Dini işlər idarəsinin müdiri Mübariz müəllimin sözlərinə görə məzarlıqlar və dəfn mərasimlərinə aid qaydalar artıq hazırlanmışdır. Yəni, istəsək yıxılıb ölə bilərik.
Çünki bu qaydalarsız ölmək sabitliyə və ictimai asayişə bir növ uyğun gəlmirdi. Hətta şübhə vardı ki, hökumət qərarı olmadan yeddisi verilən, yaxud qəbrinin üstü götürülən bəni-adəm o tayda cənnətə düşə bilərmi, əgər düşsə bu məkruhdurmu və sairə. Bu yerdə qəfildən bir sovet dövrü lətifəsi yadıma düşdü. Deyir Allahşükür müəllim təzə maşın alır, nömrə üçün QAİ-yə üz tutur, onlardan mollaya layiq nömrə istəyir. QAİ deyir buyurun, Allahşükür müəllim, 37-40 AQE nömrəsi tam sizlikdir. Şeyx təəccüblənir, milis izah edir: “3-ü, 7-si, 40-ı, Allah Qəbul Eləsin”. Ax. Ax. Gül kimi hökumət idi, Allah Qorbaçovun tifaqını dağıtsın. Onu o biri dünyada da Raisaya ürcah eləsin, ilahi, amin.
Hər cəhətdən bizi fikirləşirlər. Keçən günlərdə deputatxanadan bir yoldaş ərz elədi ki, Bakıda sirk və zoopark çox pis gündədir. Darısqaldır, heyvanlar işgəncə altındadır, meymunlar banan yemir, dəvə camaatın üzünə tüpürmək belə istəmir və sairə. Haqlı iraddır. Hərçənd, zooparkda pələngin yaşayış şəraitinin yaxşılaşdırılmasını demək lazım idi, axı həyat ancaq ağ-qara rənglərdən ibarət deyildir. Orda pələngə var-gəl etmək üçün tam 2 metrlik zolaq ayrılıbdır! Camaatın heç o boyda evi yoxdur. Ancaq zoopark və sirk ehtiyaclarımızı ödəyənlər çox olduğu üçün bəlkə bu tema aktual görünmür. Misal üçün, elə məmur-deputat yoldaşlardan vaxtaşırı kimsə səhnəyə çıxıb jonqlyorluq, klounluq edir, kanatda gəzişir, bəzisi nərildəyir, bəzisi yelsəbet sürür – uca millətimiz də əylənir, gözümüzün qurdunu öldürürük.
Başqa yeniliklər, xoşbəxtçiliklər də gözlənilir. Misal üçün, 18 yaşına çatana qədər bir valideynini itirən, o biri valideyni isə əlil olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Hadı müəllimin sözlərinə görə bu temada qanun qayırırlar, artıq proje hazırdır, ümumən bu qanunun təsiri altına 100 (yüz) tələbə düşəcəkmiş.
Dəhşətdir. Sən 100 tələbəni pulsuz oxudursan! Harda belə humanist dövlət vardır? Məncə yaxın yüzillikdə bu qanunun çərçivəsi bir az da genəldilə bilər, 18 yaşına qədər babası Böyük Vətən Müharibəsində iştirak eləmiş, 15 yaşında nənəsini itirmiş, qardaşının qaynı isə 1-ci dünya savaşında almanların qaz hücumuna məruz qalmış şəxslər də təhsil haqqı ödəməkdən azad olunar. O cümlədən, 15 qardaşın 1 bacısı olan, uşaqlığında qarın yatalağına tutulmuş şəxslər, çeçələ barmağında anadan gəlmə əyrilik olan Çernobıl əlillərinin sonbeşik övladları, 3-cü qrup əlillərin 1-ci qrup uşaqları da təhsil pulu verməsə dövlətçiliyimiz bir daha zəfər çalardı. Hesablamaq lazımdır, ola bilsin bu kateqoriyalardan tələbə gənclərin sayı 60-70 nəfəri ötməz. Büdcəmiz üçün ağır yükdür, ancaq nə edə bilərik? Biz sosial dövlətdə, ancaq və ancaq zəhmətkeşlərin rifah halını düşünən məmurların hakimiyyəti altında yaşayırıq.
Qanun qarşısında bizdə hər kəs bərabərdir. Odur, bəziləri hay-küy qopartmışdı ki, general oğlu maşınla avtobusu qovub sürücünü döydü, cəzasız qaldı və nə bilim nə… Keçən həftə məhkəmə həmin oğlana 4,5 il həbs cəzası kəsdi. Bəlkə general oğlu olmasa 4 il verərdi. Həmin yarım ili də hakim əsəbiləşib üstünə gəlmişdir. Bəs necə, harınlamaq yaramaz hərəkətdir. Ermənistan boşalır, sən isə avtobus sürücüsünü döyürsən. Ayıb deyilmi? İctimai faydalı əməklə məşğul olmaq, pambıqçılıq, pomidor əkinçiliyinə töhfə vermək yerinə maşın qovalayırlar. Hətta dahi şair Füzuli də 500 il qabaq pambıqçılığın inkişafından yazmışdır: “Pənbeyi-daği cünun içrə nihandır bədənim”… Şair deyir ki, o qədər pambıq yığacağıq, axırda dağ boyda olacaq, altında qalacağıq.
İndi söz əlaqədar təşkilatlarındır – mənə də pələngin qəfəsinin böyründə balaca yer verin.