Загрузка...

Bir sıra hallarda işıq, qaz və elektrik sayğacları quraşdırılandan sonra yararsız hala düşdükdə vətəndaşlarla əlaqədar qurumlar arasında mübahisələr yaranır.

Xezerxeber.az-ın məlumatına görə, mübahisəli məqamlarda vətəndaşlar sayağacın dövlət qurumları, aidiyyati qurumlar isə vətəndaş tərəfindən alınıb, qoyulmalı olduğunu bildirirlər.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirir ki, əhalinin istifadə etdiyi qaz sayğaclarına kimin müdaxilə etməsindən asılı olmayaraq, yararsız hala düşərsə onun ödənişini vətəndaşlar etməlidir.

Yalnız polis və ya digər dövlət qurumları tərəfindən sayğacın başqa şəxslər tərəfindən qırılmasına dair sənəd olarsa, “Azəriqaz” sayğacı öz hesabına dəyişdirə bilər.

Sayğaclarla bağlı mübahisələrə toxunan “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirir ki, əhali üçün sayğacların ilkin quraşdırması tam pulsuz olsa da, müdaxilə hallarında bu məsuliyyət vətəndaşın üzərində qalır. Ancaq texniki nasazlıq istisna olmaqla.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti də məsələyə aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov bildirir ki, əhali üçün su sayğacları bütün yerlərə dövlət vəsaiti hesabına qoyulur. Ancaq sayğaclara müdaxilə olunub-olunmamasından asılı olaraq, yenidən sayğac quraşdırılmasına münasibət də fərqli olur.

Qaz, işıq və su sayğaclarının sahibkarlıq obyektlərində quraşdırılması ilə bağlı hər 3 dövlət qurumunun mövqeyi eynidir. Sayğacların bu obyektlərdə quraşdırılması da, dəyişdirilməsi də tamamilə sahibkarların öz hesabına icra edilir. Onu da qeyd edək ki, hər 3 qurumdan bildirirlər ki, qeyd olunan məqamlardan əlavə hansısa şəxs vətəndaşlardan sayğacın quraşdırılması üçün əlavə vəsait tələb edərsə, onlardan bu qurumların “qaynar xətlər”inə zəng edərək məlumat vermələri xahiş olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: