(14 fevral münasibətilə sevgililərə ithaf olunur)
Bizdə İqtisadiyyat Nazirliyi adlı qurum varmış. Səmimi sözümdür, tam yadımdan çıxmışdı. Fikirləşirdim yəqin struktur islahatlarımızın hansısa tektonik silkələnmələri zamanı bu da dəryanın dibinə gedibdir. Misal üçün, Rabitə Nazirliyindən Yüksək Texnologiyalar qopanda. Milli Təhlükəsizlik Nazirliyi cəhənnəmə vasil olanda. Vergilərlə təhsil, nəqliyyatla kənd təsərrüfatı, nə bilim, mədəniyyətlə dəmir yolu idarəsi birləşdiriləndə. Ancaq o varmış. Hələ də yaşayırmış. Nə olsun iqtisadiyyat yoxdur? Əsas odur idarəsi qalır. Ermənistanda dənizçilik nazirliyinin yaradılması haqda lətifədəki kimi.
Nazirliyin həyat sürməsini isə bir tədbirdən xəbərdə görmüşdüm. Orda yazılmışdı ki, iqtisadiyyat nazirinin müavini Filankəs xanım respublikamızda işsizliklə mübarizədən danışaraq böylə söyləmişdir: “2000-ci ilə qədər Azərbaycanda əhalinin yarısı işsiz idi. Biz hazırda bu göstəricini 10 dəfə azaltmışıq”. Necə deyərlər, sitatın sonu.
AXC-Müsavat cütlüyü hakimiyyətdə olan yüzillikdə satirik “Çeşmə” qəzeti bu “yarı” məsələsiylə bağlı lətifə çap eləmişdi. “Keçən nömrəmizdə Nazirlər Kabinetinin yarısının rüşvətxor olduğunu yazmışdıq. Baş nazir Pənah Hüseyn buna etirazını bildirmişdir. Biz də qəzet olaraq təkzib edirik: Nazirlər Kabinetinin yarısı rüşvətxor deyil”.
İndi adam fikirləşir ki, görəsən, son 18 ildə iş tapan o yarım camaat haradadır? Kimlərdir, nə yeyib-içirlər? Hələ “2000-ci ildən əvvəl” kimi siyasi təxribatı heç müzakirə eləmək istəmirəm. Əhalinin işsiz yarısı 10 dəfə azalsa, bu neçə nəfər edə bilər? Bir ara Statistika Komitəsinin “dedığımız dedıxdır” tipli stabil rəqəmi var idi, hər il Azərbaycanda işsizlərin sayı 50-55 min arası göstərilirdi. Bundan nə bir nəfər çox olurdu, nə bir nəfər az. Düzü, dəqiq bilmirəm, o rəqəm hələ də qalırmı, yoxsa idarənin müdiri öləndə özü ilə apardımı. Hər halda, yeniliklər də lazımdır. Yarısı, 10 dəfə – bax, bu cür. Bitkoin, blokçeyn-zad əsrində yaşayırıq. Novator olmalıyıq.
Hərçənd əsas kassirimiz Elman müəllim deyir bitkoinə etibar etməyin. Məsləhət görür bütün dünya manat alıb toplasın. Yaxşı məsləhətdir. Keçənlərdə azı 2 dəfə bu məsləhətdən güclü formada yarımışıq. İşsizlərin on dəfə azaldılmasında belənçik iqtisadi məsləhət və proqnozların da önəmli rolu olmuşdur. İKEA-nın qurucusu Kamprad niyə öldü? Çünki milyardlarını manata çevirməyə çatdırmamışdı. İlon Mask öz avtomobilinə Azərbaycan benzini vura bilmədiyi üçün kosmosa fırlatdı. Deyib, əgər mən “Azpetrol”dan yanacaq doldura bilmirəmsə, ta bunu niyə sürürəm? Ondansa çırparam asteroidə.
Yoxsulların azaldılması, işsizlərin ləğvi, regionların inkişafı, kosmosun şırımlanması kimi dövlət proqramlarımızın uğurları sevindiricidir. Molla Nəsrəddinin lətifəsində deyilən kimi, hələ belə icadlarımız çoxdur. Elə Mollanın adına çıxılan əhvalatların birində də bizim iqtisadi inkişaf modelindən bəhs olunur:
“Bir gün Molla Nəsrəddin evə gəlir, arvada deyir plov bişir. Arvad deyir, rəhmətliyin oğlu, nə düyümüz var, nə yağımız, plovu nə ilə bişirim? Molla oturub başlayır səsli xəyal eləməyə: ”Bir kilo düyümüz olsaydı, iki kilo da yağımız, ləzzətli plov bişirərdik”. Arvad deyir, a kişi, elə bil yağı çox oldu axı. Molla deyir dayan görək, xəyalplovdur onsuz da, barı qoy yağı çox olsun”.
İndi mən də bu güclü iqtisadiyyat şəraitində oturub nəyin dərdini çəkirəm… Nazirlik varmı, yoxmu… Soruşan gərək, sənə nazirlik lazımdırmı? Ümumiyyətlə, haçana qədər uğurlarımızı görməyəcək, həyatda ancaq ağ və qara rənglərin olmadığını anlayacaqsan? (Müəllif bu yerdə hirslənib eynəyini sındırıb, gözünə soxub köşə yazarı xarakirisi edir – red.)