Çində məktəblilərə riyaziyyat dərsində belə tapşırıq verilibdir: “Əgər gəmidə 26 qoyun və 10 keçi varsa, kapitan neçə yaşındadır?”. Uşaqlar bunu həll edə bilməyibdir. Heyrətə gəlinəsidir. Bunlar bu ağılla o qədər saxta məhsulu necə istehsal edirlər? Hasarı necə tikiblər? Axırda isə məktəblilərə deyiblər əslində sizi yoxlayırdıq, burada düzgün cavab-zad yoxdur.
Bizim təhsil sistemində, riyaziyyat kitablarında belənçik məsələ və misallar adi haldır. Əsası isə ixtisasca riyaziyyat müəllimi olan keçmiş təhsil nazirimiz Misir müəllim tərəfindən qoyulubdur. Açırsan dərsliyi, görürsən yazılıbdır: “Həsənin axırıncı 2 qoyununu uçaskovı oğurladı, 5 toyuğunu tülkü yedi. O, uşağını Narxoza necə qəbul elətdirdi?”. Yaxud, 9-cu sinifin “Riyaziyyatın əsasları və dolanışığa keçid” kitabında uşaqlara bu tapşırığı həll etmək əmr olunur: “Səhərdən axşama qədər qutuya 3 bülleten atdılar. Məzahir müəllim axşam qutudan 3 min 800 protokol, 5600 bülleten, 5 ədəd ”Azərbaycan kulinariyası” jurnalına abunə, 4 işıq pulu kağızı, 2 aliment cəriməsi, 1 ət talonu, Antalyanın Fetoş kurortuna beş nəfərlik putyovka çıxartdı. Tapın görək bu dəqiqə Oğuz rayonunda meşədə neçə qanunsuz at kəsimi baş veribdir?”. Ən maraqlısı odur ki, bizim uşaqlar bunu gözəl formada həll edirlər.
Ümumiyyətlə, dünyada əfəl xalqlar çoxdur. Hamı bizim qədər istedadlı deyildir. Baxırsan kosmosa maşın göndərirlər, hegemonluq edirlər, Qarabağa lotuyana şəkildə həmsədr-zad yollayırlar, ancaq bir damcı qabiliyyət, qanacaq, dözümləri yoxdur. Son bir ildə ABŞ-ın Kubadakı səfirliyində işləyənlərin başına gələnlər bu mənada tragikomediyadır. Adi çəyirtkə səsindən bunlar dəli olublar. Yıxıblar kubalıların üstünə deyirlər guya akustik silah tətbiq olunub. Mən o səsin yazısını internetdə tapıb qulaq asdım. Üstündə yekə-yekə qeyd eləmişdilər: “Bu səs sizin üçün təhlükəli ola bilər, qulaq asmazdan öncə fikirləşin” və sairə. Qorxa-qorxa qulaq asdım, özümə də gülməli gəldi. Çəyirtkə cırıltısından başqa heç nə deyildi. Uşaqlığım kənddə keçdiyi üçün hər axşam səhərə qədər belə təbii konsertin altında uyumuşam. Bunlarda isə kəşfiyyatçılar və diplomatlar sürüylə dəli olubdur.
Hələ o seçkiyə rusların barmaq eləməsi əhvalatı nədir… Biabırçılığın, tragikomediyanın, farsın, nə bilim, qroteskin dibidir. 13 nəfər rusiyalı sosial şəbəkələrdə, yəni, Feysbukda, Tvitterdə-zadda saxta linklər, xəbərlər yayıblar, amerikalılar da buna aldanıb Hillari Klintonun əvəzinə Donald Trampa səs veriblər. Kül başınıza elə… Siz bu ağılla bizə düzgün seçki öyrədirsiniz? Putinin aşbazının başçılıq elədiyi 13 nəfərin barmağı sizdə seçkinin taleyini dəyişirsə, niyə ölmürsünüz? Günü pornoulduz və manıslarla keçən birisi dövlətinizin başındadır, nə haqla dünya xalqlarına ağıl öyrədirsiniz?
Özü də həmin 13 lotudan biri əslən azərbaycanlıdır, Ceyhun müəllim adındadır. Peterburqda alt tumanı buraxan firması varmış. Fəxrimizdir. Əgər Amerikanın seçki sisteminin başına o tumanlardan birini keçirə bilibsə, afərin ona. Yəqin Məzahir müəllimin universitetini bitiribdir. “Kapitanın yaşı və qoyunlar” məsələsindən vaxtilə çox həll etmişdir.
Sistemin bərbadlığından günahsız amerikalı uşaqlar əzab çəkirlər. Keçən həftə axmağın birisi Floridada məktəbə hücum çəkib 2 müəllim və 14 uşağı öldürdü. Sən demə onun silahla məktəbə hücum edəcəyi haqda hələ yanvar ayından yerli hüquq-mühafizə orqanında, konkret Federal Təhqiqat Bürosunda (FTB) informasiya varmış. Bir vətəndaş zəng edib deyibmiş ki, məncə Filankəs camaatı qıracaq, tədbir görün. Ancaq bunlar tədbir görməyib, nəticə də ortadadır.
Normal ölkələrdə belə şeyləri fikirləşən adamları tuturlar. Yoxlamaq üçün bələdiyyənin yanından keçəndə yüngülvari fikirləş ki, bunlar torpaq satırlar, öləsi adamdırlar. Bir saat sonra əlaqədar orqanlar gəlib səni hoppalara götürəcək. Xəbərlərin axşam buraxılışında evindən çıxan 1 ton marixuana, 2 ton heroin, 3 ədəd ballistik raket, 1 “İsgəndər” qurğusu və qanunsuz ədəbiyyat sayılan Fətiş müəllimin “Əl bülbül-bin düldül ixtisareyi fil-mil” risaləsindən yarım səhifənin aşkar edilib götürülməsi nümayiş etdiriləcəkdir.
“Səhər görüşləri” verilişində isə əmin uşaqları, bibin qızları, dayının arvadları və başqa qohumlar səndən imtina edəcəkdir. Sən də türmədə oturub “Əgər qonşu kamerada 50 taxtabiti və 70 bit varsa, hər ay 5 dustaq vərəmdən ölürsə, rəisin sürücüsü pravanı neçəyə alıbdır” məsələsini həll edirsən.