Загрузка...

“Hindistanda inəyə sitayiş etmirlər”

Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan zəngin tarixi-mədəni irsə malikdir.

Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və İran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərib.

Elə bugünkü müsahibimizlə də Hindistan haqqında danışmışıq. Əminəm ki, budəfəki müsahibim sizin Hindistanla bağlı bütün düşüncələrinizi dəyişəcək.

Uşaqlığından bəri Hindistana böyük sevgisi olan 46 yaşlı Səməndər Kərimov hind  fəlsəfəsinin vurğunudur. Elə  onu 1993-cü ildən bu yana Azərbaycandan Hindistana  aparan da məhz bu olub. Gəlin Səməndər Kərimovu yaxından tanıyaq.

Minval.info Hindistan vurğunu Səməndər Kərimovun müsahibəsini təqdim edir.

– Hindistana ilk dəfə nə məqsədlə getmişdiniz?

– Mən ilk dəfə 1993-cü ildə şəxsi, fəlsəfi  və ruhi maraqlarıma görə Hindistana getmişdim.  Bir müddət qalıb qayıtdıqdan sonra 2006-cı ildə yenidən  fəlsəfi, ruhi maraqlar məni  Hindistana apardı. Belə demək olarsa, sadəcə Bakıdan bezdim.

Özüm Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişəm.  Uzun müddət Bakıda aranjıançı kimi də çalışmışam. Hətta  2004-2005-ci illərdə  Tünzalə xanım  Ağayeva ilə  əməkdaşlığım olub.   Onun məşhur bir mahnısı var, bəlkə eşitmisiniz,  “Bir də baxım” mahnısı, onun aranjımanını mən etmişdim. Bundan əlavə,  bəzi sənətçilərlə də əməkdaşlığım olub.  Həmçinin  özümün bəstələdiyim şəxsi  mahnılarım da var.

Hazırda isə tamam fərqli işlə məşğulam. Hindistandan Ukraynaya, Rusiyaya mərmər-qranit satmaq işi ilə məşğulam. Lakin yenə də musiqi, incəsənət mənim ayrılmaz hissəm olaraq qalır. Müəyyən musiqi alətlərim var ki, hara gedirəmsə, özümlə aparıram.

– Necə oldu ki, digər ölkələr yox, məhz Hindistana maraq göstərdiniz?

– Hindistana çox bağlıyam, çünki orada çox böyük elm ustadları, dahi insanlar var.  Mütləq həqiqət, yoqa elmi, özünü dərk etmək  elmi barədə çox gözəl fikirlər var. Ümumiyyətlə, hind fəlsəfəsindən dünya qidalanır. Sıfırı onlar çıxarıblar, şahmat onlarda yaranıb.  Hindistana məni çəkən əsasən belə maraqlar oldu.  Artıq 30 ilə yaxındır ki, məndə bu maraq var.  Hələ o vaxt mən kollecdə oxuyurdum,  onda  16 yaşım var idi.  Bir dostum mənə yoqa haqqında danışdı.  Məndə də o vaxtdan maraq oyandı.  Bir ildən sonra əlimə  yoqa ilə bağlı  kitab düşdü  “Bhagat gita”.  O kitabı oxuduqdan  sonra məndə yoqaya, Hindistana maraq yarandı.  Başladım, hind fəlsəfəsi, yoqa, hind tarixi ilə  daha da dərindən maraqlanmağa.

–  Hind fəlsəfəsində sizi  ən çox çəkən nə oldu?

– Hind fəlsəfəsinin ən maraqlı məqamlarından biri Ruhdur. Bütün fəlsəfə bunun üstündə qurulub.   Adətən biz deyirik ki, biz cisimik, bizim ruhumuz var. Hind fəlsəfəsi  isə deyir ki, biz ruhuq və bizim bədənimiz var.  Biz əbədiyiksə,  deməli,  bizim əbədi dünyamız var. Ruh əbədidir, o bir bədəndən digər bədənə keçir.  İkinci maraqlı məqam  isə karmadır. Hind fəlsəfəsində bu, “səbəb-nəticə” əlaqəsi ilə bağlıdır. Hər bir insan bir karma ilə doğulur. Hər bir təsir əks təsirə malikdir. Biz nə əkiriksə, onu da biçəcəyik.  Karma fəlsəfəsinə görə, insan keçmişində nə edibsə, gələcəkdə də o,  qarşısına  çıxacaq. Yaxşıdırsa, yaxşı, pisdirsə, pis…  Dolayısı ilə insanın  bügünkü vəziyyəti onun keçmişinin nəticəsidir.

Ümumiyyətlə, mən  hind fəlsəfəsi ilə maraqlandıqdan sonra başa düşdüm  ki, fərqli din yoxdur.  Bir həqiqi elm var.  Həmən o həqiqi elm fərqli formalarda insanlara çatdırılır. İnsanlar da onlara “mənim dinim”, “sənin dinin” deyə  fərqli adlar verirlər.  Amma bütün bu  şeylər hamısı  insanların cahilliyindən qaynaqlanır. Allah tərəfindən yerə fərqli dinlər göndərilmir.  Bir elm var, bir din var.  Bütün peyğəmbərlər də  hamısı həmin bir dindən danışırlar. Lakin  hərəsi  fərqli dillərdə, fərqli şəriətlər çərçivəsində…  İnsanların mədəniyyətləri  nəzərə alınaraq fərqli şəriət qanunları  yaradılır. Amma həqiqət birdir.  Bütün müqəddəs kitablar hamısı bir şeyi deyir.  Fərqlilik ancaq ibadət formalarındadır.

– Dediniz ki, sizi Hindistana bağlayan xüsusiyyətlədən biri də yoqadır. Yoqa ilə indi də məşğul olursunuz?

Bəli, məşğul oluram. Yoqa vedalara  əsaslanır, “cəmlənmə”, “mərkəzləşmə” mənalarını verir. Yoqa sistemində allaha etiqad nəzəri dünyagörüşün əsas elementdir.Yoqanı  iztirablardan azad olmağa yardımçı oan, praktik fəaliyyət şəraiti kimi də başa düşmək olar. Yoqanın son məqsədi tanrını dərk etməkdir. Allahın adını çəkərək də ona meditasiya etmək olar. Yoqa fəlsəfə və praktikadır. Bu hətta dini məsələ də deyil, dindən də yüksəkdədir.

Mən özüm 1993-cü ildə Veda məktəbində vayışnava şagirdlik sisteminə daxil olmuşam. Ustad qəbul eləyib, ondan bu işin sirlərini yaxından öyrənmişəm. Bunun adı budhi yoqadır, yəni dərrakə yoqası. İki dəfə mənə ad veriblər. 1993-cü ildə “Shayalu das”.  2007-ci ildə isə “Vadavyasa das”.

– Hindistan haqda müxtəlif cür miflər var. Fikirlər birmənalı deyil.   İnsanların həm pinti, həm “vəhşi” olduqlarını deyirlər.  Siz bu haqda nə deyə bilərsiniz?

– Bilirsinizmi, Hindistan Çindən  sonra ikinci əhalisi çox olan ölkədir. Bura çox fərqli yerdir.  Kasıb ölkədir.  Mən bu pintiliyi bununla əlaqələndirə bilərəm.  O yerdə ki kasıblıq, dərəbəylik var, insan haqları tapdalanır, belə halların müşahidə olunması normaldır. Hindistanda dərəbəylik çox olur. Millət özü özünü idarə edir.  Hökumət hər şeyi idarə edə bilmir. Həmçinin orada biri-birindən fərqli  ştatlar var. Elə ştatları var ki, orada nəzarət çox güclüdür, yerdə adi bir kağız da görə bilməzsiniz. Eləsi də var ki, çirklidir.

Digər bir tərəfdən isə, ümumiyyətlə, Hindistanda bir millət var-qaraçılar, Hindistanı pis günə qoyan onlardır. Mən deyərdim ki, Hindistanda pintiliklər, təcavüz hadisələri, uşaqların oğurlanıb satılmaları bunların hamısını törədənlər qaraçılardır. Mən sizə bunu 99 faiz əminliklə deyirəm. Hətta Hindistanın özündə belə insanlara “toxunulmaz” deyirlər. Qaraçı xalqı dinsiz, mədəniyyətsiz, heç bir mədəni normaları olmayan xalqdır. Sıravi hindus çox yüksək mədəni keyfiyyətlərə malik insandır. Heç  Avropada elə insan yoxdur. O, öz evini silir, süpürür, təmizliyə riayət edir.  Gündə səhər-axşam iki dəfə duş qəbul edir.  Ümumiyyətlə, Hindistan 15-ci əsrə qədər bütün dünyanın mərkəzində idi. Sonradan ingilislərin, elə müsəlmanların gəlişi ilə də çox deformasiyaya uğradı.

– Səməndər bəy, yeməkləri necə bəs? Dadlı olurmu? Onlar öz yeməklərinə müxtəlif cür ədviyyat qatırlar və dad dəyişir. Necə uyğunlaşdınız yeməklərinə?

– Bəli, onlar ədviyyatlardan çox istifadə edirlər. Hindistanda qida çox istiotludur. Orada istiotdan çox istifadə olunur. Deyim ki, Hindistanın böyük bir hissəsi vegetariandır. Orada ət, yumurta, balıq yemirlər. Mən də vegetarianam. Ona görə də mənə yeməkləri maraqlı, fərqli gəlir. Həm də ki, onlarda yemək ancaq yemək deyil, dərmandır.

– Hindistanda dini inanclar müxtəlifdir. Düzdür ki, onlar inəyə sitayiş edirlər?

– Hindistanda, ümumiyyətlə, inəyə Allah kimi  sitayiş edən yoxdur.  Bu, şərdir, böhtandır. Orada heç kim demir ki,  inək Allahdır. Orda sadəcə  inəyə böyük hörmət var. Hər bir mədəniyyətdə hörmət müxtəlif formalarda təzahür olunur. Məsələn, gələn qonağın ayağının altını yumaq, qonağın başına gül səpmək, bütün bunlar hamısı hörmət formalarıdır.

Hindlilər ailəpərəstdirlər, böyük-kiçik yeri bilirlər. Hindistanda  bala öz anasına  ibadət edir. Amma ona Allah deyə ibadət etmir. Onun ayaqlarını yuyur, öz əlini  anasının ayağına qoyub, başına vurur. Bu hörmət formaları kənardan ibadətə oxşaya bilər, amma o demək deyil ki, Allah kimi görür.  Bu, sadəcə  hörmətin göstərilən çox böyük formasıdır. Səcdə kimi… İnsana da baş əymək ona səcdə kimi sayılır. Sadəcə bizdə bu sözlər hamısı dinlə səciyyələndirilir.

Hindistanda  inəyə böyük hörmət var. Çünki inək min illərdir, insana 100 qram ot qarşılığında süd, qaymaq, qatıq  verir. Bütün bu bərəkətləri  insana inək  bəxş edir. Hətta onun peyini də torpağa xeyirlidir. Öküz inək min illərdir insanın  yaxın dostlarıdır. İnsanlara bərəkət , çörək verir. Ona görə də hindlilərdə  təbii olaraq bu heyvanlara böyük hörmət var. Boynundan gül asırlar. Amma Hindistanda inəyə sitayiş etmək söhbəti yoxdur.

– Hind filmlərində musiqiyə çox yer verirlər deyə, belə bir gülməli mif də var ki, onlar adi həyatda da oynaya-oynaya gəzirlər. Ümumiyyətlə necə düşünürüsünüz, hindlilər musiqili millətdirlər?

– Hindlilərin psixologiyası elədir ki, çox nadir hallarda əsəbiləşirlər. Gərək onları hansı həddə gətirəsən ki, əsəbiləşsinlər. Tez əsəbiləşmək onlarda çox  pis  bir haldır. Səbirsizlik, qışqırmaq onlarda mədəniyyətsizlik sayılır. Çox sadə millətdirlər.

Onu deyə bilərəm ki, hind musiqisi, hind incəsənəti  yer üzündə yeganə musiqi , incəsənətdir ki,  bütün millətlər onu sevirlər, xoşlayırlar. Bütün dünyanın ən böyük musiqiçiləri də qəbul edirlər ki, hind musiqisi böyükdür. Dünyada çox millətlər öz musiqilərini tərifləyirlər, amma hindlilər heç özləri bu haqda heç nə demirlər.

– Hindli dostlarınız var? Hindcə danışa bilirsiniz ümumiyyətlə?

– Bəli var. Hindcə də 70-80 faiz bilirəm. Danışa, özümü ifadə edə bilirəm.

– Hindistanda  film sənayesi  çox inkişaf edib. Hindistana gələn gəlirin çox hissəsi hətta  Bollivud industriyasından gəlir. Ümumiyyətlə, hind filmlərinin ssenarisi sanki  hind fəlsəfəsindən bəhrələnir. Bu  haqda düşüncələriniz nədir?

– Şübhəsiz ki, onların bütün həyatı  “xeyir və şər”  üzərində qurulub. Təbiidir ki,  onların film və musiqiləri hind  fəlsəfəsindən qidalanır. Həyatda da belədir.  Elə biz özümüz də istəyirik ki,  həmişə  xeyir qalib gəlsin, şər olmasın. Hind rejissorları da düşünürlər ki, əgər film, mədəniyyət, incəsənət insana  gözəl fikirlər aşılamırsa, o filmin, musiqnin  insan üçün heç bir mənası yoxdur. Ona görə də onlar çalışırlar ki, insanların mənəviyyatları zənginləşsin.

Minval.İnfo