Camaat hökumətə baxıb həvəslənir. Hesab edirlər yiyəsizlikdir, kimin ağzına nə gəlsə danışır. Yalanın biri bir qəpikdir. Alan da yoxdur. İxrac edirik. Maşınla, gəmi ilə, qatarla. Bunlar da çatdırmır. Görünür tezliklə YİK – Yalan İxrac Kəməri çəkməli olacağıq.
Örnək üçün, bir tip var, ömrü boyu hökumətlərə yaltaqlıq edib özü, ailəsi, bütün şəcərəsi üçün müxtəlif pay-pürüşlər almışdır. Bir dəfə haqqı tapdanan adamın yanında durmayıb, bir cümlə doğru söz yazmayıb, yaltaqlığının şiddəti o qədər çoxdur danışanda belə ağzından sabun köpüyü çıxır. Ancaq indi özünü Tomas Mann elan edir. Millət də gözünü açandan başqa tip görməyibdir, elə zənn edir doğrudan bu elə Tomas Manndır. Antifaşistdir. Böyük yazıçıdır. Nə deyə bilərsən. Heç zad. Könül sevən göyçək olar – bu məsəli olan xalq kimi istəsə sevər. Arsenalda daha güclü misallar da var, deyir filan yerdən öpməklə ağız murdar olmur ki. Vallah da. Öpün getsin. Öpüşün.
Hələ bu harasıdır, AXC hökumətinə yaltaqlıq alınmayanda qaçıb Türkiyəyə gedib, indi isə sözündən belə çıxır az qala Elçibəyi bu seçibmiş. Yenə nə deyəcəksən? Yenə heç zad. Bibliyadan parafraz eləsək, bəzən mirvarilər elə donuzlara layiq olur. Yaxud belə yazmaq mümkündür: “Hər dönuzun öz mirvarisi vardır”. Hətta donuz var Yapon dənizində mirvari istehsal edən dəniz ilbizi zavodu açmaq imkanındadır.
Başqa bir idiot özünü ekoloq alim, təbiət elmləri üzrə ekspert, nə bilim, Mendel və Darvin irsinin layiqli davamçısı elan etmişdir. Jurnalist mikrofonu dirəyir, bu isə deyir: “Azərbaycanda doqquz iqlim qurşağı var”. İt ilindən qalma bu axmaq yalanı hələ də anlamayıbdır. Bilmir ki, bizdə 9 iqlim qurşağı yox, olsa-olsa 9 iqlim tipi var. Dünyadakı 13 iqlim qurşağından isə yalnız 2 dənəsi Azərbaycanda var: mülayim, subtropik. Vəssalam. Tutaq ki, bu idiot aliməbənzər çərənləməkdən zövq alır, bəs bunu həftə səkkiz mən doqquz danışdıran jurnalistlər niyə kitab-dəftər arası açmırlar? BDU jurfakında Cahangir müəllimdən elm öyrənən şəxsə nə deyəsən? Yuxarıdakı kimi yenə də: heç zad.
Adamın beynini o qədər qarışdırırlar axırda şübhəli qalırsan ki, bəlkə bunlar düz deyir, sənin öyrəndiklərin isə axmaq yalanlar imiş. O axmaq ingilis məsəlindəki kimi: “Ağıllı adamsansa, niyə cibin boşdur?”. Vallah da. Hırla zırın fərqini bilmək, iki eşşəyin arpasını bölmək guya çox önəmli imiş. Nə isə. Şəxsən başıma gələn olayı yazmaq istəyirdim. Bu yaxında internetdə Azərbaycan kulinariyası haqda kitab tapmışdım. Aşpazlıq işində yetərincə tanınmış bir tipimiz qələmə almışdır. Adını çəkmirəm, yalnız onu deyim ki, yalan olmasın, bəlkə 3 “Mişelin” ulduzu çatışmır. O dərəcə məhşurdur bizdə. Yemək bişirən siçan haqda animasiya filminin qəhrəmanına bənzəyir sifətdən. Uzun sözün qısası, kitabın təsadüfi səhifəsinə baxdım ki, görüm nədən bəhs eləyir. Bəxtimə nə deyim, ilk oxuduğum cümləyə baxın: “Almaniyanın kansleri Helmut Kol vaxtilə aşbaz olmuşdur, bunun özü aşbazlıq sənətinin əhəmiyyətini göstərir”. Vay dədə. Təpəmə-gözümə döydüm ki, gör mən nə bisavad adamam, Helmut Kol-un aşbaz işlədiyini bilməmişəm. Daraşdım internetin canına, Helmut Kol müəllimin dünənəcən az qala əzbər bildiyim bioqrafiyasını təzədən araşdırmağa başladım. Təbii ki, heç bir mənbədə bu axmaq yalan təsdiq olunmadı.
İndi məni yandıran bilirsinizmi nədir? O aşbazın gopu deyil. Qardaşın peşəsi zatən hər cür mənasız inqredientdən nəsə bir yemək qayırıb camaata sırımaqdır. Məni yandıran o gopdan şübhələnib internetdə araşdırma aparmağımdır. Gör mən necə sadəlövh, avam adamam. Biri gopa basacaq, sən də araşdıracaqsan… Özü də milli yeməyi sosiska olan bir millətin guya aşbaz işləyən kansleri haqda… Bu həyat deyil ki. Heyf oxuduqlarımdan, öyrəndiklərimdən, qazandığım təcrübədən…
Bir söz soruşum, bəlkə siz bilərsiniz: görəsən, dünyaya nöş gəlir insan?