Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsi məsələsi yenidən müzakirə predmetinə çevrilib. Məsələ burasındadır ki, Qərb KİV-ləri Rusiyanın aşkar strateji üstünlüklərini qabardır.
Modern.az saytının məlumatına görə, İsveçin Müdafiə Tədqiqatları İnstitutu da hesabatında bəyan edib ki, NATO Rusiyanın qəfil hücumu zamanı Baltikyanı ölkələri qoruya bilməyəcək.
Hesabat “Qərbin Hərbi Potensialı: Şimali Avropanın 2017-ci il üzrə analizi” adlanır və İsveçə qonşu regionların hərbi-strateji vəziyyətini nəzərdən keçirir.
“Rusiya Avropada Qərbin təhlükəsizliyinin böyük bir hissəsi üçün təhdiddir. Rusiyanın böyük dövlət maraqlarını, ordusunun yenidən qızğın silahlanmasını, qonşuluqlarında yerləşənlərə qarşı təcavüzkar davnarışlarını nəzərə alaraq belə demək mümkündür”-deyə hesabatda qeyd olunub.
İsveç institutu bildirib ki, Rusiya 100 min nəfərlik qoşunla müxtəlif istiqamətlər üzrə iki hərbi əməliyyat keçirə bilər. Ekspertlərin fikrincə bu təhlükənin mövcudluğu NATO-nun Baltikyanıda Rusiyaya güzəştə getməsinin göstəricisidir.
Buna görə də bildirilir ki, Rusiya Baltikyanıda müəyyən hədəflərə zərbə vurarsa, NATO öz müdafiə resurslarını dərhal səfərbər edə bilməyəcək.
“Bundan sonrakı ilk günlərdə və ya həftələrdə NATO cavab tədbirləri görəcək, lakin bu zamana qədər Qərbin İsveçə yaxın müdafiə potensialı olduqca məhdudlaşdırılmış olacaq”- hesabatda həyəcan təbili çalınıb.
Analitiklər hesab edir ki, NATO cavab olaraq səmaya döyüş təyyarələri qaldıra, dənizə hərbi gəmilərini toplaya bilər, lakin hərbi ittifaqın müharibənin gedişatını dəyişmək üçün quru qoşunları kifayət qədər deyil.
NATO Rusiyanın 100 min əsgərinə qarşı maksimum 25-40 batalyon qoya bilər, bu isə uzağı 25 mindən 40 minə qədər hərbçi deməkdir.
“Buna görə də, indiki üstünlük ehtimal ki, Rusiyanın tərəfindədir”-deyə bildirilib.
NATO 2017-ci ildə Baltikyanının müdafiəsini gücləndirib, bununla belə, hesabatda göstərilib ki, İsveçin NATO üzrə partnyorlarının müdafiə potensialında böyük boşluqlar var.
Tədqiqatda göstərilib ki, NATO güclərinin əsas çatışmazlıqlarından biri də, təlimlərlə bağlıdır.