Özümüzdən başlayım. Bu ölkədə yaxşı jurnalistlər azdır. Əksəriyyəti, ağır söz deməyim, qeyri-yaxşı jurnalistdir, içində bisavadlar, dələduzlar, reketlər, düz-əməlli yazı yaza bilməyənlər çoxdur.
Bu ölkədə yaxşı müəllimlər azdır, əksəriyyəti işini başdansovdu görən, hər cür saxtakarlığa qol qoyan, şagirdlərinin valideynlərini pul makinası sayan adamlardır.
Bu ölkədə yaxşı həkimlər azdır, əksəriyyəti pasiyentlərinin əlinə baxan, rəhmsiz, şəfqətsiz, pulgir, üstəlik də bisavaddır.
Bu ölkədə yaxşı məmur çox azdır, əksəriyyəti əliəyri, rüşvətxor, ölkə vətəndaşlarına yuxarıdan aşağı baxan, onları hər fürsətdə soymaq istəyən adamlardır.
Bu ölkədə yaxşı hərbçilər…
Bu ölkədə yaxşı idmançılar….
Bu üç nöqtənin yerinə istənilən peşənin adını yaza bilərsiniz. Əmin olun ki, həmin peşənin sahiblərinin içində də yaxşılar mütləq azdır, əksəriyyəti mütləq narazı qalacağımız səviyyədədir.
Bir də bu ölkədə taksi sürücüləri var.
Bu ölkədə yaxşı taksi sürücüləri çox azdır. İnsan kimi bəlkə də yaxşı ola bilərlər, amma söhbət sürücülüklərinə gələndə, dad-həzər.
Bizim taksi sürücülərinin tam əksəriyyəti, bəlkə də 99 fazisi siqaret çəkir. O qalan bir faiz də o adamlardır ki, ya həkim deyib, siqaret çəksən, öləcəksən, ya da arvadı deyib ki, siqaret çəksən, səni öldürəcəyəm (yenə istisnalar ola bilər, təbii). Ən pisi odur ki, onlar siqareti sükan arxasında, avtomobilin salonunda çəkirlər. Bəzən müştəriyə də təklif edirlər, deyirlər, özüm də çəkənəm, istəyirsən, sən də çək. Və şüşəni iki barmaq endirib tüstülədirlər.
Bizim taksi sürücülərinin tam əksəriyyəti meyxana və bu kimi müsiqilərin həvəskarıdır. Düzdür, onlardan maşının salonunda Şopenin prelüdlərini, ya da heç olmasa Oqtay Kazıminin “Çahargah fantaziyası”nı səsləndirməyi uman yoxdur, amma yenə də balıqqulağı səviyyəsindəki mahnılarla müştərililərinin başını xarab etmələri heç xoşagələn deyil.
Bizim taksi sürücülərinin tam əksəriyyəti çox danışır. Hər şeydən başları çıxır, siyasəti, futbolu, incəsənəti, dini, tarixi bilirlər, çoxunun diplomu da var və necə lazımdır, şərhlər verirlər, bunu vacib sayırlar – bəlkə də yola nərdivan salmaq üçün. Söhbət eləyəndə adam mənzil başına tez çatır axı.
Bizim taksi sürücülərinin çoxu müştərini qazlamağa meyllidir. Beş addımlıq yolu uzadıb 5 klometr edən və nabələd müştəridən beş qat artıq yol haqqı alanlar çoxluq təşkil edir. Hətta bir dəfə biri özü danışırdı ki, “İçərişəhər” metrostansiyasının yanında bir nəfər ondan filarmoniyaya getmək istədiyini deyib, bu da ona “100 metr o tərəfdədir” deməyib, “otur, aparım” deyib və müştərini qoşa qala divarının yanıyla “Neftçilər” prospektinə çıxarıb, sonra “Azneft” dairəsindən qaldırıb filarmoniyaya gətirib.
Gələk əsas məsələyə. Bizim taksi sürücülərinin əksəriyyəti avtomobili çox bərk sürürlər. Onlar önlərində kiminsə getməsinə təhəmmül edə bilməzlər, çatmalı və ötməlidirlər. Hətta elə olur ki, taksi sürücüsü yüz metrdən sonra sağa dönməlidir, amma dönsə, önündəki maşını ötə bilməyəcək. Elə şeymi olar? O, mütləq həmin maşını ötəcək, sonra 3-4 kilometrdən sonra fırlanıb qayıdacaq.
Bu aşırı sürətə və onu vaxtında cilovlaya bilməməyə görədir ki, taksi maşınlarının 90 faizinin böyrü-başı vuruqdur. Salamat olanlar isə ya yeni rənglətdirib, ya da axşam harasa çırpıacaq, sürtəcək, ustasının yanına sabah gedəcək. Fikir verməmisinizsə, diqqət edin, görəcəksiniz ki, taksi sürücüləri ilə dəmirçilər, malyarlar rastlaşdıqları zaman mütləq öpüşüb-görüşürlər. Niyə? Ona görə ki, mütəmadi ünsiyyət onları doğmalaşdırıb.
7-8 ildir ki, yeni maşın alan dostlara bir tövsiyəm olur, deyirəm, taksinin qabağınca, avtobusun arxasınca sürmə, birincidə tez-tez maşınını vuracaq, sürtəcəklər, ikincidə eyzən dayanmalı olacaqsan.
Bu günlərdə o cür tövsiyə verdiyim dostlardan biri maşınının arxasını göstərir və vaxtilə verdiyim tövsiyəni yada salaraq deyir ki, bir taksi vurdu, hələ özümü də borclu çıxardı.
Bir sözlə, bütün başqa peşələrin yiyələri necədirlərsə, taksi sürücüləri də elədir. Biz belə ölkədə yaşayırıq. Güman ki, həkimlər, jurnalistlər, müəllimlər dürüst, peşəkar, obyektiv olanda taksi sürücüləri də elə olacaqlar.
Hələlik çalışın taksi sürücülərinin önüylə getməyin.