.

Amma sonralar Azərbaycanda xeyli məşhurlaşan, partiya yaradan, qəzet çıxardan bu iş adamının sorağını çox gəldi. Axır illərdə isə o, siyasi fəallığını azaldıb, yerini xeyriyyəçiliyə verib. Görünür, düzü budur.

Hər kəs faydalı olduğu işlə məşğul olanda daha uğurlu olur. Bir də hər milyarder və milyonçumuz xeyriyyəçilik etsə, on minlərlə insan sıxıntıdan, iztirabdan qurtarar.

20 il əvvəl Al Kapone sandığm Elkaponi...

20 il əvvəl Al Kapone sandığm Elkaponi...

20 il əvvəl Al Kapone sandığm Elkaponi...