Dünən sosial şəbəkədə Youtube-dən götürülüb paylaşılmış bir video gördüm.
Videoda görünən adam yaşı 30 civarındaydı, əynində yarısı sol çiyninə salınmış əbavardı. Adam mikrofon önündə, rəyasətfason bir yerdə oturmuşdu və səsini atıb başına deyirdi: “O zaman ki, kişilər arvadlarıyla məsləhətləşdilər, bilin ki, kişilik ölüb”. Sonra öz “kəlam”ına belə bir şərh verir: “Pah, ağzıva qurban olum, ağa. Sözə bax e”.
Sanki o, İmmanuel Kantdan, Herman Hessedən sitat gəirib və bu sitatın hikmətinə ayrıca qiymət vermək lazımdır.
Moizə oxuyan gənc mömin bununla da kifayətlənmir, kişiliyin ölümünün sübutu, əlaməti olaraq daha bir müəyyənedici şərt irəli sürür: “O zaman ki, kişilər arvadların ah-naləsinə, göz yaşlarına inandırlar, bilin ki, kişilik ölüb”.
Həyatın ən böyük səhvləri bunlarmış: kişi arvadın məsləhətiynən otura-dura və arvadın göz yaşlarına inana. “Bax, nabədə inanasız a, kişilər, mən bunu burdan risk eləyib deyirəm”, – şəhadət barmağını yuxarı qovzayan vaiz son xəbərdarlığını edir. (Amma ta “risk eləyib deyirəm” nədi, olmaya arvaddan qorxur?).
Düzü, mən bilmirdim, gənc vaiz gözümü açdı, heç demə, o vaxt Həvva nənəmiz yaradılanda şeytan gülübmüş, hətta bu hadisədən sonra o (şeytan) cənnətdən qovulanda da sevinib, soruşublar ki, şeytan, cənnətdən qovulmusan, gərgin olmaq yerinə niyə sevinirsən. Şeytan deyib ki, sevinirəm, çünki Allah Həvvanı yaradıb, qoşunumun yarısı düzəlib. “Arvadlar şeytanın qoşununun yarısı deməkdir. Və şeytan istədiyi işi onların əliylə gördürür”.
Yuxarıdakı sitatlar da gənc vaizin moizəsindəndir.
Xatırladım ki, bu video 1018-ci və ya 1518-ci ildə çəkilməyib. Bildiyiniz kimi, o vaxtlar belə moizələr yayğın olsa da, videoçəkən aparatlar yox idi, ona görə də qədim və orta əsrlərdə qızıl xırdalayan bu kimi üləmaların moziələrinin videoyazıları əlimizə çatmayıb. Bu, ya cari ildə çəkilib, ya da ötən il lentə alınıb. Təzə “zapisdir”. Amma göründüyü kimi, çox aktualdır.
Bax, bizim kənar dünya ilə, xüsusilə də Avropayla fərqimiz budur. Avropada qadın hüquqları uğrunda mübarizə gündən-günə genişlənirsə, gender bərabərliyi hər gün çiçəklənirsə, bizdə bir sürü kişi bir mağara, zala yığışıb, anti-qadın savaşı aparır, onları “şeytanın qoşununun əsgərləri” adlandırır.
Adam mat qalır: bu fikirləri söyləyən və ağıllı-ağıllı oturub, etiraz-filan etmədən ona qulaq asan adamların evdə anası, bacısı, xanımı, qızı yoxdurmu? Varsa, evə getdikləri zaman onlara “şeytanın əsgəri” kimi baxmayacaqlarmı? İlk fürsətdə onları, yəni şeytanın nökərlərini zərərsizləşdirməyə çalışmayacaqlarmı?
Bəs cənnət anaların ayaqları altındaydı, nə oldu? Yoxsa analar başqa kateqoriyadandır, arvadlar başqa zümrədəndir? Ana da kiminsə arvadı deyilmi?
Bu orta əsrlər qafası ilə hara getmək olar? Belələri öz qızlarını oxutmurlar, 9 yaşından evə qapadırlar, üstəlik, qızlarını oxudanlara da üstdən aşağı baxırlar, sabah öz qadın ailə üzvləri xəstələnəndə isə klinika-kilinika gəzib qadın həkim axtarırlar.
Avropada az qala yüz il bundan qabaq deyilmiş belə bir ifadə var: “Hər uğurlu kişinin arxasında bir fədakar qadın var”. Orada çoxdan sübut olunub ki, bəli, məhz elədir. Biznesdə, incəsənətdə, hər şeydə fenomenal uğurlar qazanan bir çox dahi bu uğurlara görə vaxtilə onlara dəstək verən analarına və ömür-gün yoldaşlarına borclu olduqlarını etiraf ediblər.
Bizdə isə, məhz bu cür cahil vaizlərin üzündən camaat düşünür ki, qız yükü duz yüküdür.
Bunu edən adamlar o qədər cahildir ki, apardıqları qadın düşmənçiliyinin, cinsi diskriminasiya çağırışlarının qanunla yasaq, hətta cinayət tərkibli olduğunu bilmirlər. Bilsələr, şübhəsiz ki, bunu videolentə aldırıb cəmiyyət içərisində yaymazlar.
Nə yaxşı ki, heç də hamı düçüncədə deyil, qız övladlarına yaxşı təhsil verən insanlar möminlər arasında da çoxdur. Onlar qız balalarının əlindən tutaraq dərsə, kursa aparıb-gətirir, anlayırlar ki, övladlarının təhsili hər şeydən vacibdir.
Əlaqədar qurumlar isə bu sayaq orta əsrlər qafası ilə moizə oxuyan cahillərin ağzının üstündən elə vurmalıdır ki, bir də çiyinlərinə əba salıb mikrofon qarşısında sarsaqlamasınlar.