Загрузка...

Rusiyada prezident seçkisi son mərhələsinə girib. Rəy sorğusuna inansaq, hazırda elektoratın 73%-i Vladimir Putini dəstəkləyir. Hərçənd seçkiyə, sorğuya nə ehtiyac ki. Ruslar öz qalstuklu çarını çoxdan tapıblar.

Bu çar – Putin onların velikorus iştahalarını hələlik təmin edir. Xüsusən də Krımın Rusiyaya ilhaqı, deyəsən ruslara ləzzət edib – SSRİ-nin süqutu ilə sınan qürurlarını bir azca bərpa edə biliblər. Aclıq-zad yaddan çıxıb. “Ac ol, amma kişi ol” məsəli yəni.

Bu ruslar doğrudan da qəribə millətdir. Qurunun 1\6-ni tutublar, bunca yeraltı-yerüstü sərvətləri var, yenə yeni ərazi iddiası ilə yaşayırlar. Amma Rusiya Putin dönəmində sərhədini böyütsə də, vətəndaşının günü-güzəranı nəinki yaxşılaşmayıb, əksinə, pisləşib. İşsizlər, kasıblar ordusu böyüyüb, ölkədə cinayətkarlıq, korrupsiya tüğyan edir, narkomanlıq, SPİD, reketçilik baş alıb gedir.

Yerli, perspektivli istehsal sahələrinin və müəssisələrin qıtlığı, qabaqcıl Qərb texnologiyalarından güclü asılılıq öz sözünü deyir və Putin təbii ki, neft-qaz qaynaqları hesabına bu problemləri çözmək gücündə deyil. Çünki imperiya maraqları və sərt avtoritar idarəçiliklə normal iqtisadi tərəqqi, azad biznes mühiti, dünyaya inteqrasiya bir-birinə tərs mütənasibdir. Onlardan biri varsa, digəri ola bilməz!

Bunun nəticəsidir ki, ruslar böyük əziyyət çəkmədən pul gətirən kriminal sahələrdə həvəslə işə girirlər. “Vaqner” özəl hərbi şirkətin üzvləri kimi – hansı şirkət ki, onun 300 üzvü (muzdlu) az öncə Suriyada ABŞ bombardmanı nəticəsində öldürülüb. Bununla da 300 ailənin başsız qalması o yana dursun, rusun təzəcə dirçəlməyə başlayan qüruruna növbəti zərbə vurulub – Kreml boynuna almasa da.

Bəzi məlumatlara görə, bu qruplaşma bilavasitə Putinin himayəsi altında yaradılıb ki, Kremlin məqbul bildiyi bölgələrdə, həmçinin separatçı regionlarda lazım gəldikdə Rusiyanın legitim hərbi qüvvələrini əvəzləsin, lakin bu zaman Rusiyanın həmin bölgələrdə hərbi varlığını sübut eləmək mümkün olmasın. Yəni Rusiya oralarda həm yox kimi görünsün, həm də muzdlular hesabına var olsun. Putinin KQB bioqrafiyası ciddiyə alınarsa, ağlabatandır.

Bu da hamısı deyil. Rusiyalı tanınmış jurnalist-publisist Vitali Portnikova görə, “Vaqner”in bir vəzifəsi də terror və diversiyalar törətməkdir. Beləcə, Suriyaya guya terrorla mübarizə üçün girdiyini bəyan edən, öz ərazisində – Şimali Qafqazda qanunsuz hərbi birləşmələrlə mübarizə apardığını iddia edən Rusiya faktiki, özü terror-diversiya qruplaşması, qanunsuz hərbi birləşmə saxlayır…

*****

“Su axıb çuxurun tapır”. Bir-iki abzas da Rusiyanın Güney Qafqazdakı tale və işğal ortağı olan Ermənistan haqda. O da Rusiya kimi öz ərazisini qonşusunun – Azərbaycanın hesabına, zor gücünə böyüdüb. Amma nə olsun? Özgə torpaqlar erməni xalqına xoşbəxtlik, rifah gətiribmi? Akoplar, karapetlər, siranuşlar və onların törəmələri ağ günə çıxıbmı? Erməni gənclərin tabutda ailələrinə geri dönməsi dayanıbmı? 30 ildir Qarabağdakı oyuncaq dövlətdə, səksəkə içində yaşamaqdan məmnundurmu erməni?

İş də ondadır ki, ermənilər torpağını işğal elədikləri Azərbaycanın əhalisindən qat-qat ağır durumda yaşayırlar. Ölkə ildən-ilə daha sürətlə boşalır, yoxsullaşır. “Qalib Ermənistan”ın vətəndaşları çörək, iş dalınca Rusiyaya, Türkiyəyə, Avropaya kütləvi köç edirlər.

Yeri gəlmişkən, bu gün – fevralın 20-də Qarabağda separatçı hərəkatın başlanmasının 30-cu ildönümüdür. 1988-ci ildə başlanan və hələ də bitməyən bu böyük avantüranın, ilğımın xüsusən də Ermənistan üçün acınacaqlı nəticələri ortada: on minlərlə əsgər tabutu, Rusiyanın ucqar və geridə qalmış əyaləti, marioneti və girovu olmaq “xoşbəxtliyi”, sonu görünməyən səfalət və ölkədən kütləvi emiqrasiya, ağır blokada rejimi və iri nəqliyyat-enerji layihələrindən kənarda qalıb milyardlarla dollar itirmək aqibəti, böhranlı iqtisadiyyat və orduya çağırışçı problemi yaşamaq. Bir sözlə, “Pirr qələbəsi”…

Dəyərdimi? Bu 30 ildə az qala, 300 ilin fəlakətini yaşayan ermənilər sualın cavabını əslində yaxşı bilirlər. 30 ildə Ermənistan, erməni xalqı Azərbaycan sayəsində gör haralarda ola bilərdi, amma indi hardadır. Ermənistanın özünün belə tanımağa cürət etmədiyi qondarma “DQR”-də evcik-evcik oyunundan bezmədimi bədnam qonşular?..

Ancaq enində-sonunda bezəcəklər. “Pirr qələbəsi”ndən də imtina edəcəklər. Ya işğal, ya inkişaf. Başqa yolları, sadəcə, yox…