Bu qədər faciəyə rəğmən, dövlət silah satıcılarına bata bilmir; ölkə prezidenti də onların arxasındadır
Keçən həftə Florida ştatının Parklend şəhərində 17 məktəblinin həyatına son qoyan AR-15 silahı qəzəb obyektindən daha çox əsl bestsellərə çevrilib. Belə ki, AR-15 silah yarmarkalarında ən çox satılan silah olub. Yəni, nə qədər acı olsa da, bu tip qətliamlar onu istehsal edən firmalar üçün reklama çevrilib.
Musavat.con xarici mətbuata istinadən xəbər verir ki, yarmarka Parklenddən cəmi 1 saat uzaqlıqda, Hollivud şəhərində baş tutub. Məktəbli uşaqları vəhşiliklə öldürən Nikolas Krusun istifadə etdiyi silah markası, yarımavtomatik AR-15 satışlarda əsas favorit sayılıb.
“Guya silah satmasaq, nə dəyişəcək ki… İndi sizə kimsə bıçaqla hücum etsə, siz bıçağa yoxsa onu əlində tutana nəzarət edəcəksiniz?” – deyə, satıcılardan biri “Nyu York Post” qəzetinin əməkdaşına deyib.
Ştat rəsmiləri məktəbə hücum edən Kruzun leqal yollarla lisenziyalı satıcılardan AR-15-i əldə etdiyini söyləyiblər. Qətldən sonra ABŞ ərazisində silahların yayılmasına nəzarətin gücləndirilməsi barədə kütləvi mitinqlər keçirilib.
Prezident Donald Tramp isə “iki daşın arasında” hər şeyi Federal Təhqiqat Bürosunun onun Rusiya ilə əlaqələrini araşdırmasına bağlayıb. Prezidentin sözlərindən belə çıxır ki, FTB əgər başını Rusiyaya qarışdırmasaydı, indi belə hadisələr baş verməzdi. Xatırladaq ki, AR-15 ABŞ-da insanların kütləvi surətdə qətl edilməsi zamanı ən çox istifadə olunan silah kimi tanınır.
Keçən il oktyabrın 1-də müharibə veteranı Stiven Peddok Las Veqasda “Mandalay Bay” otel-kazinonun 32-ci mərtəbəsindən “Route-91” adlı musiqi festivalında iştirak edənlərin üzərlərinə atəş açmış və nəticədə 59 insan ölmüş, 500-dən çoxu yaralanmışdı.
Qeyd edək ki, Donald Tramp əvvəllər silahlar üzərində nəzarət olunmasının qızğın tərəfdarlarından olub. Lakin prezident yarışına qoşulduqdan sonra mövqeyini tamamilə dəyişib. Bu da təsadüfi deyil. Belə ki, ABŞ-da silah lobbisinin əsas təşkilatı sayılan Milli Atıcılar Assosiasiyası onun seçkiqabağı fonduna 30 milyon dollar pul köçürüb.
AR-15 avtomatının özünə gəlincə isə silah ABŞ-ın məşhur Kolt şirkətinin məhsuludur. Silahın konstruktoru ABŞ ordusu üçün avtomat silahların hazırlanmasında iştirak etmiş Yucin Stounerdir.
Maraqlıdır ki, ABŞ-da adi tapança almaq üçün azı 21 yaşda olmalısan. Bundan başqa, Amerikada pivə almaq üçün də, səndən 21 yaşının dolmasını tələb edirlər.
Lakin kütlə içində ciddi tələfata yol aça bilən AR-15 avtomatına 800 dollara qanuni olaraq sahib olmaq üçün 18 yaşını bitirmək kifayətdir.
Musavat.com