Загрузка...

Azərbaycan prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında səsləndirdiyi bəyanat Ermənistan cəmiyyətində əsl qorxu yaradıb.

Ermənistanın 1in.am saytında prezidentin çıxışına verilən adekvat reaksiya bunu göstərir.

Saytın analitiki Sərkis Artsruni qeyd edib ki, Azərbaycan Prezidentinin sözlərində, şübhəsiz ki, seçkiqabağı təşviqat komponenti var, lakin bu, erməni dövlət orqanları və ekspert düşüncəsi üçün Əliyevin bu çıxışını ayıq analiz etməməyə bəhanə olmamalıdır: “Ayıq analiz göstərir ki, Əliyevin çıxışı primitiv seçkiqabağı açıqlama və ya mənasız militanlıq deyil. Onun sözlərinin əsasında 19-20-ci əsrlərdə davamlı şəkildə Ermənistandan çıxarılan türklərin nə zamansa oraya dönəcəyi ilə bağlı güclü təbii artım və davamlılığın qeyd olunduğu və hesablandığı ilə bağlı əminlik var. Bizim hakimiyyət israrla Əliyevin özünə əminliyinin mənbəyinin, yumşaq şəkildə desək, dövlətimizin biabırçı vəziyyəti, dağıdıcı emiqrasiya olduğunu etiraf etməkdən boyun qaçırır. Ermənistandan gedən hər insan bununla türklər qarşısında özü də dərk etmədən daha bir qapı açır. Əgər belə davam etsə, Əliyev təkcə İrəvanı geri qaytarmayacaq, o həm də hamımızın evinə girəcək. İlham Əliyevin çıxışındakı aqressiv ton bizim hakimiyyətin nümayəndələrinin qulaqları üçün nə qədər xoş olmasa da, praqmatik siyasi əsasa sahibdir. Bu boşalan Ermənistanın, dövlətin gələcək perspektivinin, intitusional çöküşünün təzahürüdür”.

Məqalədə həmçinin qeyd olunur ki, Ermənistan hakimiyyətinin nümayəndələrinin kəskin bəyanatları aşkar bir faktı, yəni öz siyasətlərinin fiaskosunu gizlətməyə yönəlib. Bundan başqa yazıda Ermənistanın hər gün davam edən çöküşünün, milli ideal və gündəminin olmamasının İlham Əliyevi özünü daha əmin hiss etməsinə şərait yaratdığı bildirilir.

Musavat.com