Загрузка...

Hər hansı ölkənin futbol təsərüfatının başlıca inkişaf göstəricilərindən biri də onun yetişdirdiyi, ərsəyə gətirdiyi istedadlardır.

Bax, Rusiyada, Belorusiyada, Probaltika ölkələrinə il boyu qışdır, qardır, borandır. Şaxtanın mənfi hərarəti 50 dərəcəyə çatır. O ölkələrdə futbola aid min dənə tədbirlər, beynəlxalq yarışlar, Avropa, dünya birincilikləri keçirilsə də xeyri yoxdur. Onlar üçün ən yaxşısı xokkeylərini oynasınlar, xizəklərini burcutsunlar.

Amma bizdə axı oynuçu, futbolçu yetişdirmək üçün ilin demək olar ki, bütün mövsümləri əlverişlidir!?

Keçmiş Sovetlər məkanının vaxtı ilə xarici ölkələrdə parlamış on ən yaxşı oyunçusu siyahısına nəzər yetirirəm.

Burada gürcü də (Kaxa Kaladze -”Milan”) var, rus da (Pavlyuçenko-“Tottenhem”, Arşavin-“Arsenal”), ukraynalı da (Rebrov-“Tottenhem”, Şevçenko-”Milan”) var, belarus da (Aleksandr Qleb-“Barselona”), hətta erməni də. Amma,  azərbaycanlıdan başqa.

Bu yaxınlarda erməni futbolçu Henrix Mxitaryan dünyaca məşhur oyunçu, çilili Aleksis Sançeslə dəyişdirilərək İngiltərənin məşhur “Arsenal” klubuna keçdi. Bu oyunçunun klub karyerası üzrə inkişafına  nəzər salaq: “Pünik”, “Metallurq”, “Şaxtyor Donetsk”, “Borussiya Dortmund”, “Mançester Yunayted”, “Arsenal”. Yəni, hardan haraya!?

Göstəricilər kifayət qədər diqqət toplayıcıdır: 3 dəfə Ukrayna çempionu, 2 dəfə Almaniya superkubokunun sahibi, 1 dəfə İngiltərə superkubokunun, 1 dəfə də Avroliqa kubokunun qalibi.

Halbuki bu oyunçu,  2006-cı ilin 20 yanvarında “Birlik kuboku”nun yarımfinalında  “Neftçi”ylə oynamaqdan imtina edərək, gizlicə aradan çıxan “Pünik”in heyətində yer almışdı.

Bəs, bizim oyunçulardan, futbol yetirmələrindən indiyə qədər  qazanılması bir tərəfə, heç olmasa bu nailiyyətlərə yaxınlaşa biləni olubmu?

Yaddaşımı qurdalayıb,  Vaqif Cavadovun “Tvente”-nin əsas heyətində uğursuz möhkəmlənmə cəhdini xatırladım.

Hə, bir də ola bilsin Kamran Ağayevin “Boavişta”dakı qısamüddətli karyerasını fərqləndirmək olar!? Onlar da yalnız böyük beşliyə (İtaliya, İspaniya, Fransa, Almaniya, İngiltərə) daxil olmayan ölkələr.

Bəs, müstəqlillik qazandığımızdan ötən bu 26 (!) il müddətində niyə, nə səbəbə,  dünya miqyasında, peşəkar səviyədə normal, rəqabətə davamlı oyunçu, qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu yetişdirə bilmədik!?

Bəs, bizim bir neçə il əvvəl böyük ümidlərlə “Milan”, “Mançester Yunayted”, “Atletiko” Madridin məşhur futbol məktəblərinə, dəri top akademiyalarına göndərdiyimiz yeniyetmə və gənclərin taleyi necə oldu?

Futbol üçün əlverişli iqlim şəraiti, istedadlar potensialı olan ölkədə işlər nəyə görə dalana dirənib?

Göründüyü kimi qəzeyi-qal, vəziyyəti-hal heç də ürəkaçan deyil və bu gedişlə nəinki  böyük beşliyə daxil olan ölkə çempionatıarında, heç Türkiyə və Rusiyada da  azərbaycanlı oyunçuların görünməsi müşkülə çeviriləcək.

Vüsal Bağırlı
Medianews.az