Загрузка...

Mənə elə gəlir ki, Qarabağdan sonra bizim ən böyük problemimiz… siqaretlə bağlıdır. Sizə qəribə gəlməsin, düşmən bizim torpaqlarımızı işğal altında saxladığı kimi, siqaret də vətəndaşlarımızın ciyərlərini “işğal” edib. Özü də işğala məruz qalan vətəndaşlarımızın faizi 20 deyil, qat-qat yüksəkdir.

Demirikmi ki, sülh danışıqları nəticə verməsə, Qarabağı savaş yolu ilə azad edəcəyik. Deməli, bizə həm də Qarabağı azad etməkdən ötrü sağlam vətəndaş lazımdır. Hər siqaret isə insanı ölümə bir addım da yaxınlaşdıran zəhərdir.

Qonşu Rusiyanın ali təhsil müəssisələrində, xəstəxana, dövlət qurumları, stadion, restoran, qatarlar, vağzallar, metro və aeroportlarda siqaret çəkmək 2014-cü ildən qadağan olunub. Gürcüstanda isə ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyan qanun hələ 2006-cı ildən tətbiq olunub.

Normal ölkələrdə normal qəbul olunan siqaret qadağasını “ah-fəğan”la qarşılayan vətəndaşlarımızı anlamaq olmur. Bəziləri “bir bu çatmırdı” deyib ironik yanaşırlar məsələyə. Amma qaydalar insanların əməl etməsi üçündür. Bu, həm də bir mədəniyyət nümunəsidir, üstəlik, turistlərdə ölkəmiz haqqında rəy yaradır. Həm də qeyd etdiyim kimi, “ciyərlərimizin işğalı”na son verməliyik.

Siqaret qadağası ilə bağlı xəbərləri bəzi saytlar “siqaret çəkənlərə pis xəbər” başlığı ilə təqdim etmişdilər. Əslində bu, yaxşı xəbərdir. Bir qanun ki, insana pulunun, canının qədrini bilməyi, pis vərdişdən uzaqlaşmağı aşılayır, ona niyə pis deyilsin ki?

Bu qanun yüksək səviyyədə icra olunsa, ömrünü siqaret tüstüsünə bağlayanlarımız nəhayət, bu zərərli vərdişdən uzaqlaşmağı bacarsa, həm dövlətə, həm özlərinə, həm də ailə üzvlərinə fayda vermiş olarlar. Söhbət siqaretə xərclənən puldan getmir. Hərçənd ki, bu mənada da böyük faydadan söhbət gedir. Ailəsinin çörəkpulunu zərərli vərdişlərə, həm də siqaretə xərcləyib də evdə söz-söhbət yaradanlar ətrafımızda da az deyil. Üstəlik, hər bir vaxtsız dünyasını dəyişən ailə başçısı həm də dövlətə, həm də ailə-uşağına özündən sonra yük qoyub gedir, bunu unutmamalıyıq!

Dövlət başçısının imzaladığı fərman Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunmasına hesablanıb. Demək, qanuna əməl etsək, həm millətimiz qazanacaq, həm dövlətimiz. Bu, siqaretlə bağlı məhdudiyyət qanunu olsa da, buyur, iradəli ol, zəhərli tüstüdən birdəfəlik imtina et!

İnsan yeganə canlı varlıqdır ki, siqareti ciyərlərinə çəkir, ondan başqa heç bir canlıda tüstüyə simpatiya yoxdur. Uşaq vaxtı bir ovçu tanıyırdım, vəhşi heyvanların yuvasının qarşısında ocaq qalayar, heyvan tüstüdən xilas olmaq üçün çıxanda onu yaxalayardı. Bütün canlılar tüstüdən xilas olmaq istədiyi halda, şüurlu insan siqaretlə “yanğısını söndürür”.

Deyirlər infarkt cavanlaşıb və s. 2017-ci ildə Azərbaycanda ölüm hallarının 57,8 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verib. Kardioloqlar deyir ki, ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri də siqaretdir.

Biz daha çox səbəblə yox, nəticə ilə mübarizə aparırıq. Siqaret çəkənlərimiz artdıqca, ürəyində stend gəzdirənlərimiz də çoxalır, bunun fərqində deyilik. Səbəbkar siqaret, ya qəlyandırsa, niyə ondan imtina edilməsin? Bu zərərli vərdişlərlə mübarizə istiqamətində tanınmış insanlarımızın iştirakı ilə təbliğat işi aparılmalıdır, siyasətçidən tutmuş, xalq artistinə qədər. İnanın ki, müsbət nəticəsi olacaq…

Keçən ilin statistikasına görə, Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhali arasında siqaret çəkənlərin göstəricisi 35,5 faiz olub. Hələ gizlində o qədər siqaret çəkən məktəblilər var…

Milli Məclisin komitə sədri Hadi Rəcəbli bildirmişdi ki, Azərbaycanda son illər qadınların siqaretə marağı artaraq 1 faizi keçib. Üstəlik, kişilərin 67,5 faizi, qadınların 52,5 faizi tütünün təsirindən əziyyət çəkir. Hələ bu nədir ki? Siqaret çəkənlərin bir çoxu daha sonra narkotik aludəçisi olur.

Qanunun qüvvəyə minməsindən keçən günlərdə mən də müşahidə aparmışam. Açığı, vəziyyət ürəkaçan deyil. Qarşılaşdığım 3 nəfərdən biri harda gəldi siqaret çəkir, dayanacaqlar yenə də siqaret kötüyü ilə dolu. Avtobus sürücüləri də ki… O gün bir sürücüyə irad tutdum, əvəzində tərbiyəsizlik elədi. Dispetçerə zəng etdim, az sonra zəng edib dedi ki, sürücü tənbeh olunub, gəlib şəxsən üzr istəməyə hazırdır. Ancaq nə olsun? Səhəri gün avtobus sürücüsü dəyişsə də, siqaretinin tüstüsündən salonda nəfəs almaq olmurdu…