Şərhlərini mötəbər saydığım politoloq Toğrul İsmayıl deyib ki, Türkiyə istəsə, Afrini yarım saata alar. Haqlıdır. Ancaq bunu etmir. Çünki Ankara dinc əhali arasında itki olmasını, günahsız insanların, uşaqların burnunun qanamasını belə, istəmir.
Bunun adı humanizmdir, insanpərvərlikdir. Türkiyə insanpərvər dövlətdir, sosial dövlətdir, şəksiz. İndinin özündə qardaş ölkə uydurma genosid iddialarına rəğmən, öz qoynunda 100 mindən çox Ermənistan ermənisinə çörək pulu qazanmaq üçün yer, 3 milyon suriyalıya sığınacaq veribsə, bu, az şey demir.
Amma gəl ki, Türkiyə parlamentinin erməni əsilli üzvü Karo Paylan dünyaya car çəkir ki, “Qoymayın, Türkiyə Suriyanı işğal elədi, Afrində erməni soyqırımı kimi növbəti soyqırım hazırlanır, bunun qarşısını almaq üçün dünya erməni ”soyqırımını” tanımalıdır”.
Növbəti erməni həyasızlığı yəni. Türkün çörəyini yeyib, suyunu içən bu zat əslində öz-özünü ifşa edir. Çünki Türkiyə məhz humanist, demokratik dövlət olduğu üçün onun parlamentində bu cür mandatlı yaramazlar təmsil olunur, ağzına gələni danışırlar!
Gör, Türkiyə toplumu nə qədər tolerantdır ki, onun əleyhinə fəaliyyətdə bulunan belə ünsürlərin deputat mandatı gəzdirməsinə də dözüm göstərir. Uzağa getməyək, qonşu Rusiyada dözərdilərmi? Orada prezidentliyə namizəd Kseniya Sobçak ağzını açıb bircə bunu demişdi ki, “Krımın Rusiyaya birləşdirilməsi qanuni olmayıb”, az qala, onu “vətən xaini” çıxarsınlar. Halbuki, adam vur-tut bütün dünyanın qəbul elədiyi gerçəyi, olanı söyləmişdi.
Amma Türkiyəyə gələndə dünyanın qarğa-quzğunları o saat qardaş ölkəyə qarşı beynəlxalq hüquqa zidd hər cür əmələ, davranışa, terrorçu-separatçılara can-başla sponsorluq edir, olmayan cinayətləri, qətliamları onun adına yazmağa çalışırlar. “Kim Türkiyə əleyhinədirsə, haqlıdır” – az qala, belə bir əcaib, əsrin yazılmamış qanunu və haqsızlığı ilə üzbəsurətdir qardaş məmləkət. Türkiyənin daşı həqiqətən ağır imiş!..
*****
Doğrudan da, Türkiyə istəsə, Afrində qısa müddətdə NATO üzrə “müttəfiqi” ABŞ-ın belə dəstək verdiyi PYD/YPG/PKK-nın axırına çıxar. Amma bunu zərgər dəqiqliyi ilə, tələsmədən, “seçmə üsulu” ilə edir ki, terrorçuların qalxan kimi istifadə elədiyi, qaynayıb-qarışdıqları dinc insanlar zərər görməsin. Artıq xəbərlər gəlir ki, mülki əhali arasında gizlənən YPG-çilər türk ordusunun guya dinc əhalini qırmağa hazırlaşdığı barədə təbliğata başlayıblar.
Məsələ də bundadır ki, Türkiyə Afrində müharibə aparmır. Antiterror əməliyyatı adı altında da müharibə aparmır. Elə əsl antiterror əməliyyatı həyata keçirir. Hədəf də təbii ki, əhali yox, əhalinin təhlükəsizliyidir. Bu, müharibə deyil. Müharibə ölkələr arasında olur. Türkiyə xalqlarla vuruşmur, vuruşmayıb.
Türkiyə əsrlərdir bölgənin vazkeçilməz, açar ölkəsidir. Onsuz böyük bir coğrafiyada heç bir iri layihə reallaşmaz, geosiyasi arxitektura dəyişməz, regionda uzunmüddətli barış, dinclik təmin edilməz. Qardaş məmləkətin tarixdən gələn şəriksiz bir missiyası var – yurdda sülh missiyası. Bu gerçəyi zorla dəyişdirmək qeyri-mümkün! Bu gerçəyi kürd terrorçu qruplaşmaları Türkiyəyə qarşı silahlandıran güclərin, ən əvvəl də ABŞ -ın bir an öncə anlaması lazım…
*****
Az yuxarıda Rusiya ilə müqayisə aparıldı. Bu da növbəti müqayisə – qüsurlu olsa da: 1993-94-cü illərdə Putin Rusiyası haqq elədiyi müstəqilliyinə qovuşmağa çalışan Çeçenistanda “antiterror əməliyyatı” adı ilə on minlərlə dinc sakini, uşağı, qadını qətlə yetirdi, faktiki, çeçen xalqına qarşı növbəti soyqırımı törətdi. Amma Türkiyə dövlətinin, türk dövlətlərinin tarixində heç kim belə qanlı, Türk soyuna utanc gətirən rüsvayçı səhifə tapa bilməz.
Erməni iddiaları isə cəfəngiyatdan başqa bir şey deyil. Yoxsa ki, Türkiyəni zəiflətmək üçün yüz illərdir bəhanə axtaran xristian dünyası onu çoxdan, yekdilliklə tanımış, əldə tutarqa eləmişdi. Edə bilmir, ona görə ki, əlahəzrət fakt var, tarix, sənəd-sübut, arxivlər var – hansıların ki, rəsmi Ankara illərdir müstəqil komissiyaların iştirakı ilə açılmasını təklif edir. Bu günlərdə Ərdoğan bir daha bu yöndə dünyaya çağırış etdi.
Ermənilər isə razılaşmır. Çünki həqiqəti hamıdan yaxşı bilirlər. Özünə arxayın olmayan, güvənməyən dövlət buna razılıq verərdimi? Əsla. Özünə güvənən Türkiyə sonuncu – Afrin aşırımını da aşacaq…