Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla həyat yoldaşını və körpə qızını qətlə yetirən Ələkbərov Raqif Əliş oğlunun cinayət işi üzrə məhkəməsi başlayıb.
“Reort”un Qərb bürosunun məlumatına görə, keçirilən məhkəmə prosesində qeyd edilib ki, Ələkbərov Raqif Əliş oğlu, ötən il iyunun 20-də axşam yaşadığı Daşkəsən rayonunun Şahvələdli kəndindəki evində spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşdükdən sonra bir il əvvəl evlənərək faktiki ər-arvad münasibətində olduğu və onunla birlikdə yaşayan Məmmədova Kamilə Daşdəmir qızı ilə mübahisə edib.
Mübahisə qadının əvvəllər baş vermiş ailə münaqişəsi ilə əlaqədar onun barəsində müvafiq orqanlara şikayət etməsi və kişinin inzibati qaydada 500 manat məbləğində cərimə olunması səbəbindən yaranıb. R.Ələkbərov yaranmış mübahisə zamanı bu hərəkətlərinə görə ondan qisas almaq üçün K.Məmmədovanı və onun yeni doğulmuş qızını öldürmək qərarına gəlib. O, cinayətkar niyyətini həyata keçirmək məqsədilə sonuncunun birinci nikahdan doğulmuş azyaşlı qızı Məmmədova Fatimə Seymur qızının gözü qarşısında əvvəlcə yaşadıqları evin həyətində K.Məmmədovanın baş və təpə nahiyələrindən qəsdən yumruqla çoxlu sayda zərbələr endirib. Ardınca evdən götürdüyü dəmir zənciri onun boğaz nahiyəsinə keçirərək it bağlamaq üçün nəzərdə tutulmuş qalın məftilə bağlayıb. O, qadını bir müddət torpağa uzanılı vəziyyətdə saxlayıb, bununla kifayətlənməyib hərəkətlərini davam etdirərək yumruqla onun başından vura-vura evə gətirib. Sonra otaqdakı odun peçinin qarşısında olan ağac parçası ilə Kamilə Məmmədovanı, eləcədə qadının həmin vaxt qucaqladığı 35 günlük körpəsi Ələkbərova Dilqəm Raqif qızı ilə birlikdə döyüb. R.Ələkbərov bədənlərinin müxtəlif nahiyələrinə, o cümlədən başına çoxlu sayda zərbələr endirərək öldürüb. Cani onların öldüklərinə əmin olduqdan sonra isə hadisə yerini tərk edərək qaçıb.
Bununla Ələkbərov Raqif Əliş oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlləri ilə ittiham irəli sürülüb.
Məhkəmə prosesi davam etdiriləcək.