Heç demə, dövlət səviyyəsində olmasa da, xaricdə təhsil proqramı cəmiyyət səviyyəsində möhkəm dəstəklənir. Bu günlərdə mediada xaricdə təhsil alan azərbaycanlı gənclərlə bağlı xəbərlər dərc olunmuşdu və orada bir sıra rəqəmlər vardı.
Xəbərdə qeyd olunurdu ki, qonşu ölkələrin birində 15 min azərbaycanlı tələbə təhsil alır. Ölkənin adı çəkilməmişdi.
Araşdıranda məlum olur ki, həmin ölkənin adı bu il çəkilməsə də, ötən il çəkilibmiş. Azərbaycanlı gənclərə qucaq açan ölkə qardaş Türkiyədir.
Bundan başqa, Rusiyada (o cümlədən bu ölkənin federal subyekti olan Dağıstanda), Ukraynada və Avropa ölkələrində ümumilikdə 24 min azərbaycanlı təhsil alırmış.
Belə anlaşılır ki, təxminən 40 min azərbaycanlı öz vəsaiti hesabına ölkədən kənarda təhsil alır.
Bu, sevindirici haldırmı? Əsla!
Bu tələbələr ödədikləri ətək-ətək pulun qarşılığı olaraq, arayışdan və diplomdan başqa heç nə almırlar – nə düz-əməlli təhsil, nə dərin savad, nə təcrübə-filan.
Onların 95-98 faizi burada, öz ölkəmizdə Dövlət İmtahan Mərkəzinin (keçmiş TQDK) keçirdiyi tələbə qəbulu üzrə dövlət imtahanlarında adi keçid balını toplaya bilməyən gənclərdir.
Söz yox, bu tələbələrin sırasında 650-700 bal toplayan eruditlər də var, öz qabiliyyətlərlərinə güvəndikləri üçün dünyanın ən yaxşı universitetlərində təhsil almağı üstün tutublar. Ancaq onlar barmaqla sayılacaq qədər azdırlar. Bu cür gənclər əslində öz şəxsi vəsaitləri hesabına “xaricdə təhsil proqramı”na qoşulanların 1 faizi qədər də deyillər.
Tam əksəriyyət isə 0-150 bal arasında nəticə göstərənlərdir, növbəti ildə də test imtahanlarında heç bir uğur qazanmayacaqlarını bildiklərindən attestatlarını götürüb xaricdə “ən yaxşı universitet”də təhsil almağa gediblər. Pul var, vasitəçi var, nədən olmasın?
Bu, əslində beynəlxalq miqyaslı dələduzluqdur. Yuxarıda adları çəkilən ölkələrdə fəaliyyət göstərən universitetlər üçün bu, biznes planıdır, pul qazanmaq üsuludur. Onlar uzaq ölkədən gələn gənclərin pullarını alır, əvəzində diploma bənzəyən nəsə verirlər. Əcnəbi rektorlar üçün o qədər də fərqi yoxdur ki, bu “məzun” gənclər öz ölkələrində həmin diplomları tanıtdıra, keçərli edə biləcəklər, ya yox.
Bu, xaricdəki universitetlərin rəhbərlərinin qayğısı deyil. Onlara pul lazımdır və azərbaycanlılar həvəslə bu pulu onlara verirlər. Bu üzdəndir ki, müəllimlər azərbaycanlı tələbələrə qarşı tələbkar olmur, qiymətlərini yazır (bu da ayrıca ödəniş əsasında), kursdan-kursa keçirirlər. Tələbkar olsalar, bizim tələblərin əksəriyyəti ilk semestrdəcə təhsili yarımçıq saxlamalı olar, universitetin biznes layihəsi iflasa uğrayar.
Hətta elə ölkələr var ki, tələbədən universitetə gəlməyi də tələb etmirlər. Məsələn, Dağıstandakı universitetlər belə edir. Tələbə Bakıda yaşayır, işləyir, ildə bir-iki dəfə aparıb pulunu verir, kursdan-kursa keçir.
Bizimkilərə savad, təhsil lazım deyil, gələcəkdə yaxşı yerə düzəlmək üçün sənəd lazımdır. Bu, yaxşı yeri tapmaq da problem deyil, onlar diplomu satın aldıqları kimi “yağlı yeri” də satın almağı bacarırlar. Pul olandan sonra bu, o qədər də çətin deyil.
Sadəcə, hazırda bu cür düşünənlərin qarşısında iki maneə var. 1. Satın alınmış saxta diplomların ölkədə tanıtdırılması; 2. Dövlət qulluğuna aid vəzifələrə qəbulun DİM tərəfindən aparılması.
Bu iki baryeri keçmək xeyli çətindir. Amma pulu, sərvəti, əlaqələri olan şəxslər bu baryerləri də aşmaq üçün çox əziyyət çəkirlər.
2016-cı ildə Azərbaycanda 1500, 2017-ci ildə də təxminən o qədər adamın diplomu tanınmayıb. Rəsmi izahat belə olub ki, onların ölkədə olma, sərhəd keçmə vaxtları uyğun gəlməyib, üstəlik, ixtisasları üzrə minimum biliklərə malik olmayıblar.
Günü bu gün də “xaricdə universitetə attestatla qəbul” təklif edən işbazlar və onların xidmətindən yararlanmaq istəyən yüzlərlə adam var. Sanki hamı saxta yolla olsa da, ali təhsil, daha dəqiqi, ali təhsil haqda sənəd almağa məcburdur.
Sovet vaxtı respublikadan kənarda – Moskvada, Leninqradda, Kiyevdə, Minskdə təhsil alan həmvətənlərimizə “inoqorodnik” deyirdilər. “İnoqorodnik” olmaq prestijliydi. Onların sayı çox az idi. Müasir “inoqorodnik”lərin sayı 40 mini aşıb və ortada prestij-filan qalmayıb.