Bayılda sürüşmə zonasında yaşayan insanlar evsiz qalıblar.
Orada yaşayan insanlar məcburi olaraq təxliyə edilib. Boş qalan evlərə isə qonşular növbə ilə nəzarət edirlər ki, oğrular sahibsiz evlərə girməsinlər.
Hadisə yerində olan BAKU.WS-in əməkdaşı təbii fəlakətdən sonra evi dağılan ev sahibi İlham Sultanovla danışıb. Qış aylarında evsiz qalan İ.Sultanov deyir ki, 1994-cü ildən orada ailəsi ilə yaşayırdı: “Təbii fəlakətin nəticəsində evim dağılıb. Evdə heç kim olmayıb. Dövlət yəqin ki tədbir görər. Evdə bahalı əşyalar var idi. Hələ divanın 200 manatlıq kreditini ödəməmişəm. Ev dağılanda ancaq əynimdəki paltarı götürmüşəm. 15 min manatlıq evin içində əşyalar var idi. Hazırda 163 nömrəli məktəbdə yaşayıram”.
Sürüşmə zonasında yaşayan sakinlərin çoxu 163 saylı məktəbdə gecələyir. Yerdə qalanları isə qohumlarının evlərinə sığınıblar. Sakinlər söyləyirlər ki, bu cür yaşamaq onlar üçün çox çətindir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə iş aparan mütəxəssisləri bildirirlər ki, Teleqüllə yaxınlığında 20-30 metrlik böyük yarğanlar yaranıb. Qeyd olunub ki, ərazidə topoqrafik işlər aparılır və sürüşmə yerinə mayak qoymaq, başqa işlər görmək mümkünsüzdür. Təhlükə getdikcə ciddiləşir.