Bu günlərdə İsraildən yaxşı xəbər gəldi. Məlum oldu ki, Ermənistan-İsrail parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti Təl-Əvivdən kor-peşman geri dönüb. Ermənistanın hakim Respublika Partiyasının deputatı Qaqik Minasyan hətta İrəvanda yerli mətbuata şikayətlənib ki, bəs, İsraili onları anlayışla qarşılamayıb.
Erməniləri pərt edən məsələ budur ki, İsrailin müdafiə naziri Aviqdor Liberman erməni deputatların Qarabağla bağlı sualının cavabında… “İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni hərbi birləşmələrinin Dağlıq Qarabağı işğal etməsinə qarşıdır” deyib.
Avropa Parlamentində Azərbaycanın dostlarının yaradılması da yaxşı xəbərdir. Demək, Azərbaycanın dostlarının sayını artırmaq, düşmənin arzularını gözündə qoymaq mümkündür.
Bu, bir faktdır ki, hələ də beynəlxalq təşkilatlar bu uşaq qatili Serj Sərkisyanı sayıb, ona yüksək kürsülərdən söz demək imkanını tanıyır. Amma hər fürsətdəcə sözü ağzında ikən bizimkilər tərəfindən cavabı verilir. Sərkisyan BMT tribunasından yekə-yekə danışdı, Azərbaycan prezidenti onu susdurdu, dedi sənin burada söz deməyə haqqın yox, ayıbına kor ol! Ardınca erməni prezidenti AŞ PA tribunasına çıxartdılar, sözünü bitirər-bitirməz nümayəndə heyətinin rəhbəri Səməd Seyidov durub Xocalı cəlladının cavabını verdi.
İndi də Sərkisyan Münhen Təhlükəsizlik Konfransında özünü “sülhpərvər” kimi göstərməyə çalışıb. Amma unudub ki, bir həftə sonra 26-cı ildönümü tamam olacaq Xocalı soyqırımında əli 4-5 yaşlı körpələrin qanına batıb. Həmin bu unutqan qatil Türkiyə-Ermənistan protokollarının həyata keçməməsindən şikayətlənib, “zamanın sanki dayandığını” iddia edib, utanmazcasına. Özü də bu yaddaşdan qısır prezident həmin çıxışı 800 evlik Qaradağlıda törədilən soyqırımın ildönümü günündə edib.
Kəlbəcərə öz doğmalarının məzarını ziyarət üçün gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevi 4 ilə yaxındır girov götürüb, işgəncə altında saxlayırlar. Bu cinayətin başında dayanan Sərksiyan isə məhz Kəlbəcərin işğalına görə Ermənistana sərhədini qapayan Ankaraya “Ermənistan ilkin şərtlər irəli sürmür və heç kimdən ilkin şərtləri qəbul etməyəcək” deyib sərhəd açmağa çağırır. Tarix hələ belə sifət görməyib…
Ancaq o, Münhendə də rahatlıq tapmayıb. Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Sədi Cəfərov erməni prezidentə tutarlı cavab verib. Tədbirin yekununda Sərkisyan bizim diplomata yaxınlaşıb və ondan Azərbaycan dilində “Haralısan” deyə soruşub. Sədi Cəfərov Qarabağdan olduğunu deyəndə Sərkisyan susub və uzaqlaşıb…
Bəlkə də qalib ədası ilə çıxıb zaldan. Amma erməni rəhbərliyini bax, beləcə qarabaqara izləmək, onu hər çıxışına peşman etmək cani, qatil olduğunu sifətinə çırpmaq lazımdır.
Hücum diplomatiyasını bir an belə dayandırmamalıyıq. Çünki diplomatiyamızın hər zərbəsi neçə-neçə əsgərimizin xilası deməkdir. Qardaş Türkiyə sübut etdi ki, ordunun zəfərində dövlətin təbliğatı çox önəmlidir. Afrin əməliyyatında ABŞ-ı ram edən həm də Ankaranın gecə-gündüz bilmədən çalışması, aparıcı paytaxtlara edilən səfərlər, müraciətlər oldu. Bizim xarici siyasət idarəsi də fövqəladə rejimdə işləməlidir.
Qarabağ separatçıları Cəbrayılda uşaq bağçası və şadlıq evi tikmək istəyir. Məqsəd bəllidir, bu ilan balalarını Cəbrayılda, Qubadlıda, Zəngilanda bəsləyib, sonra da əllərinə silah verib səngərə qoyacaqlar. Bizim Cəbrayıldan olan köçkünlərimiz də İrana keçib, oradan nisgilli halda Arazın bu tayına, viran qalmış yurd yerlərinə baxmaqdan vərəmləyirlər…
Deməli, bir an da boş oturmaq olmaz! Qarabağı işğaldan azad edənə qədər hamımız QARABAĞLI olmalıyıq! Lap dünyaya mesaj üçün böyük bir yürüş də keçirmək olar: “Hamımız qarabağlıyıq!” yürüşü…Təklif verək Qardaş Türkiyədə də “Hepimiz Qarabağlıyız!” aksiyaları keçirilsin. Xocalı soyqırımının ildönümündə niyə də olmasın? Bu da həqiqətlərimizi yaymaq üçün bir variantdır. Həm də Türkiyəni Azərbaycandan ayırmağa çalışan düşmənə cavab olar…