Çinin Siçuan bölgəsində 5-ci sinif uşaqları üçün nəzərdə tutulan məsələ ciddi müzakirələrə səbəb olub. Böyüklər də bu məsələni həll edə bilmədikləri üçün sosial şəbəkələrdə məsələ ilə bağlı hərə öz versiyasını səbəbləndirib.
Uşaqlardan soruşulub ki, əgər gəmidə 26 qoyun və 10 keçi varsa, kapitanın neçə yaşı var. Çin KİV-ləri yazıblar ki, uşaqlar hazırcavablıq və kreativlik nümayiş etdirərək, fərqli cavablar veriblər. Məsələn, kimsə yazıb ki, kapitanın yaşı 18-dən az olmamalıdır. Bir başqası isə kapitanın 36 yaşı olduğunu və narsist olduğunu qeyd edib. Onun məntiqinə görə, kapitan məhz öz yaşına uyğun sayda heyvan saxlayırmış.
Çin mediası düzgün cavabı yayımlasa da, insanlar sosial şəbəkədə fikir mübadiləsini davam etdiriblər. Amma versiya irəli sürənlərin də böyük əksəriyyəti özünü və başqalarını çaşdırmaqdan başqa bir iş görməyib. Məsələni hazırlayan məktəb isə açıqlayıb ki, ümumiyyətlə, bu sualın cavabı yoxdur. Məqsəd sadəcə uşaqların tənqidi düşüncə, analiz qabiliyyətinin müəyyənləşdirilməsi olub. Bu açıqlama ilə tanış olanlar isə iddia ediblər ki, müvafiq testlər təkcə Çinə yox, eləcə də digər ölkələrə, məsələn, Amerikaya lazımdır.
Musavat.com