Bu gün Xəzər Universitetinin “Mərmər” salonunda dünya çapında tanınan azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsi, süni-intellekt üzrə ən güclü mütəxəssislərdən biri olan professor Rafiq Əliyevin qərarqəbuletmə nəzəriyyəsi ilə bağlı növbəti kitabının təqdimat mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, kitab professorun sayca 75-ci elmi monoqrafiyası olsa da, Rafiq Əliyevin təqdimatını keçirdiyi ilk əsəridir.
“Qeyri müəyyən hesablamalar əsasında qərar qəbuletmə nəzəriyyəsi” (orijinal adı: “Uncertain computation based decision theory”) adlanan kitab dünyanın məşhur elmi nəşriyyatlarından biri olan “World Scientific” nəşriyyatında işıq üzü görüb. Qeyd edək ki, adıçəkilən nəşriyyat yalnız dünya standartlarına cavab verən elmi nəşrlərin çapında maraqlıdır. Həmyerlimizin bu kitabı da ABŞ-dan tutmuş, dünyanın bir çox yerlərində qərar qəbuletmə ilə məşğul olan mütəxəssislərə dərs vəsaiti kimi tədris ediləcək.
Yaxın gələcəkdə dünyada məşhurlaşmasına heç bir şübhə olmayan kitabı müəllif üç şəxsə ithaf edib: özünə müəllim və kumir saydığı Lütfi Zadəyə, ən yaxın dostu Ramiz Rövşənə və mərhum ömür gün yoldaşı Aidə Əliyevaya…
Tədbiri giriş nitqi ilə açan Xəzər Universitetinin qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı başda olmaqla, yerdə qalan çıxışçılar da bu detalı xüsusi vurğuladılar. Sonda çıxış edən alim kitabın yazılma tarixçəsini, ömründə ilk dəfə nə üçün təqdimetmə mərasimi keçirməsinin səbəbini açıqladı.
Həmçinin, mərasimdə Rafiq Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümunələri də nümayiş etdirildi.
Qeyd: Moderator.az möhtəşəm elmi işi həsr olunan tədbirdən geniş reportajı tezliklə oxuculara təqdim edəcək.