Загрузка...

"Arif Hacılı güruhundan heç bir gözləntim yoxdur" - Xalid Kazımlının cavabı

Yəqin ki, əməkdaşımız Elşən Balaxanılının akademik Ziya Bünyadovun qatili ilə apardığı söhbətdən hazırladığı müsahibəni oxuyursunuz. Çox maraqlıdır. Bu müsahibə vaxtında ictimaiyyətə müfəssəl və inandırıcı məlumatlar verilmədiyi üçün hələ də müəyyən qədər müəmmalı hesab olunan o qalmaqallı qətl işi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirir.

İndi qatil də, onun vaxtilə icra başçısı olmuş atası da səmimi olmağa məcburdurlar. Çünki qatil onsuz da ömürlük iş alıb, itirəcəyi bir şey yoxdur, onun uzun illərdən sonra azadlığa qapısını yalnız səmimi peşmançılığı, islah olunmasına dəlalət edən fikirləri aça bilər.

Qatil Nizami Nağıyevin törətdiyi qətl gerçəkdən də ağır cinayət idi. Ona görə ki, Ziya Bünyadov sıradan biri deyildi, alman faşizmi ilə müharibənin qəhrəmanı idi, erməni faşizmi ilə savaşda sinəsini qabağa verənlərdən idi, böyük tarixçiydi, Quranın tərcüməçisiydi, Milli Məclisin üzvüydü, hakim partiyanın qurucularından idi.

Onun qətli Azərbaycanda ciddi sarsıntı yaratmışdı, o dövrdə çox adamın üstünə şübhə kölgəsi düşmüşdü. Bir-birini istəməyən vəzifəli şəxslər hansısa motivlərə dayanaraq bir-birini qətlin təşkilatçısı kimi qələmə verməyə çalışırdılar.

İlk vaxtlar heç kəsin ağlına gəlməzdi ki, bu qətli İH başçılarından birinin oğlu törədib.

Bunun üstü sonradan açıldı. Qatil və köməkçiləri həbs edildi, mühakimə olundu, amma bəlkə indinin özündə də qətlin motivi bir çoxlarına inandırıcı gəlmir.

Qətlə yetirilən vaxt 73 yaşı olan, fiziki baxımdan xeyli düşmüş, 3-5 il ömrü qalmış ahıl akademikin öldürülməsi nədən bu qədər vacib olmuşdu? Bu gün də çoxları bu suala məntiqli cavab axtarırlar.

Yəqin hələ də qətlin əsas səbəbinin Müdafiə Nazirliyindəki korrupsiya faktlarıyla bağlı sənədlərin mərhumun akademikin əlinə keçməsinə və onun mütləq ifşaedici çıxışa hazırlaşması ilə bağlı olduğunu düşünənlər var. Belə olsaydı, Müdafiə Nazirliyinin o vaxtkı rəhbərliyi istefaya göndəriləndən sonra, əl-əlbət, bu məsələnin üstünə qayıdılardı.

Hazırda isə ortada olan qatilin yeni açıqlamalarıdır və onun son ifadəsi məhkəmədə verdiyi ifadəylə üst-üstə düşür. (Təfərrüatlar və fərqlər, yəqin ki, olacaq).

Belə anlaşılır ki, Nizami Nağıyev sırf dini fanatizmə yuvarlandığı, məşhur terror təşkilatının müəyyən iyerarxik pilləsindən sifariş aldığı üçün Ziya Bünyadovu qətlə yetirib.

Diqqət yetirilməli məqam da elə budur.

Təsərrüfatla məşğul olan, pis-yaxşı qazanc əldə edən, inkişaf etmək perspektivinə malik bir şəxs, gənc ailə başçısı birdən-birə fanatikə çevrilir, beyni yuyulur, zombiyə dönür və ölkəsinin ən şan-şöhrətli akademikinin həyatına son qoyur.

Bu hadisə elə bir dövrdə baş vermişdi ki, dini fanatizmi təbliğ edən ekstremist təşkilatlar ölkəmizə yeni-yeni ayaq açırdılar və onlar saf niyyətlə, mənəvi rahatlıq üçün ibadətə başlayan gənclər arasından özlərinə müridlər, bir qədər uzaq perspektivdə istifadə etmək üçün döyüşçülər seçirdilər.

Sonradan onların sayı qat-qat artdı. Bakıdan, Sumqayıtdan, Gəncədən səfərbər olunaraq müharibə gedən ölkələrə aparılanlar çoxaldı. Bundan başqa, ölkə daxilində dini motivlərə söykənərək qarışıqlıq salmaq istəyənlər, bir-birilə məzhəb davası aparanlar da vardı və onların hamısının xarici himayədarları olduğu, daha dəqiqi, mərkəzi qərargahlarının xarici dövlətlərdə yerləşdiyi heç kəsə sirr deyildi.

Bir ara bu qüvvələr dövlətin, millətin, ayrı-ayrı insanların təhlükəsizliyini təhdid etməyə başlayanda onlara qarşı sərt tədbirlər görüldü, aparıcı simaları zərərsizləşdirildi, özəkləri dağıdıldı, şəbəkələri nəzarətə götürüldü.

Bu sayaq qüvvələrin nə dərəcədə təhlükəli olduğu yalnız akademik Ziya Bünyadovun qətlindən sonra ortaya çıxmışdı. Ona qədər hamı düşünürdü ki, Azərbaycanda tərəfdar toplayan xarici təşkilatlar hər halda o qədər də ziyankar deyillər.

İndinin özündə də təhlükə sovuşmayıb. Bir balaca nəzarətsiz buraxılarsa, ekstremist təşkilatlar yenə də ölkədə alternativ hərbi komissarlıqlar təşkil edərək, orda-burda məzhəb savaşı aparan cəbhələrə döyüşçü səfərbərliyi ilə məşğul olacaqlar.

Hazırda İraqda əsir düşərgələrində çarəsiz durumda qalmış qadınlar və uşaqlar məhz o qüvvələrin ölkədən təşkil edib apardıqları və hərbi əməliyyatlarda öldürülmüş kişilərin ailə üzvləridir.