Ötən il fevralın 5-də sosial şəbəkədə bir status yazıbmışam, srağagün önümə çıxdı. Status adi yol qəzası haqdadır. Qeydlər təxminən belədir ki, 114 saylı marşrutda işləyən avtobusun sürücüsü salonunda 60-dan artıq adam olan avtobusu beynəlxalq avtovağzalın yanında sürətlə sürüb, təhlükəli manevrlər edib, iki maşını əzib, birini də əzməmək üçün qaçırdıb, nəticədə sərnişin dolu avtobus iki təkərinin üstünə qalxıb, az qala aşacaqmış, birtəhər yola düzəlib.
Ən ümdəsi odur ki, avtobusun salonunda olan qadınlar qorxub, qışqırıblar, sürücünün qarasına söyüb-söyləniblər, amma 30-dan artıq kişinin birindən səs çıxmayıb. Onlar qəza zamanı qorxsalar da, sürücüyə irad, etiraz bildirməyiblər, susublar, davaya düşməkdən qorxublar.
Statusun sonunda qeyd etmişəm ki, bu qədər fağır, mağmın adamlar onları ölümə aparan adi bir sürücüyə irad bildirməyə qorxurlarsa, onlardan öz talelərinə sahib çıxmağı gözləmək olarmı?
Gerçəkdən də heç olmasa öz haqqı tapdananda etiraz etməyi bacarmayan yüz minlərlə fağır adam var. Bu insanlar toplaşıb birlikdə cəmiyyət əmələ gətirirlər və bu cəmiyyət məzlum fərdlərdən ibarət olduğu üçün məzlum olur.
Ölkədəki mövcud duruma görə vaxtaşırı xalqı qınayan, bütün neqativliklərin günahını camaatın passivliyində, dişsizliyində, cəsarətsizliyində görən adamların dediklərinə oxşasa da, nə yazıq ki, belədir.
İfşa olunub vəzifədən götürülən, həbs edilən yüksək mənsəbli məmurların qalmaqallı məhkəmələri də göstərdi ki, bu adamların nə dövlət rəhbərliyindən, nə də xalqdan heç bir qorxusu olmayıb. Heç kəs onların bəd əməllərindən şikayət etməyib. Bu məmurlar onları daima əziblər, zəhmətlə topladıqları əmanətlərini yüz bir fırıldaqla əllərindən alıblar, borc-xərclə tikdikləri kiçik obyekti başlarına uçurub, yerində özlərinə saray, villa tikdiriblər, tutub aparıb zindana salıb nəslini soyublar, amma onlar susublar, qorxublar, başlarına gələni nə ictimailəşdiriblər, nə də bir yerə şikayət ediblər.
Əlbəttə, bu zülmləri edənlər elə adamlar idi ki, şikayətin o qədər də effekti olmayacaqdı, şikayət ərizəsini qaytarıb zalımların özlərinə göndərəcəkdilər. Amma başqa yollar da vardı axı. İctimai diqqət çəkmək, problemi ən yüksək instansiyalara bildirmək üçün müxtəlif etiraz üsulları var. Onlar heç nə etməyiblər, təslim olublar, xəraclarını veriblər, düşdükləri ziyanla barşıblar.
Hətta daha pis bir variant məhkəmədə oldu. Zalım məmurların əməllərindən külli miqdarda ziyan çəkən adamlar çoxsaylı məhkəmə proseslərinin finalında adətən belə bir ifadə verirdilər: “Mənə dəyən ziyan tam ödənilib, müttəhimlərdən şikayətim yoxdur”.
Necə ola bilər? Onlar ifşa olunmasaydılar, sizin var-dövlətinizin üstünə qonacaq, onları istədikləri kimi mənimsəyəcəkdilər, sizə yaşatdıqları iztirabı sürdürə-sürdürə gedəcəkdilər. İndi özləri içəridədir deyə onlara nədən yazığınız gəlir və verdiyiniz ifadələr az qala onların bəraət qazanmasına səbəb olacaq.
Bu cür məsələlərdə güzəştli mövqe tutmaq, prinsipial olmamaq üzündəndir ki, ölkədə neqativ hallar, yaramazlıqlar, əliəyriliklər tüğyan edir.
Biz ümumilikdə götürsək dürüst cəmiyyət deyilik. Əliəyriliklərə asanlıqla haqq qazandıra bilirik. Prinsipial olaraq haqq-ədalət davası aparanların cərgəsinə, səfinə baxın. Necə də azdırlar. Necə də köməksiz, çarəsizdirlər.
Bir də güclünün tərəfində olmağa, ona yarınmağa çalışanlara baxın. Bütöv bir ordudur.
Güclülərə yarınanlar, qulluq göstərənlər isə heç də səmimi deyillər. Vəziyyət dəyişsə, onlar da dəyişəcək, zəifləmiş komandadan asanlıqla üz döndərəcək, güclü olanın tərəfinə keçəcək, ona yarınmağa, kalori və komfort əldə etmək üçün yeni komandadan istifadə etməyə çalışacaq.
Biz belə cəmiyyətlə azad, şəffaf, dürüst seçki keçirmək istəyirik. Mümkün deyil. Hətta yuxarılardan heç bir təzyiq, göstəriş, manipulyasiya olmasa belə, bu cəmiyyət bu halıyla dürüst seçki keçirə, onun nəticələrini sakit şakildə qəbul edə bilməz.
İndilikdə belədir, gələcəkdə necə olacağına dair proqnozlar isə heç optimist deyil.