Belə hadisələrə “aydın səmada çaxan şimşək” deyirlər. ABŞ Maliyyə Nazirliyinin Rusiyadan olan siyasətçilərə və biznesmenlərə sanksiya tətbiq etməsinə dair sənədin imzalanması bütün dünyada əks-səda doğuran şimşəyə dönüb.
Əslində bu, gözlənilməz sanksiya və gözlənilməz siyahı deyil. Bu barədə söhbət çoxdan gedirdi. Ötən il müvafiq qanun layihəsi hazırlanmış, avqust ayında ABŞ prezidenti Trampa təqdim edilmişdi.
İndi, sadəcə, Tramp masasının üstündəki sənədi imzalayıb.
Bu hadisə ona görə Rusiyada şok effekti doğurub ki, ruslar belə bir sənədin hazırlandığını bilirdilər, amma imzalanacağını gözləmirdilər.
Onlar arxayın idilər ki, Tramp yüz cür manevr edəcək, açıq müqavimət göstərəcək və Rusiya ilə açıq konfrontasiyaya getmək demək olan sənədi imzalamayacaq.
Buna ona görə ümid böyük idi ki, Tramp gəlmiş-getmiş bütün sələflərindən daha çox Rusiyayönümlü idi, Moskvayla bütün sahələrdə dil tapmağa hazır görünürdü.
Xüsusilə də səlahiyyətinin icrasına ilk başladığı vaxtlarda Trampın açıqlamalarında Rusiyaya münasibətdə ciddi rəğbət elementləri sezilirdi.
O vaxt hesab olunurdu ki, Rusiyanın əlində Trampa qarşı ifşaedici komromatlar (məsələn, Moskva otellərində çəkilmiş seks diskləri) var və Tramp bu üzdən Putinin nazıyla oynamağa məcburdur.
Bundan başqa, Trampın seçilməsində Rusiyanın rolu barədə çox söz-söhbətlər gedirdi. (Yeri gəlmişkən, o söhbətlər hələ də bitməyib və bu xüsusda federal təhqiqat aparılır). Bu baxımdan mediada açıq mətnlə deyilirdi ki, Tramp ruslara qarşı öz vəfa borcunu yerinə yetirir.
Hər halda, Tramp ya seks qalmaqalıyla üzləşməməsi istəyi ilə, ya da ruslara minnətdarlıq duyğusuyla ən azı altı-yeddi ay Rusiyaya, Moskvaya loyal münasibət sərgilədi. Amma onun bundan artığına gücü çatmadı. Demokrat senatorlar, eləcə də bəzi respublikaçı konqresmenlər onu “Rusiyameylli” adlandıraraq divara qısnamaqda idilər.
Rusiyaya yönəlik güzəştli siyasi xəttini davam etdirsəydi, Trampın impiçment edilməsi məsələsi aktuallaşacaqdı. Onsuz da impiçment söhbəti hələ onun prezident səlahiyyətlərinin icrasına başlamadığı gündən gedir. Onun sonrakı ekstravaqant hərəkətləri, dəlisov, impulsiv addım və qərarları hər gün bir az daha bu şəxsin ABŞ prezidenti kürsüsünə layiq olmadığını göstərirdi.
Bunun üstündən o, “Rusiya ilə dost-qardaş olmalıyıq” deyə israr etsəydi, kürsü əldən gedəcəkdi.
Bu baxımdan Tramp varlı və yüksək mənsəbli ruslara qarşı tətbiq ediləcək sanksiya ilə əslində özünü, vəzifəsini qorumuş olur.
İndi talein ironiyasına baxın, keçən il bu vaxt qatı antirus mövqeli Hillari Klintondansa “Rusiyanın adamı” hesab olunan Trampın seçilməsindən, vəzifəsinin icrasına başladığı ilk günlərdə verdiyi açıqlamalardan vəcdə gələn, bunu Putinin qələbəsi sayan, öyündükcə öyünən ruslar bu gün pərt və pəjmürdədirlər.
Onlara ən güclü zərbəni məhz “öz adamları” vurdu. Ruslar belə bir addımı xanım Klintonun atacağını gözləyirdilər, amma zərbə Trampdan gəldi.
Söz yox, Rusiya da yaxın günlərdə amerikalı biznesmenlərin, senatorların və digər siyasi xadimlərin daha geniş siyahısını hazırlayıb yayacaq, “biz də bu şəxslərə sanksiya tətbiq edirik, bundan sonra onlar Rusiyaya qədəm basa bilməzlər” deyəcəklər.
Amma bu, cılız qisasçılıqdan başqa bir şey olmayacaq. Çünki ABŞ-ın sanksiyası ilə Rusiyanın sanksiyası eyni şey deyil. Bundan başqa, adı siyahıya düşən şəxslərin az qala bir ayağı Amerikadaydı. Onların çoxunun bu ölkədə malı-mülkü, bank hesabları-filanı da var. Amerikalıların isə Rusiyada heç çöpü də yoxdur, üstəlik, bu ölkəyə səfər etmək üçün əldən getmirlər.
İndi rusların bu məsələ ilə bağlı qəzəbli reaksiyalarının şahidi oluruq. Amma vəziyyətin bu duruma gəlib çıxmasının günahı onlar özləridir. İllərdir ki, ABŞ administrasiyasının belə bir addım atacağı gözlənilirdi, ruslar isə bu təhdidləri ciddiyə almırdılar. Hətta elə bilirdilər ki, aradan bir neçə il keçəcək, Krımın Rusiya tərəfindən ilhaqı, Donbasın işğalı kimi söhbətlər unudulacaq.
Təcrübə göstərdi ki, “dovşanı arabayla tutan dövlət”lər heç vaxt impulsiv qərarlar qəbul etmir, axır sözlərini əvvəldə demirlər, nəyisə edəndə, yavaş-yavaş, bişirə-bişirə edirlər.