Hindistanlı Ziona Çananın 39 arvadı, 94 uşağı, 14 gəlini, 33 nəvəsi var. O, Mizoram əyalətinin Naktauiq kəndində 4 mərtəbəli, 100 otaqlı evdə yaşayır.
Onun ailəsinin bütün kişi üzvləri dülgərliklə məşğuldular. 180 nəfərlik ailəsi haqda danışan kişi indiyə qədər hökumətdən maddi yardım almadığını deyib. O, babası tərəfindən yaradılan “Çana” məzhəbinin də lideridir. Bu məzhəbin 4 min üzvü var və bir gün İsa peyğəmbərlə birlikdə dünyanı idarə edəcəklərinə inanırlar.
Ziona babası tərəfindən qurulan məzhəbin mirasçısı olduğunu bildirərək deyib: “İnancımıza görə, istədiyimiz sayda qadınla evlənə bilərik. Atamın da 7 arvadı var idi”.
İlk dəfə 17 yaşında evlənən Ziona, bir dəfə il ərzində 10 qadınla evlənib. Son dəfə bir il əvvəl evlənən Zionanın evində şəxsi bir otağı var ki, gecəni növbə ilə hər gün bir qadını ilə keçirir. Həmin vaxt onun digər arvadları başqa bir yataqxana kimi otaqda birlikdə yatırlar.
180 nəfərlik ailənin günlük yeməyi isə təəccüb doğurur. Bu ailə bir dəfə naharda 30 toyuq, 100 kq düyü, 60 kq kartof yeyir. Ev işlərində liderliyi onun birinci və ən yaşlı arvadı, 69 yaşlı Zazinaqi edir. Bağçada dülgər sexləri ilə yanaşı, ailənin qidalanması üçün heyvan və toyuq ferması var, həmçinin çəltik tarlası və bostan salınıb.
Musavat.com