Загрузка...

“Nə olur-olsun, bizdə hər şey bayramdır, bayramdır, bayram!”

(Mark Zaxarovun “Əjdahanı öldürmək” filmindən)

Məktəb direktoru ilə milli “bayevik” filmimizdə çəkilən aktyorun dialoqu videosuna baxdım. Haqverdiyevin məşhur hekayəti eynilə gözüm önündə canlandı: “- Sən Allah Həsən ağanın qohumusan? – Onda gəl min boynuma!” Hələ bu yaxşı ki, Rasim Balayevin çəkildiyi, aslanla güləşən Beyrək, ərəbləri qırıb-çatan Babək, nə bilim, haqq yolunda dərisi soyulan Nəsimi kimi rolları ifa etməyib. Yoxsa direktoru parçalayardı. Hələ deyir, dövlətimizi qurubdur. Hərçənd davranışlarına baxanda dövlətimizin tam olaraq da qurulub bitdiyini söyləmək müəyyən çətinliklər törədir.

Ümumiyyətlə, dövlətimizin qurulması, müstəqilliyin əldə olunmasında xidmətlər respublikada hər kəsin dilində əzbərdir. İstənilən şəxsi danışdır, minimum halda Meydan hərəkatını fırlatdığını, SSRİ-ni dağıtdığına görə peşman olduğunu, canım sənə desin, 1989-cu ildə Qorbaçovu Qızıl meydanda it sürütməsi elədiyini və Raisanın yalvarışlarına bağışladığını söyləyəcəkdir. Qalırsan mat-məəttəl ki, ey gidi dünya, bəs bu qəhrəmanlar yurdu 25 ildir 3-4 dılğır erməninin əlində nə cür əsir-yesir qalmışdır, niyə bu pələnglər, drakonlar və sairə təbii-mifik canlılardan ibarət qoşun basıb gedib İrəvanı almamışdır. Əlbəttə, urus qoymur. Yoxsa erməni haranın qoduğudur? Nəsə. Əjdaha işlərimiz çoxdur.

Bu yaxında həmin dövlət qurucularımız arasında yenə diskussiya qızışmışdı. Özü də bunların bəziləri qaçıb gediblər xaricə, 20 ildir orda dövlət qururlar. Yankiləri-zadı xoşbəxt eləyirlər. Bir parası isə nemeslərə ari irqi başa salır. Sözün əsl mənasında dəlixanadır. Təsəvvür elə, 25 il gedib Corc Vaşinqtonun yurdunda guya dissident olasan, ancaq hələ də elədiyin söhbət “filankəs ağ corab geyirdi, behmənkəsin balağı gödək idi, mənim isə kostyumum birbaşa Helsinkidən gəlirdi” tipində olsun.

İnsafən qeyd edim ki, bizim dissident tariximiz elə bu cür faktlarla doludur. Misal üçün, ən bərk gedən dissidentimizi “Nu poqodi” çayxanasında hökuməti tənqid elədiyi üçün tutmuşdular. Deyirmiş multikdəki canavar obrazı bizim Boz qurddur, ruslar onu ələ salmaqla milli kökümüzü qazırlar. Kabinetində isə uçaskovinin portreti tapılmışdı, deyirmiş bir türk oğlunun vəzifədə yüksəlməsi milli ucalığımızdır. Başqa bir məşhur dissident şairə isə Lenin mükafatı, şəhərin mərkəzində malikanə, oğluna prokurorluqda iş vermişdilər. Dəhşət çətin günlər yaşayırdılar, ah, vah.

Bu drakon əhvalatı yadıma Seyran Səxavətin köhnə bir əsərini də saldı. Orda qəhrəman kənddən Bakıya gəlməli olurdu, Bakıdakı ünvanı yaddan çıxardırdı, tək xatırladığı nəsə “Əjdahanın yanı” oriyentiri idi. (“Azneft” meydanı yaxınlığındakı “Bəhram Gur əjdahanı öldürür” heykəli). Taksi sürənə də elə bu cür, “Əjdahanın yanına” sürməyi deyir. Taksiçi isə deyirdi ki, hansı əjdaha, şəhərdə əjdahalar çoxdur. Yəqin ki, müəllif bu yolla partnomenklaturanı, sovet hakimiyyətini tənqid edirdi. Hərçənd bilmirəm ona sonralar milli dissident adı verdikmi. Gec deyil, Anara bir-iki roman da həsr eləsə, ala bilər.

Məktəb direktorunun əjdaha hücumuna məruz qalmasında, məncə, təhsil nazirinin uzun müddətdir yoxluğu da mənfi rol oynayır. İdarəni yiyəsiz, müəllim və direktorları başsız görüblər. Bu problemi təcili həll etmək lazımdır. Elə o drakon müəllimi nazir qoymaq olar. Hərtərəfli uyğun gəlir: dövlət quruculuğunda rolu, aktyorluq qabiliyyəti, ən əsası, dövlətçilik bölgəmizdə doğulması. Üstəlik, deyilənə görə, 3 dənə universitet bitiribdir. Ağzından od püskürməsi də o səbəbdən imiş. Tək drakonluq xassəsi deyil, hər ali məktəb insanı bir qat alovlandırır axı.

İndi söz əlaqədar təşkilatlarındır – əjdaha qardaşı diqqətdə saxlayın.