Загрузка...

Bir nəfər qardaş çıxıb, peşəsinin dəqiq adını bilmirəm, nəsə yeni icadlardandır. Stilistdir, qrimyordur, jonqlyordur, nədirsə, belə bir şeydir. Uzun sözün qısası, bu qardaş kimə əlini vurursa, adamın sifəti 180 dərəcə dəyişirmiş. Haçan xəbər lentini açırsan, görürsən, başlıq gedibdir: “O, bu dəfə Filankəsi dəyişdirdi”. Çirkini gözələ, gözəli pəriyə, şeytanı mələyə döndərirmiş. (Axırıncı işlə bir ara Hacıbala müəllim də məşğul olurdu, sonra Bakıya qar yağanda sürüşüb yıxıldı, tilsimli qüvvəsini qeyb elədi).

Hətta, deyir, meymunu ver bunun əlinə, yarım saata adam düzəltsin. Məncə ona nəsə dövlət vəzifəsi verməliyik. Əsl kadrdır. Onun fəaliyyətinə böyük ehtiyac vardır. Hökumətin dekorasiya və dinc quruculuq, islahatlar və yeniliklər sahəsində gördüyü işləri bu qardaş adamların sifətində görür. Necə də əladır. Hərə bir daşı daş üstünə qoysa, hərə bir divarı boyasa ölkəmizdə problem qalmayacaqdır. Gül gülü, bülbül Toliki çağıracaqdır – prodüserlik məqsədiylə. Şairin bu məqsədlə yaxşı misraları vardır:

“Sən şöləsən, dörd yanında fanaram,

Bülbülünəm, gülşənindən kənaram.

Od tutuban hər məclisdə yanaram,

Dərdim qanan ya bir olar, ya iki”.

İsveçdə isə elə bu ərəfədə bir dilənçinin cibindən hardasa yarım milyon dollarlıq pul çıxıbdır. Bəlkə araşdırsan o da bizim həmyerlimiz olacaqdır, haçansa buradan siyasi mühacirət edibdir. Çünki milyonlara malik dilənçi bizdə adi haldır. Hamımız neft yataqları üstündə oturmuşuq, durbalarımız, türkün məsəli, ordan ora uzanır, ancaq dilənçi kimi yaşayırıq.

Elə bilməyin burada mən hökumətdə günah görürəm. Qətiyyən. Allahşükür müəllim demişkən, narazıçılıq eləsək, Allahın da xoşuna gəlməz, başımıza fil boyda daşlar yağar, torpağımız sürüşər, nə bilim, toya yazdırmağa pul tapmarıq. Sadəcə, bizim millət nəsə qədirbilən deyildir. Misal üçün, son illərdə hökumət jurnalistlərə o cür münbit şərait qayırıbdır, ancaq jurnalistlər bivəfalıq edib qəfildən yıxılıb ölürlər. Jurnalistika dirilir, jurnalistlər isə ölür. Niyə, a balam? Nədir bunun sirri? Şəxsən mən özüm bir aya yaxındır kəskin respirator soyuqdəymə xəstəliyindən (elmi yazdım ki, fərqli olsun; ta hamı kimi biz də qripdən öləsi deyilik ki) ölmək üzrəyəm. Yalnız hakimiyyətə xələl gəlməsin, seçkilər öncəsi xarici qara düşmənlərimiz istifadə eləməsin deyə dirəşmişəm, ölmürəm. Belə olmaz axı. Sən öl, mən ölüm, o ölsün, bəs qəzeti kim yazsın? Bəs uğurlarımızı kim dünya arenalarına çıxardacaqdır?

Dünya arenalarında bu aralar çox biabırçılıqlar hökm sürməkdədir. İsraildə prokurorluq baş nazir Binyamin müəllimə qarşı cinayət işi başladıbdır, deyir, biznesmenlərdən siqaret, şampanski, paltar-maltar hədiyyəsi alıbdır. Ümumilikdə baş naziri 1 milyon şekel – bizim pulla hardasa 470 min manatlıq hədiyyəni qanunsuz almaqda suçlayırlar. Gör nə qədər xırdaçı dövlətdir. Sən şərait yarat, qoy dövlət məmuru özü şampan, siqaret-zad buraxsın. Niyə o yazığı dilənçiliyə vadar edirsiniz? Belə etsəniz sabah heç kim dövlət qulluğunda çalışmaq da istəməyəcəkdir.

Braziliyada, əlim qırılsın yazdığım yerdə, hətta keçmiş prezidentə cinayət işi açıblar. Niderlandda xarici işlər naziri istefa verməyə məcbur oldu, nədi-nədi yüngülvari yalan-palan qırıldadıbdır. Hardasa 10 il qabaq deyib ki, bir dəfə məclisdə Putinlə oturmuşduq, Putin filan şeyi dedi, “bəyə dedim, a bəy” və sairə. Ancaq sonradan məlum oldu Putinlə görüşə bunu çağırmayıblarmış. Nə olsun? Buna görə naziri divara qısnayıb istefaya göndərərlər? Xarici işlər naziri elə yalan danışar da. Özü də dayanmadan. On illərlə. Camaat da buna uğurlu xarici siyasət deyər. Deməlidir. Hələ yaxşı olar heç camaat qanmasın nazir nə danışır. Belə daha əsrarlı, maraqlı, erotik olurmuş.

Erotik demişkən, əlbəttə, kişinin kişi ilə evlənməyinə icazə verilən qeyrətsiz ərazilərdə nazirin istefası təbiidir. Gəlin yazını elə şairin misraları ilə bitirək, belə axmaq ərazilərə çox aludə olmayaq:

“İsmi Pünhan, niyə məndən küsübsən,

Yaxşı-yaman ya bir olar, ya iki.

Bir gün ölsəm, hamı deyər, yazıqdır,

Canı yanan ya bir olar, ya iki”.