Загрузка...

Saakaşvili deyib ki, Ukraynada korrupsiyanın kökünü yalnız Avropa Birliyinin sayəsində kəsmək olar. O əmindir ki, qurum korrupsionerlərlə bağlı yeni “Maqnitski siyahısı” hazırlasa, konkret şəxslərə qarşı sanksiyalar tətbiq eləsə, Ukraynada islahatlar sürətlənər. “Korrupsiyaya bulaşmış oliqarxlarla oyunu dayandırmaq lazımdır, yoxsa insanların Qərbə inamı itir” – eks-prezident söyləyib.

Qərbə, yəni ABŞ-a, Avropa Birliyinə inam… O inam ki, xüsusən də son illər Yaxın Şərqdə və Türkiyə ətrafında gedən dramatik proseslər fonunda, qardaş ölkənin on illərlə Avropa İttifaqının qapısı ağzında saxlanması üzündən də xeyli sarsılıb.

Amma Saakaşvillin məntiqini anlamaq çətin deyil. “İnsan zülmə tabedir”. Öləri bəndə adətən intuitiv olaraq qorxu hissi altında hərəkət edir, planlar qurur. Bu qorxudan doğan təlaş, baş üstdə daim asılı qalan “Domokl qılıncı”, şəxsi təhlükəsizliyə, azad yaşamaq və hərəkət eləmək sərbəstliyinə təhlükə üstəgəl, sənə həbsxana qapısını nişan verirsə, onda bax, oliqarx-məmur papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşəcək.

“Korrupsiya hər yerdə var” deyirlər. Amma onunla mübarizə hər yerdə varmı? Yəni korrupsiyanın miqyası onunla mübarizəyə həmişə tərs mütənasib olaraq qalacaq. Təməl insan haqlarının oturuşmasına əsas əngəllərdən sayılan korrupsiyanın kökünü kəsmək isə bütün zamanlarda aktual olub. Ancaq axırına çıxmaq mümkün deyil deyirlər. Sanki əbədi bir problem. Çünki “insan çiy süd əmib”.

Ancaq korrupsiyanın miqyasını milli təhlükəsizliyi təhdid etməyəcək səviyyəyə endirmək tam mümkündür. Bu isə birbaşa hakim elitaya, iqtidardakı qüvvənin iradəsinə bağlı məsələdir. Öncə hakimiyyət korrupsiyaya müharibə elan etməli, ardınca bu müharibəyə toplum, QHT-lər, şəffaflığı təmin edən digər vətəndaş institutları, media qoşulmalıdır. Əks halda, nəticə sıfırın yanında olacaq.

Bu üzdən AB-nin sanksiyaları, yeni “Maqnitski siyahısı” hələ çıxış yolu sayılmaz. Rusiya oliqarxlarına qarşı belə siyahı çoxdan mövcuddur. Son illər rəsmi Moskvaya yeni-yeni sanksiyalar tətbiq olunub, hətta Putinin ən yaxın ətrafına daxil olan şəxslər “qara siyahıya” – “Kreml hesabatı”na salınıb. Lakin gözlənilən nəticə hələ ki yoxdur.

Nədəni odur ki, Putinin özü ölkədə korrupsiyanın kökünü kəsməkdə maraqlı deyil. Ola bilsin orta perspektivdə sanksiyalar nəticə versin, ancaq o zamana kimi də iş-işdən keçir, “altda qalanın” – xalqın canı çıxır. Ukrayna da istisna deyil. Maddi ehtiyacı olmayan milyarder-prezident Pyotr Poroşenko istəsəydi, 4 ildə korrupsiyanın kökünü kəsə bilməsə də, onun “onurğa sütununu” qırardı. Saakaşvilinin özü Gürcüstanda total korrupsiyanı necə minimuma endirdi, hamı bilir.

Qərəz, “Yüz mamaça olsa da, güc doğana düşdüyü” kimi, bu məsələdə də əsas yük 1-ci şəxsin üzərindədir. Bütün tələb-suallar, hətta məhdudiyyətlər onun ətrafı ilə yanaşı, özünə də ünvanlansa, daha səmərəli olar. Sözsüz ki, fəal toplum faktoru da öz yerində. Yəni sinxronluq. O mənada ki, heç bir xalqa kənardan demokratiya, şəffaf idarəçilik sistemi sırımaq, “sən o cür yox, bu cür yaşamalısan” fəlsəfəsini aşılamaq caiz deyil. Bu, su çıxmayan quyuya yuxarıdan su tökmək kimi səmərəsiz işdir.

Qərb, onun əsas dövləti ABŞ Əfqanıstana, Liviyaya, Tunisə, Misirə zorla demokratiya gətirdimi? Suriyaya necə, gətirə bilirmi? Xeyr. Əksinə, az qala, regiondakı ən böyük müttəfiqi və strateji tərəfdaşı Türkiyəni itirmək üzrədir. Birinci səbəb budur ki, “Şərq incə məsələdir”. İkinci səbəb – Qərbin, Amerikanın əsas hədəf-niyyəti ilə bağlıdır. Niyyət də bəlli: təməl insan haqlarını bərqərar eləməkdən qat-qat çox, demokratiya pərdəsi altında bölgədə geosiyasi maraqları, böyük enerji qaynaqlarına nəzarəti bərqərar eləmək. Bunun özü də əslində korrupsiyanın bir forması, təzahürüdür.

Paradoks da ondadır ki, ABŞ, Avropa “Şərqdə, Rusiyada, Ukraynada korrupsiya var” deyır. Amma özləri ərəb ölkələrində, İraqda, Suriyada geosiyasi korrupsiyanın içindədirlər. Bir çox diktatura rejimləri, hətta terror qrupları ilə müttəfiqdirlər – deyilən səbəbə. Bir terrorçu təşkilatla (İSİD) mübarizə aparmaq üçün başqa terrorçu hörgütlə (PKK/PYD/YPG) ittifaq qurmağın ayrı hansı adı ola bilər ki…

Sözümüzün canı odur ki, kimisə ittiham etməkdən öncə, yaxud ədalətli, qərəzsiz vasitəçiliyə iddia eləmək üçün əvvəlcə gərək özün ittiham obyekti olmayasan. Saakaşvili demiş, korrupsionerlə oyun oynamayasan, öz gözündəki tiri görməyi və götürməyi bacarasan.