Загрузка...

Sosial şəbəkələrdə dönər və “Cappy” şirəsinin cəmi 1 manata satılmasına dair foto paylaşılıb. Baxmayaraq ki, yalnız həmin içki mağazalarda elə təklif olunan qiymətə satılır. “Cappy”nin topdan satışı isə 80 qəpikdir. Belə olan halda dönərin qiyməti 20 qəpiyə bərabər olur. Bu isə dönərin necə və hansı məhsullardan hazırlanmasını sual altına salır. Belə dönərləri almaq insanların həyatı üçün təhlükə yaradırmı?

Məsələ ilə əlaqədar minval.info Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrənib. O əvvəlcə qeyd edib ki, birlik istehlakçıların ucuz və keyfiyyətli mal almasının tərəfdarıdır. Eyni zamanda çalışırlar ki, dövlətin siyasəti buna yönəlsin.

E.Hüseynov söyləyib ki, bazar iqtisadiyyatında birdən-birə belə anormal qiymətinin olması birliyi düşünməyə vadar edir: “Murdar və ənənəvi olmayan heyvanların ətlərinin ayaq açdığı bir şəraitdəyik. Çox təəssüflər olsun ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti belə məsələləri aşkar edir və 200 manat cərimə kəsir. İqtisadiyyat Nazirliyi buna nəzarət etmir”.

Birliyin sədri bildirib ki, 3 il bundan öncə dönərlərin standartı hazırlanıb: “Dönərləri təmiz ətdən hazırlayan və şəbəkələrə paylayan müəssisə müəyyən olunub. Həmin müəssisədən alınıb-alınmamasını bilmək üçün istehlakçı sertifikat tələb edə bilər. 85 faiz dönərxanalarda həmin sertifikat mövcuddur. Lakin təəssüflər olsun ki, bu obyektlər sözügedən şirkətlə işləmir”.

Eyyub bəy qeyd edib ki, Mal ucuz olsa belə, əgər mənbəyi məlumdursa heç bir problem yoxdur: “İstehlakçının malın bütün sənədlərini tələb etməyə tam hüququ var. İstehlakçılara gigiyenik vəziyyətə baxmalarını məsləhət görürəm. Mal ucuz olsa belə, əgər mənbəyi məlumdursa heç bir problem yoxdur. Ola bilər ki, həmin obyektlər rəqiblərini sıxışdırmaq üçün belə qiymət müəyyən ediblər. Məsələn, icarə haqqı verməyən dönərxanalar bu cür işləyə bilər. Yəni mümkündür ki, 1 manata bərabər dönər gigiyenik və normalara uyğun olsun”.