Bildiyiniz kimi, bu gün fevralın 14-dür və müqəddəs Valentin günüdür.
Bu günün nə günü olduğunu da bilirsiniz, xatırlatmağa ehtiyac yoxdur. Azı 20 ildir ki, qədirbilən xalqımız bu günü başqa günlərdən daha isti şəkildə qeyd edir. Anlaşılandır, hərənin özünə görə sevgilisi var və bu günlərdə sevgili yarı təbrik etmək labüddür, vacibdir.
Kənd yerində bilmirəm, şəhər yerində 14 fevral günü həyat yoldaşlarını, nişanlılarını təbrik edənlər çox olur.
Bu günün sırf xristian dünyası üçün əlamətdar olduğunu qeyd etməyə də ehtiyac yoxdur. O tarixdə qalıb. Bəlkə də keşiş Valentinin gerçəkdən düz-əməlli biri olmayıb, öz dövrünün LGBT fəalı olub, bilmirəm. Bu, əslində artıq maraqlı da deyil. Əsas odur ki, adam öz canı bahasına bəşəriyyətə, sevən cütlüklərə belə bir əziz gün, eləcə də biznes dünyasına misilsiz bazar bəxş edib.
Əsas məsələ hazırda budur. Bütün dinlər yığışıb 14 fevralı haram buyursalar da, parfümerlər, çiçəkçilər, qızıl-zinət əşyaları istehsal edənlər, 14 fevral aksessuarı, suveniri qayıranlar da toplaşıb onları qanundankənar elan edərlər.
Başqa sözlə, bu “Sevgililər günü” trendi o qədər inkişaf edib, yoğunlayıb ki, artıq ona nəinki İŞİD və bu tipli radikal terror təşkilatlarının heç Roma papasının da gücü çatmaz. Ona görə də hər il bu günlərdə başlayan “14 fevralın qeyd olunması dini baxımdan düzgün deyil”deyə qanımızı qaraltmayaq
Əksinə, 14 fevralla bağlı məzəli əhvalatları tirajlamaq lazımdır ki, qoy camaatın ürəyi açılsın.
Məndə o cür əhvalatlardan bir neçəsi var.
3-4 il öncədir, 14 fevral günü yolunu “Nərimanov” metro stansiyasının yanındakı parfüm dükanlarının birindən salmışam ki, həyat yoldaşıma hədiyyə alım. Dükana girdim ki, millət var. Heç demə, ölkə sevən cütlüklərlə doludur, heç elə bil başqa vaxt it-pişik kimi bir-birini qıran bunlar deyil.
Bir ətir markası seçdim, kassaya yaxınlaşdım. Növbə vardı. Səbrlə gözlədim. Amma fikir verdim ki, məndən öncəki 35-37 yaşlı cantaraq bir bəy, nəsə çox ləngiyir. Adam 3 dənə çox bahalı ətir seçmişdi, dükanda çalışan qızlardan xahiş edirdi ki, üçünü da ayrı-ayrı büksünlər. Satıcı qız xəfifcə qımışa-qımışa bükürdü. Durumun spesifikliyi mənə birdən çatdı. Ey dadi-bidad, 8 Mart deyil axı. Martın 8-i olsa deyərsən, o, bu ətirlərin birini anasına, birini bacısına, birini xanımına, lap birini də qızına alır. 14 fevral sevgililər günüdürsə, deməli, hədiyyə də bir dənə olmalıdır.
Belə anlaşılırdı ki, əmoğlu dinc adam deyil. Onun hədiyyə aldığı sevgililərdən birini hipotetik olaraq öz nikahlı həyat yoldaşı olduğunu hesaba alsaq, bəs digər ikisi kim idi?
Xüləs, cantaraq kişi ətirləri bükdürdü, hesabı ödədi, hədiyyə paketlərini götürdü, durumu seyr edən adamların maraqlı baxışlarının müşayiəti ilə dükandan çıxdı, cipinə oturub getdi.
Növbə mənə çatanda satıcı qız nəzakətlə soruşdu ki, müəllim, sizdə neçə hədiyyə olacaq. Belə çıxırdı ki, hədiyyələri cüt-cüt alanlar bundan əvvəl də olub. Ta heç nə demədim, seçdiyim hədiyyəni göstərdim və ehmalca ətrafa baxdım ki, görüm, tanış-biliş varmı, görərlər, adıma söz çıxar.
14 fevralla bağlı daha bir məzəli əhvalat isə uzaq qohumumun əsgərlikdə olan oğlunun həmin gün 25 ilin dulu olan nənəsinə zəng vurub, “nənə, sevgililər günün mübarəkdir” deyə onu təbrik etməsidir. Dayısı telefonu alıb, “əə, kopolu, 8 Martı gözləyə bilməzdinmi, nə sevgililər günü” desə də, xeyri olmayıb, arvad deyib, al bu 30 manatı, göndər uşağa.
Budur, hazırda ölkədə yeni bir yasaq sevgi söhbəti gedir. Hadisə məktəbdə olub deyə millət müzakirə edir. Hadisədə bir R.C. inisialı keçir. Necə də simvolikdir. 4-5 yüz il öncənin R.C.-si də (Romeo və Cülyetta) elə bu yaşlarda aşiq olmamışdımı?
Ümumiyyətlə, o yaş elə yaşdır ki, yeniyetmələr bir-birini sevəcək. Videonu görən dostlar deyir ki, ortada heç bir zorlama, sui-istifadə halı yoxdur, uşaqlar çox mehribandırlar, sadəcə, vaxtından qabaq yetişiblər. Buna tibbdə akselarasiya deyilir və bir qədər anormal hal olsa da, faciəvi durum deyil.
Şair əbəs yerə deməyib, dünya köhnə dünyadır, sevənləri təzədir… Bir də belə şeyləri videoya çəkmək, nəsə, təzə şeydir.