“İşə bax ey, sən canın, Putin 2000-ci ildə hakimiyyətə gələndə mən yaşda olub”. Bunu dünən səhər mənə 46 yaşa təzəcə adlamış Azər Ayxan təəccüblənmiş şəkildə dedi. Yəni gör adamı necə gənc yaşda prezident təyin ediblər. Azərlə aramızda yaş zarafatı olduğuna görə dedim, heç kim sənə 46 yaş verməz, ən çoxu 45 yaş verər.
Zarafat öz yerində, təxminən 10 il əvvəl Dmitri Medvedyev Rusiya Federasiyasının baş naziri Vladimir Putinin yanında prezident işinə düzələndə özüm də fərq etmişdim ki, mənimlə həmyaşıd olan adam artıq prezidentdir, mən isə hələ “mışdır”, “muşdur” düzəldirəm. Hətta onu da dəqiqləşdirmişdim ki, biz o vaxt xalq hərəkatına qoşulub pisdən-yaxşıdan siyasətə qarışanda, sovet imperiyasını çökdürmək istəyəndə Dima tələbəymiş və siyasətə qarışmırmış, sakitcə dərslərini oxuyurmuş.
Amma siz inkişafa baxın, adam gəldi həmin o imperiyanın rəhbəri oldu, biz isə, bildiyiniz kimi, heç MİS rəisi də ola bilmədik, üstəlik, o neoimperiya hələ də bizdən əl çəkmir.
Əksinə olmalıydı. Adətən sürətli inkişaf balaca ölkələrdə baş verir, böyük ölkələrdə yuxarı pullələrə dırmaşmaq illər aparır.
Ona qalsa, 1992-ci ildə bizim ölkəmizdə də 28-35 yaşlı gənclər hakimiyyətə gələndə və parlament sədri, baş nazir, dövlət katibi kimi yüksək vəzifələr tutanda ətraf ölkələrdə camaat mat qalmışdı, deyirdilər, inkişafa bax, gənclərdə potensiala bax.
Amma sonradan bizdə daha elə səhv buraxılmadı, gənclərin hakimiyyətə, dövlət postlarına yolu bağlandı. İndinin özündə dövlətimizi 70-80 yaşlı təcrübəli yoldaşlar idarə edir. Xalq da razıdır. Xüsusilə də rayon yerlərində camaat bu fikirdədir ki, cavan adamlar dövlət idarə edə bilməzlər. Çünki onlar Sov.İKP MK-nın Siyasi Bürosunun ahıl rəhbərlərini görmüş adamlardır, elə bilirlər, rəhbər şəxslər mütləq yaşlı və “solidni” adamlar olmalıdır.
O vaxt gənc Saakaşvili Gürcüstanda hakimiyyətə gələndə bir xeyli 30 yaşlı gənc tapmışdı, hərəsinə də bir nazir vəzifəsi vermişdi. Bir-iki ildən sonra artıq yaşlandıqları üçün Saakaşvili onları vəzifədən götürdü, yerinə yenə 30 yaşlı gəncləri (aralarında xanımlar da vardı) təyin etdi. Adam qafaya qoymuşdu, imkan vermirdi ki, iqtidar komandasının orta yaşı yuxarı qalxsın. O dövrdə hətta “Milan”ın futbolçularının orta yaşı Gürcüstanın nazirlər komandasının orta yaşından çox idi.
İndi hanı o gənc komanda? Kim bilir, hardadırlar. 50 yaşlı Mixail Saakaşvilinin özü isə hələ indi-indi dövlət idarə edən bir yaşa gəlib çıxıb, amma adamı necə cəlayi-vətən ediblərsə, səsi gündə bir ölkədən gəlir.
Bu baxımdan, əlbəttə ki, Putinin gənc yaşda hakimiyyətə gəlməsi o qədər də təəccüblü sayılmamalıdır. O vaxt prezident Boris Yeltsin onun əvəzinə başqa bir rusu – məsələn, İvanovu baş nazir təyin etsəydi və hakimiyyəti ona verib getsəydi, güman ki, indi hamı dünyada “İvanov-İvanov” deyirdi.
Yəni 2000-ci ildə hakimiyyətə gəlməsi Putinin şəxsi fərasəti və qabiliyyəti, eləcə də xarizması-prizması hesabına olmamışdı, hər şeyi “dyadya Borya” həll etmişdi.
Elə baş nazir Medvedyev də Putinin hesabına həm prezident, həm də baş nazir olub. Adamın vikipediyasına baxırsan ki, belə qeydlər var: “sələfi Vladimir Putin”, “xələfi Vladimir Putin”, baş naziri Vladimir Putin”, “prezidenti Vladimir Putin”… Bəli, Medvedyevin avtobioqrafiyasının əsas sətirləri Putinlə başlayır, Putinlə bitir.
Bəxti gətirmək, şanslı olmaq belə şeydir.
Hazırda dünyada bizimlə yaşıd, hətta bizdən gənc prezidentlər, baş nazirlər çoxdur. Məsələn, biz mövcud iqtidar komandasının üzvlərinin çamadan əhval-ruhiyyəsində olduqlarını, qaçmağa hazırlaşdıqlarını yazanda Fransanın indiki prezidenti Emmanuel Makron hələ üzünü qırxmırdı, çamadanını maması qablaşdırırdı, amma adam indi o boyda ölkənin prezidentidir, biz isə hələ də Artur Rasi-zadənin parlamentdə təqdim etdiyi büdcə layihəsindən danışırıq.
Bizim ölkə belədir, sən burda hər saat uğurlu karyera qura bilməzsən. Buralarda rəqabət böyükdür, burda adama nəinki uğurlu karyera qurmağa, karlı adamın olmasa, “karyer”də KamAZ-a daş atmağa da imkan verməzlər.