Qarabağın doğulduğum, indi işğaldan xaraba qalmış Aşağı Seyidəhmədli kəndində ötən əsrin 70-80-ci illərində Mahmud kişi adlı hökumət nümayəndəsi vardı. Deyəsən vəzifəsinin adı kənd sovetinin sədri idi, dəqiq xatırlamıram. Mahmud kişinin özünəməxsus danışıq üslubu vardı, məsələn, qanuna Anadolu türkləri kimi “kanun” deyirdi. Özü də onun dilində “kanun” sözü nəsə ikiqat qüvvətli alınırdı. Bəlkə Sovet hökuməti elə bu səbəbdən onu vəzifəyə qoymuşdu.
Uzun sözün qısası, bir gün Mahmud kişi Bakıdan qayıdır, camaat kəndin ortasında (biz ora “Çinarın altı” deyərdik) onun başına toplaşır. O vaxtlar vəzifəli şəxslərin, savadlı adamların millətə xəbər çatdırmaq kimi qeyri-rəsmi, könüllü, ictimai bir vəzifəsi də vardı. SSRİ-də, özəlliklə əyalətdə yaşamış adamlar nə dediyimi anlayacaqlar. Örnək üçün, bir də görürdün gecə “Vremya” xəbərlər proqramından sonra hansısa kəndli zəng vurdu müəllimin evinə, orda başa düşmədiyi xəbərin mənasını soruşdu. Mahmud kişi də beləcə, paytaxtdan təzə gəldiyi üçün camaat mərkəzdəki olaylardan gap eləməsini istəyir. Mahmud kişi deyir: “Qatarda bir erməni ilə gəlirdim. Mən Horadizdə düşdüm, o getdi İrəvana. Erməni dedi ki, təzə kanun çıxıb”. Camaat həyəcanlanır. Sovet vaxtı hər şey öncədən qadağan edildiyindən əslində qanun-zad heç yox idi. Misal üçün, heç kimin ağlına gəlməzdi SSRİ-nin konstitusiyası varmı, yoxmu. Bütün qanunları partiya, milis, KGB əvəz edirdi. (Məncə indiki gənclər də bunu təxminən təsəvvür edə bilərlər). Bu baxımdan, camaat mərkəzdən gələn hansısa yeniliyin mütləq ziyana işləyəcəyini də bilirdi. Gözlərini dikirlər Mahmud kişinin ağzına, soruşurlar nə qanun olacaqdır. Mahmud kişi aram-aram, ortalığı bir az da gərgin saxlayıb üzmək üçün sakit səslə, köks ötürüb deyir: “Açığı təzə kanun nə haqdadır, heç erməni də bilmirdi. Ancaq güman edirəm çox sərt kanun olacaqdır”.
Mahmud kişiyə rəhmət oxuyub bunu niyə xatırladığımı yazım. İki-üç gündür Britaniyada təzə qanunun qüvvəyə minməsi söhbətləri ortalığı qatmışdır. Həmin qanuna görə Londonda və ümumən Britaniya ərazisində 50 min funtdan bahalı mal-mülk alanları yoxlayacaqlar. Əgər mülkün yiyəsi bunu təmiz yolla, rüşvət və korrupsiyadan uzaq qazandığını, əldə etdiyini isbata yetirməsə Britaniya hökumətinin ixtiyarı var onun istifadəsini dondursun. Əslində belə qanun Britaniyada çoxdan var, təzə “kanun” sayılmaz, sadəcə indi yadlarına düşübdür. Beynəlxalq mafiyanın Britaniyada at oynatması haqda çəkilən “MakMafiya” teleserialının da bunda rol oynadığı söylənilir. Ancaq ya zəlzələdən, ya vəlvələdən, hərəkətə keçmələri yaxşıdır, çünki o boyda dövlət biabır ola-ola gedirdi. Dünyada hansı oğrunu, korrupsioner siyasətçini qurdalasan Londonda azı 3-4 mülkü çıxırdı. Kriminal dövlətə çevrilirdilər. Yerli “Tayms” qəzetinin hesablamalarına görə Britaniyada ildə yuyulan çirkli pulların dəyəri 90 milyard funta çatmışdır.
Xatirələrə baş vurmuşkən, bu London mülkləri məsələsinin bizim media tarixində də rolu olduğunu yazmalıyam. Çox adam unudub yəqin. 1998-ci ildə bir müxalifətçi (sonralar mədhiyyədə böyük fəzilət göstərdiyi üçün adını yazmıram) o dövrün məhşur müxalifət qəzetinə iqtidardakı bəzi şəxslərin London mülkləri haqda anonim xəbər ötürmüşdü. Yalan idi, doğru idi, heç kim bilmirdi, çünki ortada hansısa fakt yox idi. Nəticədə bu haqda başqa qəzetlər də yazdı, ortalıq qarışdı, məhkəmə, qəzetlərin tətili, aclıq aksiyası, “Ümumi qəzet” və daha nələr… İndi karikatur kimi göründüyü üçün çox dərinə getmirəm.
Bu baxımdan indi bizim hansısa keçmiş və indiki məmurların London mülkləri aşkarlansa nəticəsi necə olacaq? Məncə heç zad. Klassik, qədim ingilis hiyləsidir. Avropa Birliyindən çıxmaq pulunu-filanı bizim oliqarxların belinə şəlləmək istəyirlər. Eyni zamanda, sən orda məmur-oliqarxın milyonlarla funtluq malikanəsini sorğulayacaqsan, o da “dokumentalnı-subutalnı” sənəd ortaya çıxardacaq ki, əslində bu evi Zəngilanın Pirçivan qəsəbəsindən Laçının Minkəndinə ərə getmiş Gülbadam xalanın Füzulinin Qoçəhmədli kəndində yaşamış yeznəsi Potu Famil alıbdır. Evin pulunu isə Qarabağın azərbaycanlı icması ödəyibdir. Ora bizim diaspor mədəniyyət mərkəzimizdir, hər gün villanın çarhovuzunda alçaq dünya erməniləri ilə patriotizm savaşı aparılırmış. Ya da məmur əmək kitabçasını gətirib ingilisin gözünə soxacaq ki, ala, 40 ildir torpağın altında, cəhənnəm kimi yerdə işləyib maaşı yığmışam, bu qədər eləyibdir. (Elə bir yoldaşa təzəlikcə zarafat üçün “Əmək” medalı da verdilər. Yumoru yüksək qiymətləndiririk).
Ta sən buna nə deyə bilərsən? Hələ “neft, bp, kəmər, qaz-maz” söhbətlərini heç yazmıram.