Загрузка...

“Yaşamak şakaya gelmez,

büyük bir ciddiyetle yaşayacaksın

bir sincap gibi mesela,

yani, yaşamanın dışında ve ötesinde hiçbir şey

beklemeden,

yani bütün işin gücün yaşamak olacak”.

(Nazim Hikmət)

Bu gün yanılmıramsa ölkəmizdə Gənclər günü kimi qeyd olunur. Həmin möhtəşəm bayram münasibətilə Narxoz, Pulxoz, Kalxoz, Narkoz və sairə qozlu-mozlu-tozlu-sazlı-sözlü universitetlərimizi bitirib hansısa debilin supermarketində rəfəbaxan vəzifəsində 250 manat maaş alan, kubalı boksçu Sotomayorun əlindəki manatlara ağzının suyunu və gözünün yaşını axıdan, həmçinin hər gün yuxudan duranda valideynlərini “Məni burda dünyaya gətirən tünbətünlər” deyə yad edən, at ətindən dönər, it ətindən peraşki yeyərək hər an xaricə qaçmağa hazırlaşan gənclərimizi təbrik edirəm. Şair demişkən, bu da belə bir ömürdür yaşadım. Hamı məmur qohumu olmaz ki. Bəxt lazımdır. Gərək insanın ağ tükü olsun. Başında. Yəni dövlətçilik yolunda saç ağartsın. Bunlar da hamıya qismət olmur.

Hər halda, bayramdır, dövlət səviyyəsində verilən bayramın dişinə baxmazlar. Kiçik çillənin sümüyə işləyən soyuq vaxtında bu nə gənclik bayramıdır, kimin ağlına gəlib məhz bunu bu vaxta salsın – gəlin bu barədə də düşünməyək. Gənclik yaz, inkişaf, oyanış, tərəqqi, nə bilim, dirçəliş, gül-çiçəklə assosiasiya olunur, ancaq geridə qalmış dövlətlərdə! Bizdə hər zaman gənclər üçün bayramdır. Bu temada yaxşı ata sözlərimiz də vardır: “Gəncə yel ver, əlinə bel ver”, “Gəncin başında palıd ağacı bitməz”, “Ölüsü olan bir gün ağlar, Gənci olan hər gün”. Həqiqətən gəncləri indiki zamanədə saxlamaq olduqca çətindir. Bunun qəlyan xərci var, dönərini al, Topazını ödə, nə bilim, qotazlı kəkilinə dotasiya ayır… Əməllicə dövlət investisiyaları tələb edir.

Məhz bu baxımdan bizim Azərbaycanımızda gənclər üçün dövlət siyasəti hərtərəfli düşünülmüşdür. Dünən Bakıdan Almaniyaya deportasiya edilən bir alman getməmək üçün qarnını bıçaqla doğramışdır. Deyir, Frankfurtda dilənçilik artıb, Hamburqda camaat suya tullanıb intihar edir, məni hara göndərirsiniz? Mən Bakıda qalıb ölkənizin inkişafını öz gözlərimlə görmək istəyirəm. Biz xahiş edərdik hüquq-mühafizə orqanları o almanın məsələsinə təzədən baxsınlar, mümkünsə deportasiya edilməsin. Ümumiyyətlə, alman qaçqınlar üçün də Masazırda yeni binalar düşərgəsi tikməyin əsl vaxtıdır.

Bu arada Vergilər Nazirliyində də görünməz hadisə baş veribdir. Təzə nazir köhnə nazirin bacısı oğlu və eyni zamanda Binəqədi icra hakimin oğlu sayılan tipi işdən qovmuşdur. Bah-bah. Vah-vah. Ax-uf. Məncə bu, ölkəmizdə qohumbazlıq və traybalizm (heç bilmirəm mənası nədir, savadlı görünmək üçün yazdım) siyasəti sahəsində üzə çıxarılan ilk fakt olmuşdur. Başqa harda kiminsə öz qohumunu tabeliyində dövlət qulluğuna götürməsi halına rast gəlinmişdir? Almaniyada yaşamırıq ki.

Sözgəlişi, bu yaxında İtaliya tarixi haqda oxuyurdum, orda “Koza Nostra”nın tərcüməsinin “Bizim iş” olmasını gördüm. Çox sevindim. Necə gözəl tapıntıdır. Az qala bizim müxalifətin vaxtilə yaratdığı “Bizim Azərbaycan” blokunun adını xatırladır. Hamısı mafioz adamlar idi, yaxşı oldu elə hakimiyyətə gələ bilmədilər, əks halda, bəlkə indi hamımız başımızı götürüb xaricə qaçmışdıq. Mənim yadıma gəlir, AXC-Müsavat cütlüyünün hakimiyyəti əsrində bizim heç gənclər günü bayramımız da qeyd olunmurdu. Nə gəncə hörmət qoyulurdu, nə ağsaqqal-ağbirçəyə. Uşaqlar qorxusundan altını batırırdı. Gecələr gəzməyə çıxa bilmirdik. Getsin o günlər gəlməsin. Gələ də bilməz, ürəyinizi buz kimi saxlayın, çünki biz hazırda ictimai-siyasi fəaliyyətimizi möhkəm təməllər üzərində qururuq. İndi bizdə siyasət alqı-satqı predmeti deyildir!

Bəlkə də təzə qərarla alğı-satqı yazmalıydım. Bunu dəqiqləşdirməliyəm.