Azərbaycanda turizmin inkişafı haqda reklamlara inanıb ölkəmizə gələn ərəbin başına Bakıda reklam lövhəsi düşübdür. Yazıq kəllə-beyin travması ilə xəstəxanaya aparılıbdır. Bizim reklam tarixi təcrübəmizdən çıxış eləsəm onun bəxtinin gətirdiyini söyləyə bilərəm. Sovet hakimiyyəti vaxtı, ötən əsrin 70-ci illərində Gəncədə iki tələbə qız oxşar hadisədən həlak olmuşdular.
Orada dövlət başçısı, bizim yapçıların qədim dostu Leonid İliç Brejnev yoldaşın məhşur afyorizmi – “Azərbaycan iri addımlarla irəliləyir” (rusca orijinalı “Şiroko şaqaet Azerbaydjan”) nəhəng dəmir lövhəyə yazılıbmış. Küləkli hava lövhəni tələbələrin üstünə aşırtmışdı. Bəla bilmək olmur hardan gələcəkdir. Bu temada Viktor Tsoyun mahnısı da vardır: “Sabah təyyarə okeana düşəcək, Kimsə krandan yıxılacaq, Gənc cərrahın əli titrəyəcək. Özünə fikir ver, ehtiyatlı ol”.
Ümumiyyətlə, həyat olduqca qəddardır. Təsəvvür edin, hər şeyin icarəyə verildiyi, bütün müqəddəs və qeyri-müqəddəs şeylərin alınıb-satıldığı, hər hansı dəyərin qalmadığı ərazidə uşağa Arenda adı qoya bilməzsən! Lənət olsun. Gəl indi burda yaşa. ASAN-xidmət və Nazirlər Kabineti böyründə terminologiya komissiyası buna mız qoyubdur. Hələ deyir Usub və Toybəy adlarını da qadağan ediblər. Ancaq Tuqay, Alpər, nə bilim, Alp Ər Tonqa olarmış. Guya uşağa militarist ad qoysaq qalxıb Qarabağı azad edəcəkmiş.
Vallah, bu cür ədalətsizlik olmaz. (Şəkidə məhkəmənin divarında özüm oxumuşdum, heç yadımdan çıxmır: “Ədalətsizliklə ədaləti bərpa eləmək olmaz”. Yarım saat sonra orda İlqar Məmmədova 7 il yamadılar getdi). Niyə imkan vermirlər millət uşağına Arenda adı qoysun? Bunun nəyi pisdir? Gələcəyi üçün də yaxşıdır. Həm alverçilər ölkəsində yaşayacaq, ticarət markası kimi adı olar, həm də görün necə gözəl səslənir: “-Filan şey hanı, a bala? – Bacım Arendaya vermişəm”. Yaxud, “Arendadadır”, “Arendada qalıb” və sairə. Hansı şəkildə hallandırsan diləyatımlıdır, ürəkaçandır, könüloxşayandır. Özü də arenda kök baxımından təmiz türkcədir. Bizdə Arran adlı qədim dövlət olub. Arenda – yəni, Arranda yaşayan adam deməkdir.
Dövlət idarələri bunu bəlkə paxıllıqdan əngəlləyiblər. Ola bilsin saxlayırlar öz uşaqlarına qoysunlar. Yoxsa kim əsaslandıra bilər ki, Artur adı Arenda adından yaxşıdır? Valideynin, ümumiyyətlə, uşağa ad qoymasına, tərbiyə verməsinə, yol göstərməsinə qarışmaq olmaz. Biz Dədə Qorqud dövründə yaşamırıq, uşaq yekəlsin, at leşi satsın, biz də buna Ətmurad adı qoyaq, yainki, Qəssabxandan -zaddan bir şey. Biz uşaqların gələcəyini özümüz indidən müəyyən edirik. Güclü dövlətdə yaşayırıq biz, uşaq-muşaq işi deyil bunlar. Hər şey dəqiq bilinməlidir, dövlət proqramı üzrə olmalıdır.
Misal üçün, bu dəqiqə Mətbuat Şurası istəyir nəsə yenilik eləsin, mətbuat qanunları təzələnsin, idarənin statusu dəyişsin və sairə. Doğrusu, hökumət özü də başa düşmür hələ Əflatun müəllimin təzə arzusu özündə nəyi ehtiva etməkdədir. Çünki evlərin açarları təzə paylanıb qurtarıbmı? Qurtarıb. Hətta evin qabağında avtobus dayanacağı və zolaqlı keçid də çəkiblər. Evin üstündə vertolyot ploşadkası, altında metro stansiyası, qabağında dəniz, dalında dağlar – hər bir şey tikilib istifadəyə verilmişdir. Jurnalistlərin anadan olmağından sünnət toylarına, evlənməklərindən xınayaxdı mərasimlərinə, yazmaqdan çəkməyə, silməkdən pozmağa, baxmaqdan görməyə, eşitməkdən inildəməyə, quruldamaqdan cırıldamağa – uzun sözün qısası, bütün həyat şəraiti dövlət təminatı (o qədim tamaşada deyilən kimi, DÖT) altındadır. Belə olan şəraitdə MŞ sədrinin istədiyi təzə səlahiyyətlər nədən ibarətdir? Bəlkə o vergilər naziri olmaq fikrindədir? Bəlkə Təhsil Nazirliyinin Mətbuat Şurasına, sonra bu ikisinin də Müdafiə Nazirliyinə birləşdirilməsi və mətbuat kapitanları arasında mətbuat generalissimusu rütbəsi almaq fikrindədir? Bəlkə o, bizi qurrrrbağaya çevirmək istəyir?
Sonda idarədən tələb edirik heç olmasa Toybəy adına icazə versinlər. Xalqımızın toy kimi adəti var. Kül başınıza.