Tanınmış media eksperti, dilçi alim, professor Qulu Məhərrəmli dünya şöhrətli alimimiz Rafiq Əliyevi doğum günü münasibətilə təbrik edib.
Moderator.az-a göndərilən təbrik məktubunda deyilir:
“Bu gün akademik Rafiq Əliyev haqqında danışmaq, təkcə özünün parlaq elmi nailiyyətləri ilə Azərbaycan elmi təfəkkürünü təmsil edən dəyərli bir alimi xatırlamaq deyil, həm də ictimai düşüncəsi və bütöv şəxsiyyəti ilə xalqına başucalığı gətirən əsl ziyalı barədə söhbət açmaq deməkdir.
Bir neçə gün əvvəl biz Rafiq müəllimin ABŞ-da çap olunmuş kitabının Xəzər Universitetində təqdimatını keçirirdik. İnformasiya qıtlığı şəraitində qərar qəbul etmək probleminə həsr olunmuş bu kitabın müəllifi barədə Qərb alimlərinin videorəylərini dinlədikcə mən böyük qürür hissi keçirirdim. Azad Mirzəcanzadə, Xudu Məmmədov kimi alimlərimizdən sonra Azərbaycanda bu miqyasda elmi zəka sahibinin meydana çıxmasını xalqımız üçün böyük xoşbəxtlik kimi duydum.
Bəli, çağdaş dünyanın ən aktual elmi problemlərin araşdırılmasını üzərinə götürmüş Rafiq Əliyev bizim bu Vətən torpağında elm naminə külüng çalan dünya miqyaslı alimdir. Ölkəmizin elmi elitasında öz şərəfli yerini tutmuş Rafiq müəllimin ən böyük xidməti Azərbaycan elminin dünya elminə inteqrasiyasında fəal iştirak etməsi, beynəlxalq elmi layihələrə rəhbərliyi, bir də milli kadrlar hazırlanması üçün əməyini əsirgəməməsidir.
Rafiq müəllim, təkcə böyük alim, böyük ziyalı deyil, həm də, sözün həqiqi mənasında, böyük Azərbaycanlıdır. Həyat, ictimai inkişaf, iqtisadiyyat, elm, əxlaq, din, tərbiyə, musiqi, sənət və poeziya haqqında çox maraqlı fikirlərin sahibidir. Tale elə gətirib ki, son illərdə biz Rafiq müəllimlə eyni mənəvi mühitdə “nəfəs alırıq”, eyni dərdləri, eyni ağrıları bölüşürük. Çox problemləri müzakirə edirik və mən hər dəfə onun bu problemlərə yanaşmasındakı elmi dəqiqliyi və səlis proqnoz vermək qabiliyyətinə heyran oluram. Ölkənin, millətin taleyi ilə bağlı məsələlərdə mən Rafiq müəllimin hansı yanğı ilə yaşadığının, hansı dərdləri ürəyinə saldığının, bizi üzən iqtisadi və mənəvi böhranlardan qurtarmaq üçün hansı reseptləri verdiyiynin şahidiyəm. Rafiq müəllim bunları təkcə bizim toplaşdığımız məhdud çevrədə demir, həm də yazır, müsahibələrində deyir, ictimaiyyəti məlumatlandırır.
Rafiq Əliyev elmi və ictimai düşüncəni, yüksək mədəniyyəti və parlaq əxlaqı özündə birləşdirən böyük şəxsiyyət, cazibədar insan, bənzərsiz dost, millətin və məmləkətin ağrı-acılarını içində gəzdirən bir ziyalıdır. Mən bu böyük şəxsiyyəti, parlaq alimi və bənzərsiz ziyalı dostumuzu doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm, Azərbaycanımızla bağlı onun ürəyindəki istək və idealların tezliklə gerçəkləşməsini arzu edirəm”.