Загрузка...

Milyarder, ixtiraçı, xəyalpərəst İlon Mask özü üçün yeni dünya yaradan, qarşısına qoyduğu qeyri-real məqsədlərə nail olan nadir insanlardan biridir. O, Marsı ələ keçirməyin iki addımlığındadır, amma şəxsi həyatını qurmaq iqtidarında deyil. Göylərlə əlləşən iş adamının vaxtı yoxdur ki, həftədə ən az 10 saatı sevdiyi qadına ayırsın.

O, normal həyat yaşamır. Onun iş rejimi həddən artıq sıx və gərgindir. Ən maraqlısı odur ki, o, bu rejimdə mütəmadi olaraq qalır. Bu, bir növ iş uğrunda verilmiş qurban kimidir. Mask üçün işdə qazandığı uğurlar şəxsi həyatından daha vacibdir. Onun şəxsi həyatı iki uğursuz nikah, beş uşaq və bir neçə gurultulu romanlardan ibarətdir.

Publika.az bu yazıda oxucuları sevgidə bəxti gətirməyən milyarder haqqında maraqlı faktlarla tanış edib.

Bu gün Maskın adı Bill Qeyts və Stiv Cobsla bir sırada çəkilir, o, dünyanın ən nüfuzlu 30 adamından biridir, 46 yaşı var və onun sərvəti 19,4 milyard dollar qiymətləndirilir. Milyarderin onlarla ixtirası olsa da, o, hər gecə tək-tənha yuxuya gedir. O, müsahibələrinin birində etiraf edib ki, böyük evdə tək yaşamaq sadəcə dözülməzdir:

“Tək gecəlik əlaqə yox, uzunmüddətli münasibət axtarıram. O insan həm yaxşı dost, həm də mənəvi yoldaş olmalıdır. Tək yatmağa nifrət edirəm. Uşaq olanda heç vaxt tək qalmaq istəməzdim, indi də eləyəm. Boş bir evdə yaşamaq, ayaq səslərinin koridorda əks-səda verməsi, otaqlarda heç kimin olmaması, çarpayının digər tərəfinin boş qalması… Bu hal səni necə xoşbəxt edər ki?”

İlon Maskın prototipini oynayan məşhur aktyor Robert Dauni müsahibələrinin birində onun haqqında bunları qeyd edib:

“Dəmir insan” filminin çəkilişlərində rejissor Con Favro məcbur etdi ki, İlon Maskın bütün çıxışlarına baxım. Ona elə gəlirdi ki, Toni Stark obrazı məhz belə də olmalıdır. İ.Maskın yeriş manerasını və onun kimi dodaqlarının kənarında gülümsəməyi öyrəndim. Sonra özü ilə şəxsən tanış oldum. O, heyrətamiz insandır”.

Toni Starkın sözü ilə desək, Mask yaraşıqlı playboy, dahi, milyarder və filantropdur. Amma bu, həmişə belə olmayıb. Sən demə, İlon uşaqlıqda introvert olub. İntrovertlər yad insanlarla ünsiyyətə meyilli deyillər, ancaq doğmaları ilə ünsiyyət qururlar. Onlarda insanlara qarşı qəfildən inamsızlıq da yarana bilər. İntrovertlər nadir hallarda konfliktə girir və başqalarına qarşı aqressiv davranırlar. Hər şeydə qayda xoşlayırlar. İlon da eyni ilə belə olub. Yaşıdları yeni tanışlıqlar qurmağa can atanda, reqbi və digər mövzular haqqında müzakirələr aparanda Mask onlara qoşulmaq əvəzinə saatlarla kitabxanalarda oturardı. Bu barədə qəhrəmanın mühəndis atası Errol Mask müsahibələrinin birində danışıb.

Yeri gəlmişkən, valideynlərinin boşanmasından sonra İlon atası ilə birlikdə Cənubi Afrika Respublikasında qalıb. Modelliklə məşğul olan anası Mey isə o zaman dünyanı gəzməklə məşğul idi.

Marsı müstəmləkəyə çevirən, amma qadın ürəyini fəth etməyə gücü çatmayan MİLYARDER - FOTO

İlonun 69 yaşlı anası Mey Mask zəmanəmizin ən çox tələb olunan yaşlı modellərindən biridir. O, “Covergirl” kosmetika brendinin simasıdır. Dahinin anası indiyə qədər podiuma çıxır, eləcə də dietoloq kimi fəaliyyət göstərir və sağlam qidalanmaya dair mühazirələrlə çıxış edir.

Eşli Vensa “İlon Mask: Gələcəyə yol, Spacex və Tesla” adlı kitabında İlonun uşaqlıqda qarşılaşdığı problemlər haqqında bunları yazıb:

“İri ön dişlərinə görə sinif yoldaşları kinayə ilə ona siçan ləqəbi vermişdi. Ümumiyyətlə, yaşıdlarının İlona qarşı münasibəti xoş deyildi. Bir dəfə bir qrup yeniyetmə İlonu pilləkəndən itələyib yıxmışdı və onu huşunu itirənə qədər döymüşdülər. Dostluq münasibətləri qurmaqdan çarəsiz qalan Mask təsəllini Ayzek Əzimov, Robert Haynlayn, Tolkin kimi yazıçıların kitablarında tapırdı. Fantastika janrına üstünlük verən İlonun stolüstü kitabı isə Duqlas Adamsın “Qalaktika üçün avtostop” adlanırdı”.

Marsı müstəmləkəyə çevirən, amma qadın ürəyini fəth etməyə gücü çatmayan MİLYARDER - FOTO

İlon Afrikanın paytaxtı Pretoriyada yaşadığı illərdə Amerika haqqında şirin xəyala dalır və Silikon vadisində öz ixtiralarını həyata keçirmək üçün gecə-gündüz əlləşirdi.

İlk uğur

Qardaşı Kimbal ilə ştatlara köçən Mask “Sarı səhifələr”in elektron analoqu olan “Zip2” şirkətini qurur. Onun köməyilə ünvan və telefon nömrələrini asanlıqla tapmaq olardı. Bu işdə mühəndis ata da öz oğullarına kömək etmişdi, şirkətin açılışı üçün 28 min dollar pul göndərmişdi. Lakin göndərilən pul sadəcə kirayə otaqlar və avadanlığın alınmasına çatırdı. Ofisdə gecələməyə məcbur olan İlonla Kimbal Yeniyetmə xristian assosiasiyasının yerli şöbəsində çimir, səhərlər isə rayonları gəzib mağaza və restoranlara öz xidmətlərini təklif edirdilər.

Mask qardaşları yavaş-yavaş əziyyətlərinin bəhrəsini görməyə başlamışdı, tədricən firmanın yeni investorları yaranırdı. Bununla belə Mask 27 yaşında firmasını 307 milyona satmağa qərar verdi. Pulun 22 milyonu şəxsən özünə çatmışdı. Bu pullarla milyonçu olan Elon bütün dünyanı səyahətə çıxa, lüks villa və ya avtomobil ala bilərdi. Bir sözlə, özünə heç nəyi əsirgəməmək şansı var idi, lakin onu qarşıda uşaqlıqdan bəri xəyallarını qurduğu arzuları gözləyirdi. Odur ki, dayanmaq olmazdı…

Dünyanı dəyişmək istəyən dahi daha sonra “Paypal” şirkətini qurur, onun sayəsində İnternet vasitəsilə pul köçürmələrini etmək mümkün oldu.

Marsa doğru

Uşaqlıq arzularından vaz keçməyən İlon ilk növbədə sovet raketləri almaq istəyirdi, amma Rusiya hər biri üçün səkkiz milyon dollar tələb etmişdi, onda Mask başa düşdü ki, özünüküləri yaratmaq daha ucuz başa gələr. Beləliklə, 2002-ci ilin ortalarında “SpacX” şirkəti yaradılır. İlk aparatları “Millennium Falcon” kosmouçağı şərəfinə adlandırılmış “Falcon 1 – 9” raketləri olub.

Kosmonavtika tarixində inqilab

Nəhayət, çoxdan gözlənilən an gəlib çatır və İlon Maska öz arzusunu reallaşdırmaq nəsib olur. Bir neçə gün əvvəl İlonunun “SpaceX” şirkəti dünya tarixində ən çox yük daşıma qabiliyyətinə malik raketin “Falcon Heavy”nin test uçuşunu gerçəkləşdirir. Uçuş Florida ştatındakı Kennedi Kosmik Mərkəzinin “Kaneveral” kosmodromundan həyata keçirilir. ABŞ-ın “SpaceX” şirkəti dünyanın ən ağır və nəhəng raketi olan “Falcon Heavy” raketini özünün “Tesla Roadster” idman avtomobili ilə birlikdə uzaq kosmosa göndərir. İlon Maskın şirkətinin həyata keçirdiyi bu raket buraxılışı kosmonavtika tarixində inqilab hesab edilir. Çünki dünya kosmonavtika tarixində bu cür iri raketin Marsətrafı orbitə çıxarılmasına, ümumiyyətlə, kosmosa çıxmasına hələ heç kim nail olmamışdı.

Marsı müstəmləkəyə çevirən, amma qadın ürəyini fəth etməyə gücü çatmayan MİLYARDER - FOTO

İlon Mask isə nəinki bu cür ağır raketi kosmosa çıxarıb, üstəlik onun iki yan sürətləndirmə blokunun uğurla Yerə geri qaytarılmasına nail olub. Raketin özünün birinci pilləsini də təkrar istifadə üçün Yerə qaytarmaq nəzərdə tutulurdu, lakin bu pillə enmə platformasından cəmi 300 metr yan keçərək okeana düşüb. Bununla belə “Falcon Heavy” raketinin buraxılışı uğurlu hesab edilib.

“SpaceX” şirkəti özünün Yutub kanalında raketin startını və uçuşunu canlı yayımlayıb. Raketin maksimal yükqaldırma qabiliyyəti 64 tondur, “Falcon Heavy” Mars planetinə 17 tona qədər yük çatdıra bilər.

İlon Mask il ərzində daha iki belə raketi kosmosa buraxmağa hazırlaşır. Bir raketin buraxılması üçün 90-120 milyon dollar xərc tələb edilir.

Hazırda İlon Mask insanları 80 günə Marsa aparan kosmik gəminin yaradılması üzərində işləyir. 2024-cı ildə o, könüllülər qrupunu Qırmızı planetə göndərmək istəyir. O, başa düşür ki, səyahət təhlükəli ola bilər, ona görə də bildirir:

“Siz ölməyə hazırsınız? Cavab “bəli”dirsə, onda ilk uçuş üçün ən yaxşı namizədlər sizsiniz”.

Maskın ideyaları mənasız görünə bilər, amma ona həmişə inanırlar. Onun öz layihələrinə olan münasibətini ölümlə mübarizə adlandırırlar. Məsələn, o, NASA-nı əməkdaşlığa inandırmaq üçün bir neçə il sərf edib. Onun şirkəti orbitə yüklərin daşınması üzrə özəl podratçı ola bilər. Sonda Rusiya “İttifaqları”ndan asılı olmaq istəməyən kosmik agentliyi 2008-ci il dekabrın 23-də 12 reys üçün Beynəlxalq Kosmik Stansiyası “SpaceX” ilə müqavilə imzalamağa razı olur.

Elektrik maşın istehsalı

İlonun Marsı müstəmləkəyə çevirmək ideyaları üzərində yüzlərlə insan çalışdığı bir vaxtda, o, Yerin taleyinə laqeyd yanışmırdı. Belə ki, 2004-ci ildə Mask elektrik avtomobil istehsalı ilə məşğul olan “Tesla Motors” şirkətinə yeddi milyon dollar yatırır. 2006-ci ildə firma “Tesla Roadster” tam elektrik enerjisi ilə çalışan ilk avtomobilini təqdim edir. Elektrik avtomobilinin bütün proqramlar internet vasitəsilə avtomatik olaraq yenilənir. Maşının enerjisini xüsusi məntəqələrdə tamamilə pulsuz doldurmaq olar.

İlon Mask öz əsas ixtiralarından biri olan elektrik maşının fonunda

Marsı müstəmləkəyə çevirən, amma qadın ürəyini fəth etməyə gücü çatmayan MİLYARDER - FOTO

Bu, indiyədək dünyada ən ekoloji avtomobil sayılır. Möcüzə maşınların qiyməti Amerikada 100 min dollar, Rusiyada isə təxminən doqquz milyon rubl təşkil edir.

Bundan başqa İlon Mask əmisi oğullarıyla birlikdə “Solarcity” günəş batareyalarının buraxımasıyla da məşğul olur. Ötən il şirkətin aktivləri yeddi milyard dollar qiymətləndirilib.

Sevgidə bəxti gətirməyən milyarder

Mask əvvəlki kimi çox oxuyur, filmə baxır və video oyunlar oynayır. “Tesla Motors” şirkəti səhmdarlarının yığıncaqlarının birində İlon günlərini necə planlaşdırdığı barədə danışıb. Layihənin həyata keçirildiyi müddətdə Mask həftədə 100 saat işləyir, adi günlərdə isə (halbuki standart iş həftəsi 43 saatı keçmir) çox vaxt 80-90 saat çalışır. O, səhər saat 7 radələrində qalxır və gecəyarı yatır:

“Sutkada 6-6,5 saat yuxu mənə kifayətdir. Doyunca yatmayanda acıqlı oluram və işimdə səmərəli fəaliyyət göstərə bilmirəm”.

Milyarderin birinci arvadı Castinin sözlərinə görə, Mask üçün qadınlarla münasibət qurmaq çətindir. Afrika mədəniyyətindən ayrı böyümüş İlon bütün güc hakimiyyətini biznesinə yönəldib. Mask yad insanların nöqsanlarına qarşı mərhəmətsizdir və hesab edir ki, hər bir insan dünya üçün mütləq nə isə etməlidir, özünü bu həyatda təsdiqləməlidir. Castin “Marie Claire” jurnalına verdiyi müsahibəsində ərinin onunla münasibəti haqqında bunları söyləyib:

“İlon məndən həmişə narazı idi. Tez-tez bəyan edirdi ki, əgər onun içşisi olsaydım, çoxdan qovmuşdu. Qəlbimdə həmişə boşluq hiss edirdim, hətta Mask evdə olanda belə xəyalən başqa yerdə olurdum”.

Cütlük boşandıqdan sonra oğulları həftədə iki-üç gün atalarının yanında qalır. Mask yaxşı həyat yoldaşı olmasa da, nümunəvi ata olduğunu düşünür:

“Yaxşı atayam, oğullarımla çox vaxt keçirirəm. Onları özümlə tez-tez səfərlərə aparıram. Hesab edirəm ki, iş və uşaqlarım arasında vaxtı düzgün bölmüşəm. Ancaq yeni tanışlıqlara daha çox vaxt ayırmaq istəyərdim. Yeni rəfiqə tapmalıyam. Qadına həftədə neçə saat vaxt ayırmaq lazımdır? Bəlkə 10 saat bəsdir? Bilmirəm”.

Marsı müstəmləkəyə çevirən, amma qadın ürəyini fəth etməyə gücü çatmayan MİLYARDER - FOTO

Marsı müstəmləkəyə çevirən, amma qadın ürəyini fəth etməyə gücü çatmayan MİLYARDER - FOTO

İlon Mask 2008-ci ildə 5 uşağının anası kanadalı yazıçı Castin Maskla boşandıqdan il yarım sonra britaniyalı aktrisa Talula Rayli ilə nişanlanıb. 2010-cu ildə evlənən cütlüyün nikahı cəmi 2 il davam edib. Milyarder aktrisa ilə 2013-cü ildə yenidən evlənsə də, nikahları çox davam etməyib. Onlar ayrılıblar, bu dəfə həmişəlik. İkinci boşanma İlona daha başa gəlir, o, aktrisaya 16 milyon dollar təzminat ödəməli olur.

Son bir neçə ildir ki, İlon Maskın adı Conni Deppin keçmiş həyat yoldaşı Ember Herdlə hallanır. Ulduz cütlük gah ayrılıq, gah da barışıq xəbərləri ilə gündəmi məşğul edir. İlon Emberdə dəlicəsinə aşiq olduğunu söyləsə də, bu münasibətlər evliliyə gedib çıxmadan bitir. Marsı müstəmləkə etməyə hazırlaşan İlon diqqət və qayğı dənizində boğulmaq istəyən qadın qəlbi ilə bacara bilmir. Məlum olur ki, Maskın romantika və ciddi münasibətlərə həftədə 10 saat ayırmağa vaxtı yoxdur.

Marsı müstəmləkəyə çevirən, amma qadın ürəyini fəth etməyə gücü çatmayan MİLYARDER - FOTO

Bununla belə, “The Rolling Stone” jurnalının keçənilki noyabr nömrəsinə verdiyi müsahibədə İlon Emberdi hələ də unutmadığını etiraf edib:

“Həqiqətən aşiq olmuşdum, mənə indi çox ağrıdır. Açığı, o, məni tərk etdi, mən onu yox”.

Marsda ölüm

Mask qəlb ağrılarını sınanmış üsulla müalicə edir, bütün vaxtını işə sərf etməyə üstünlük verir. O, əmindir ki, sevgi yarasını yalnız gərgin və yüklənmiş iş qrafiki ilə sağaltmaq olar:

“Arzularım gerçəkləşir, hədəfə yaxınlaşıram. Ən böyük arzum odur ki, Marsda ölüm. Ancaq səthdəki zərbədən deyil”.

İlon Mask müsahibələrinin birində etiraf edib ki, əvvəlcə insanlar Mars qübbəsi altında yaşayacaq, ancaq zaman keçdikcə planeti Yerə çevirə biləcəklər, eləcə də qoruyucu olmadan ətrafda gəzmək mümkün olacaq. Mask hesab edir ki, 2100-cü ildə Marsda əhali sayını 1 milyona çatdırmaq lazımdır. Bunu bir neçə səbəbdən etmək qaçılmazdır. Əvvəla, əgər Yer kürəsində hər hansı bir fəlakət baş verərsə, qonşu planeti məskunlaşdırmaq insan sivilizasiyasını qoruyub saxlamaq baxımından lazımdır. İkincisi, Günəş sisteminin planetlərini məskun etmək insanların başqa ulduzlara doğru irəliləmələrində bir tramplin rolu oynayacaq. Bununla insanların Kainatın istənilən regionunda başqa planetlərə çatmaqları üçün misilsiz təcrübə əldə ediləcək.

Maskın dediyinə görə, indi elə insanlar var ki, texnologiyaları unutmağa, dədə-baba üsulu ilə yaşamağa çağırır. Amma İlon əmindir ki, məhz texnologiyalar insanlara yeni üfüqləri fəth etməyə yol açır. Heç bir sivilizasiya bir planetlə kifayətlənib inkişafını davam etdirə bilməz.