Dünyanın istənilən yerində bir təbii, texnogen fəlakət olanda ilk növbədə gözümüz qurbanlar sırasında doğmalarımızı – azərbaycanlıları axtarır. Ən pisi odur ki, adətən tapırıq. Srağagün Moskva-Orsk marşrutunda qəzaya uğrayan təyyarədə də belə oldu. Yevlaxlı qardaşımız qarlı rus çölü üzərində həlak oldu.
Deyirlər, onun Orsk şəhərində nəsə tikiş sexi varmış. Kiçik biznesmen saymaq olarmış. Bəs görəsən, o, bu biznesi doğma Yevlaxda qura bilməzdimi? Maraqlansan, mərhumu çöllərə salmış xeyli səbəb taparsan. Onu bezdirmiş neçə iribuynuzlu və xırdabuynuzlu məmurun adı çıxar. Ancaq mənası nədir? Guya indiyə qədər tapdığımız səbəblərdən hansı nəticə çıxartmışıq? Guya ümumiyyətlə səbəb-nəticə əlaqəsinin bizimki kimi ərazilərdə nəsə önəmi varmı? Burada kiməsə “Qarşıda uçurum var, getmə” desən, sənə “Guya başqaları gəlsə uçurum olmayacaq?” cavabını verər, qalarsan çaş-baş.
Yaxınlarda Sakit okeanda bir rus balıqçı gəmisi yoxa çıxdı. Orda da heyət üzvlərindən neçəsisə azərbaycanlı idi. Heç adlarını dəqiqləşdirməyə, kim olduqlarını öyrənməyə həvəs göstərən də tapılmadı. (“Onlar da bizimlə maraqlanmazdılar” – bizim hazırkı cəngəllik “məntiqimiz” bu cürdür. Neyləyə bilərsən. İşlək məntiqdir. Cavabı yoxdur. Rus məsəlində deyilən kimi: “Protiv loma, net priyoma”. Tərcüməsi “lingə qarşı üsul yoxdur” deməkdir. İroniya şeytanı isə qulağıma pıçıldayır: “Siz də bu lingə söykənib dünyanı tərpədə bilərsiniz”).
Dünən Kamçatkada qanunsuz miqrantları rus polisi tutub cərimələmişdi. Onlardan 9-u özbək, 7-si azərbaycanlı olub. Azərbaycanlılar orda yaşayan qohumlarının yanına gediblərmiş. 300 minə yaxın kamçatkalının azı 3 min nəfəri azərbaycanlıdır. Bakıdan Kamçatkaya məsafə 7500 kilometrdən çoxdur. Ümumiyyətlə Kamçatka hətta Rusiyanın özü üçün də əlçatmaz ucqarlardan biri sayılır. Bəs bizimkilər ora nə üçün gediblər? Bəlkə yarımadanın qeyri-adi təbiətində, vulkan və qeyzerlərinə baxmaq üçün? Bəlkə biz sakitlik axtarırıq? Əlbəttə, yox. Bizi ora çörək aparıb. Bir tikə əppək. O çörək ki, öz vətənimizdə daşdan da çıxartmağa imkan vermirlər. Gəncəli bir şair hələ sovet dövründə yanıqlı-yanıqlı yazmışdı: “Maqadana aparıram, satmaq üçün sarımsağı, Dolanmağa qoymur məni, öz yurdumun qurumsağı”. Maqadan da elə o tərəflərdə bir yerdə olmalıdır. Millətçi şair Xəlil Rzanın rus toponimləri ilə bağlı yarızarafat-yarıciddi bir nəzəriyyəsi var idi. Yenidənqurma, Meydan hərəkatı dönəmlərində çox populyarlaşmışdı. Deyirdi, məsələn, Kamçatka – gəmi çatlayan yer deməkdir. Qədimdə türk tayfaları gəmidə ora çatıblar, taxta gəmi buzların arasında çatlayıb, beləcə ad qalıb. Bəlkə indi biz ironik olaraq qədim yurdumuzun bərpasına çalışırıq?
Eyni elmi nəticədən çıxarış etsək, Bayıl yamacının çatlayan hissəsi hardasa Kamçatka ilə doğmalıq təşkil etməkdədir. Gəlin biz ora da Bayçatka adı verək. Yüz illər sonra isə yevlaxlılar Orsk və Kamçatka əvəzinə elə Bayçatka yamacında villalar ucaldan yadellilərin qapısında kölə işləməyə getsinlər. Bunların hamısı yuxarıda qurdaladığımız səbəb-nəticə əlaqələrindən bir hissədir. Aristotel AMEA Fəlsəfə İnstitutumuzun laborantı olsaydı, çoxdan bu səbəbləri düzüb qoşardı. Kitabını yazıb icra başçılarına satardı.
Sözgəlişi, elə bir xeyli millət də bu dəqiqə fikirləşir ki, görəsən növbədənkənar seçkilərin səbəbi nədir. Axı hökumət qərarı verəndə səbəbini göstərməyibdir. O üzdən hərənin gümanı bir yerə gedir. Halbuki, seçkilərin qabağa çəkilməsi çox sadə səbəbdən – elə Bayıl yamacındakı sürüşmənin aktivləşməsindən ola bilərdi.
İndi söz əlaqədar təşkilatlarındır – bilet alın, mən də Kamçatkaya gedim.