Загрузка...

Zaman-zaman qalmaqallı fikirlərlə gündəmi qarışdıran deputat Araz Əlizadə bu dəfə mərhum prezident Əbülfəz Elçibəy haqqında mübahisəli ifadələr işlədib. Belə ki, A.Əlizadə Elçibəyin kürd olduğunu iddia edib. Və bunu ona Əkrəm Əylislinin dediyini bildirib.

Moderator.az mərhum prezidentin kürəkəni Aqil Səmədbəylidən A.Əlizadənin bu fikrinə münasibət öyrənib. A.Səmədbəyli isə Əlizadəyə cavab vermək istəmədiyini bildirib:

“Bu canlıya cavab vermək ona çox olar. Onu artıq bütün cəmiyyət tanıyır və verilən qiymət bəllidir: İt hürər, karvan keçər!”

Qeyd edək ki, mərhum prezident haqqında müxtəlif xoşagəlməz fikirlər işlədən A.Əlizadə Elçibəyi həm də Şeyx Nəsrullah adlandırıb: “Bir möcüzə də baş verib ki, Elçibəy dirilib, gəlib tribunaya çıxıb. O, xalqa bilirsiniz nə deyəcək? Ay camaat, bilin və agah olun, XXI əsr türk əsridir, Baykal gölündən başlamış Aralıq dənizinə qədər böyük bir türk dövləti yaranacaq və s. Elçibəyin xalqa deməyə başqa sözü yox idi… 1991-92-ci illərdə, xalqın xam, siyasi cəhalətin tüğyan elədiyi bir vaxtda Elçibəyin ağzından çıxan sözlərə xalq sevinirdi, insanlar bir-biri ilə qucaqlaşırdı, kövrəlirdi. Amma indi camaat oxuyub, gözü açılıb, az-çox maariflənib və görürlər ki, bu sözlər boş-boş şeylərdi, tam xəyaldır və nağıldır. Mirzə Cəlilin “Ölülər” əsərində Şeyx Nəsrullah camaata deyirdi ki, ölünü dirildə bilirəm. Elçibəy də ölmüş türk dünyasını diriltmək haqqında danışan siyasi Şeyx Nəsrullah idi. 90-cı illərin əvvəllərinin cahil camaatı isə onun dediklərinə inanırdı. Ətrafındakı adamlar da bu siyasi Şeyx Nəsrullahdan istifadə edib, xalqın aldadılmasına xidmət edirdilər. Yalan ayaq tutar, yeriməz! Ona görə də cəmi bir ildən sonra Elçibəyin qurduğu hakimiyyət çökdü. Mən həmişə o fikirdə olmuşam ki, Elçibəyin liderliyi Azərbaycanın demokratik hərəkatına böyük bəlalar gətirəcək. Dediyim kimi də oldu”.