Sovet dövrünün tanınmış jurnalistlərindən olan Mehman əmi köçünü sürüb bu dünyadan getdi. 74 yaşı vardı. Vaxtilə ölkənin 3-5 iri qəzetlərindən biri olan “Sovet kəndi” (sonradan “Həyat” və “Azərbaycan”) qəzetində çalışmışdı.
Bir jurnalistin vəfatıyla bağlı mediada bir sətir də olsun xəbər getmədi. Ona görə ki, dövran o dövran deyildi, Mehman əminin dövranı sovet dönəmində qalmışdı.
Bir o deyil… Uzun müddət AzTV-də sədr müavini olan tanınmış yazıçı Nahid Hacızadənin də vəfatı mediada xəbər olmadı, yalnız bir-iki sayt faktı konstatasiya etdi.
O dövrdə çalışmış onlarla həmkarımız, yazıçılar, şairlər, rəssamlar, aktyorlar, sənət adamları ard-arda rəhmətə gedirlər, amma heç kəsin xəbəri olmur. Çox kədərlidir.
Təvazökar, adi, sadə insanların taleyi budur.
Mehman əmi iddiasız, sadə adam idi. Ölkənin ən tirajlı (500 mindən artıq oxucusu olan, hər evə gedən) üç qəzetindən birində Aqil Abbas, Vaqif Bəhmənli, Mehman Cavadoğlu kimi tanınmış imzalarla birlikdə çalışarkən də təvazökar insan idi, yazılarını yazar, dostları ilə oturub söhbət edər, zarafatlaşar, arada sovet məkanına ezamiyyətlərə gedər, rayonlara əmək qabaqcıllarından oçerklər yazmağa göndərilərdi. Sovet jurnalistikasının çərçivəsi beləydi, o da bu çərçivə daxilində yaradıcılıqla məşğul idi.
1987-ci ildə mən “Sovet kəndi”nin redaksiyasında Mehman əminin yanına getmişdim. Yuxarıda adlarını çəkdiyim şəxsləri ilk dəfə üzbəsurət orada gördüm. Mehman əmi şöbə müdrilərini – Vaqif Bəhmənlini göstərib deyirdi: “Televizorda görmüsən yəqin, Vaqif Bəhmənli budur. Çox zəhmətkeşdir. Kənardan baxan elə bilər, müdir bizik, o bizim işçimizdir. Sağ olsun, nə qədər material olur, qabağına qoyub işləyir”.
O vaxtlar jurnalistlərin hər gün yazmaq kimi bir planları, öhdəlikləri yox idi, iki həftədən bir, ayda bir materialları qəzetdə dərc olunardı, ya olunmazdı.
Mehman əmi 74 illik ömür yaşadı, bir dəfə bir adamın dalınca mənfi fikir işlətmədi. Xasiyyəti beləydi. Bir qrupda kiminsə adı çəkilərdisə, ilk fikir Mehman əmidən gələrdi: “Yaxşı oğlandır”; “Canlara dəyən adamdır”; “Pis adam deyil” və s. Bəzən o, çoxlarının yaramaz biri kimi tanıdığı adam haqqında da belə deyəndə, təbii ki, ona etiraz edənlər də olurdu, o zaman o deyərdi ki, neynəsin, o da başını bu yolla dolandırır.
Mənim jurnalist olmağımda Mehman əminin də rolu var. Çünki gözümü açıb görmüşdüm ki, nəslimizdə üç jurnalist var: Zahid əmi (əvvəlcə “Kommunist”, sonradan isə “Xalq qəzeti”ndə çalışdı), Mais əmi (rayon qəzetində şöbə müdiri idi), bir də Mehman əmi. Onlar atamla əmoğluydular.
Onların ikisinin respublika miqyaslı qəzetdə işə düzəlmələrinin necə çətinlikə başa gəldiyi gözümün qabağında olub. O vaxt beləydi. Bir ali təhsilli jurnalistin qəzetdə tam ştatlı işə düzəlməsinə illər gedirdi. Onları əvvəlcə ştatdankənar müxbir işinə cəlb edir, sonra korrektor keçirir, daha sonra hansısa şöbədə işlədir, lap axırda ştata götürür, maaş təyin edirdilər.
İndiki kimi deyildi. İndi nəinki jurnalist təhsili, ümumiyyətlə, heç bir təhsili olmayan yüzlərlə həmkarımız var. İstədikləri gün ən yaxşı media qurumunda iş tapa bilirlər. Onların içində, söz yox, yazı-pozunu bacaranlar da var, piyada gəlib piyada gedəcək adamlar da çoxdur. O vaxtlar isə belə şey yox idi. Əlinə qələm götürüb yazı yazan hər bir jurnalist özü səlis yazmaqla yanaşı, mətnləri korrektə edəcək qabiliyyətə də malik olmalıydı, istənilən gün redaktor da ola bilərdi. Standart beləydi.
Mehman əmi bu standartların adamıydı. Kütləvi şəkildə yeni-yeni qəzetlərin yarandığı, müxtəlif peşə sahiblərinin kütləvi şəkildə jurnalist olduğu vaxtlarda o, bu prosesi çaşqınlıqla izləyir, bunun sürəkli proses, qalıcı durum olmayacağını düşünürdü. Amma aşınma prosesi sürdükcə sürüb gedirdi. Beləcə, jurnalistika gəlib bu günlərə düşdü.
Beləcə, hər sözün üstündə əsən, sözün məsuliyyətini anlayan köhnə jurnalist nəslinin sonuncu yarpaqları bir-bir budaqdan düşüb gedir.
Mehman əmi o sonuncu yarpaqlardan idi. İndi onun imzasını (Mehman Kazımov) yalnız köhnə adamlar, sovet oxucuları xatırlayar. Gəncliyində rəhmətlik diktor Rafiq Hüseynova çox bənzəyən Mehman əmi də elə məşhur diktorla aşağı-yuxarı eyni vaxtda dünyadan köçdü. Onların dövranı beləcə qapandı…