“Ölürəm, mən xəstənin
Dərdinə dərman eləyin;
Aparın Ələsgəri,
Payında qurban eləyin;
Bimürvət, bəlkə baxa,
Deyə: “Bu qurbandı, nədi?!”
(Aşıq Ələsgər)
İnsan hüquqlarının aliliyi, humanizm prinsipləri bizdə dövlətin təməlidir. Bu yaxında Konstitusiya Məhkəməsi Ali Məhkəmənin bağ sahəsinin icarə müqaviləsi ilə bağlı bir qərarını ləğv etdi. Üstəlik, bu haqda mediaya açıqlama verdilər. Özüm oxudum. Düşmən gözü çıxardan iri hərflərlə yazmışdılar: “Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz”. Allah, özün saxla. Gör vətəndaşın hüquqları necə möhkəm qorunur.
İlk növbədə bu qərarın adına diqqət etməliyik: bağ sahəsinə bağlı qərar. Yəni hardan baxsan burada bağlı bir iş görürsən. Ermənistanda isə heç bağ yoxdur. Ölkə boşalır. Biz Aşıq Ələsgərin doğum tarixini niyə qızğın müzakirə edirik? Çünki aşığın yurdu, qəbri olan Göyçə hazırda əlimizdədir. Bu da araşdırmalara müvafiq imkanlar yaradır. Əgər Aşıq Ələsgərin dəqiq neçənci ildə doğulduğunu tapsaq, Azərbaycan tarixinin ən böyük problemi həll olunacaqdır.
İkinci faktor elə bu tarixiliklə bağlıdır. Bayaq Konstitusiya Məhkəməsinin qərarının mediaya açıqlanmasını bəlkə boşuna vurğuladığımı zənn edirsiniz? Ay hay. Bizdə mənasız yerə heç vergül də qoyulmur. Məhkəmə və başqa dövlət orqanlarımız həmişə öz qərarlarını cəmiyyətə açırlar. Media azadlığı bizdə önəmlidir. Bunun isə səbəbi odur ki, media sözünün özü kök, etimologiya baxımından Azərbaycana aiddir! Midiya dövlətimizin adından gəlir. Manna dövlətinə aid də nəzəriyyələrim var, qalsın başqa vaxta. Yaqub müəllimlə danışmışam, elmi dərəcəmi gözləyirəm. Biz gərək tariximizi unutmayaq. Tarix maşında qoyulan güzgü kimidir, onda geriyə baxıb irəli hərəkət edirsən.
Müxalifətçilərdən birinin qohumları ölmüşdü, indi hökumət qərar verib ki, onu türmədən 3 günlüyə buraxsın. Gedib 40 mərasimində iştirak edəcəkdir. Bu da daha bir humanizm təntənəsidir. Hələ onu yazmıram ki, müxalifətçinin vəkili bu temada açıqlama vermişdir. Demək, onun vəkili də vardır! Heç Almaniyada müxalifətçini tutanda ona vəkil ayrılırmı? Biz bunu yüksək qiymətləndiririk. Çünki istəsələr o biri vəkillər kimi bunun da cibinə kağızdan-zaddan atıb kollegiyanın qərarıyla qovardılar. Amma qalır! İlqar Məmmədovun vəkillərinin həbs edilməməsi, həmçinin yüksək ədalət göstəricilərindən biridir. Guya İsmayıllı hadisələrini həmin vəkillərin belinə şəlləmək çox çətin olardı? Hətta orda bir zəhləmgetmiş vəkil var, vaxtilə AXC-Müsavat hökumətinə impiçment qoymaq, hakimiyyəti yıxmaq projesinin kağız-kuğuzlarını şəxsən hazırlayıbdır. Yəni, sözün əsl mənasında qoduqluğa basılası adamdır. Ancaq dövlətimiz basmır. Çünki humanistdir.
5 dənə uşağı olan ailələrə dövlət qayğısının miqdarını bilirsinizmi? Keçən həftə Ailə, Qadın və Uşaq Problemləri Komitəsi (elə bu komitənin adı özü dövlət qayğısının bariz örnəyidir – başqa ölkələrdə kişilərin problemlərini həll edirlər) açıqladı. Deyir əgər sənin 5 uşağın olsa, hamısı sağ-salamat qalsa, axırıncı uşaq 1 yaşına çatana qədər hər uşağın alacağı müavinətin dəyəri 30 manatdır! Fantastikadır. Toplam olaraq ayda 150 manatı verirlər sənə, apar 5 uşağı bəy kefində saxla. Səmərəli istifadə eləsən, düzgün xərcləsən hətta uşaqların hamısına yelsəbet almaq mümkündür. Xəyali İsmayıllı yelsəbet zavodundan. Bəzən yeməkdən ümid, yelsəbetin arzusu isə özündən yaxşıdır. Uşaqlığımdan bilirəm.
İndi gəlin görək dağılan Almaniyada uşaq pulu nə qədərdir? Gülünc rəqəmdir. Ayda 192 avro. 2-ci və 3-cü uşaqlara 198 avro, 4-dən sonra isə 223 avro. Toplasan 5 uşaqlı alman ailəsinin aylıq uşaq pulu 1034 avro edir. Manata çevirəndə 2154 manat. Üstəlik, almanlar bu pulu 25 yaşa qədər verir. Dəlidirlər də. Görün orda uşaqlar necə gec inkişaf edir! Bizdə isə o yaşda əsgərlikdən qayıdıb dövlət quruculuğu ilə məşğul olursan.