Millət vəkili Adil Əliyev Məhəmməd Əmin Rəsulzadə haqda yazıb.

BAKU.WS millət vəkilinin yazısını təqdim edir:

“Dostlar, bu gün böyük dövlət xadimimiz Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. M.Ə.Rəsulzadə milli ideologiyamızın formalaşmasında, milli dövlətçiliyimizin qurulmasında əvəzsiz işlər görmüş tarixi şəxsiyyətlərimizdən biridir. Bütün həyatını Azərbaycana bağlayan və onun uğrunda mübarizəyə həsr edən belə bir şəxsiyyətlə qürur duymamaq mümkün deyil.

Ümumiyyətlə, Cümhuriyyəti quran görkəmli şəxsiyyətlərimiz daima hörmət və sevgi ilə yad edilməlidirlər. Onlar yoxdan bir dövlət qurub, Azərbaycanı beynəlxalq arenada hüquqi-siyasi varlığını ortaya qoydular. 23 ay ərzində Rəsulzadə başda olmaqla, bütün silahdaşları var gücləri ilə müstəqil Azərbaycan qurmaq üçün mübarizə aparırdılar.

İstər Rəsulzadə, istərsə də digər görkəmli xadimlərimizi diqqətdə saxlamalıyıq ki, gənc nəsil onların həyat və fəaliyyətlərindən bəhrələnsinlər. Bu həm də dövlətimizin daha da güclənməsinə təsir göstərməklə yanaşı, gənclərimizin milli vətənpərvər ruhda yetişməsinə səbəb olar.

Bu il AXC-nin 100 illiyi qeyd ediləcək. Artıq Prezident İlham Əliyev 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu həm tariximizə, həm də milli dəyərlərimizə verilən yüksək qiymətdir”.