3-4 il qabaq Bakıda bir qohumun evinə qonaq getmişdim. Süfrə açdılar, məclis böyük olduğu üçün əlavə stullara ehtiyac oldu, ev yiyəsi çox simpatik görkəmli, keyfiyyətli, ağacdan düzəltmə qatlama stullar gətirdi. Açıb böyük məmnuniyyətlə əyləşdik, bunları hardan aldığını söruşdum – həm də özüm almaq məqsədiylə. Məlum oldu bu xaricdən gəlmədir, Dubaydan alınıb, İKEA məhsuludur.
İlk dəfə o zaman təəssüflə ağlıma gəlmişdi ki, görəsən niyə Bakıda İKEA-nın dükanı yoxdur. Sonra bu haqda düşünməyi unutdum, ta dünən İKEA-nın qurucusu, məşhur İnqvar Kamprad-ın ölüm xəbərini oxuyanacan. Yenə başımı qaşıdım: doğrudan axı, niyə Bakıda İKEA yoxdur? Az qala adları da qafiyə kimi səslənir, dövlət zakazı versən AYB sədri Anar müəllim bu temada “Ədəbiyyat və gicnəsənət” qəzetində bu münasibətlə şeir də qoşar:
“Çox yaraşır küləkli Bakıya
İsveç mebel dükanı İKEA!
Gərək ordan tabretka alım
Bizim Qoca Fikoya”
Zarafat bir yana, siz də bu haqda düşünmüsünüzmü? O cümlədən, dünya telekommunikasiya nəhəngi “Telia” (köhnə adı “TeliaSonera”) niyə Azərbaycandakı payını dəyər-dəyməzinə satıb aradan çıxmağa üstünlük verib, fikirləşirsinizmi? Yaxud, niyə dünyanın məşhur banklarından bircəciyinin də Bakıda ofisi yoxdur və camaat beş-on qəpiyini axmaq oğruların açdığı oyuncaq banklarda batırmağa məcburdur? Misal üçün, o məşhur banklardan biri – dünya bankları reytinqində 5-ci yeri tutan HSBC 2000-ci illərin əvvəlində çaşıb Bakıda ofis açmışdı. Ancaq elə gəldikləri kimi də baş götürüb qaçdılar. Heç böyük neft pullarının gəlişini belə gözləmədilər.
Səbəb sadədir, eyni zamanda çoxlarımızın ağlına gəlməyən bir məsələdir: korrupsiya. Özünə hörmət qoyan şirkətlər, onların təmsil elədiyi dövlətlər və xalqlar rüşvətlə, korrupsiya ilə işləmək istəmirlər. Azərbaycan bazarını onların üzünə bağlayan əsas, bir çox hallarda yeganə səbəb budur.
O cümlədən, İKEA-nın qurucusu İnqvar Kampradın həyat prinsipləri arasında sadə həyat, az qala xəsislik dərəcəsinə çatan qənaətcilliklə yanaşı heç bir halda rüşvət verməmək də olmuşdur. Kamprad dükanı bağlamağa razı olurmuş, ancaq hansısa məmura rüşvət verməzmiş. Əlbəttə, ondan bunu vətəni İsveçdə, yaxud yüksək vergilər üzündən sonralar şirkətin baş ofisini qeydiyyata aldırdığı Niderlandda tələb edən də yox idi. Söhbət İKEA-nın dünyaya səpələnmiş saysız-hesabsız mebel və ev aksesuarları dükanlarından gedir. Yeri gəlmişkən, İKEA-nın Qafqazda yeganə dükanı Tbilisidə açılıb, hələ 2006-cı ildə. Yəqin başa düşdünüz. Saakaşvilinin dönəmində. Rüşvət gedir, İKEA gəlir – loru dildə, bir az da bəzəyərək yazsaq. Kampradın rüşvətə nifrəti haqda isə əfsanələr danışırlar. Deyilənə görə, o, bir dəfə Sankt-Peterburqdakı İKEA dükanının elektriklə bağlı hansısa məişət problemini həll etmək üçün yerli rus məmurlara cüzi bir miqdarda rüşvət ödədiyini öyrənəndə hirsindən ağlayıbmış.
Bunları yaza-yaza korrupsiyanın bizim sağlamlığımıza vurduğu başqa ziyanları düşünürəm. Adamlar siqaretin zərəri, xolesterol, nə bilim, soyuqdəymədən qorxurlar, ancaq korrupsiya bunların hamısından böyük, hamısından qorxunc bəladır. Misal üçün, indi hakimiyyət Qida Təhlükəsizliyi Agentliyi yaradıb gözdən pərdə asır. Rəqabət şəraiti, azad bazar yoxdursa, məmur özü istehsal elədiyi məhsula öz ekspert qurumunda “yararlıdır” peçatı yapışdıracaqsa, nədən danışırlar? Dərd axı təkcə hansısa qəssabın meşədə kəsdiyi atın əti deyil. Bütün bazar yararsız, saxta ərzaq mallarıyla doludur, alternativ isə yoxdur. Alternativə cəhd eləmiş biznesmenlər necə deyərlər, “ya Sibirdədir, ya qəbirdədir”.
Əlbəttə, şükür eləyək gərək. Odur ey, Suriyada camaat nə gündə idi. Mebel dərdi çəkmirdilər, nə İKEA? Qudurğanlıq olmaz. Üstəlik yerli “Ombabud” şirkəti qəşəng mebellər qayırır. Uzanın milli divanda, yatın. Bərkdir? Belinizi ağrıdır? Hamısı sizin rifahınız üçündür. Camaat Hindistanda mıxın üstündə yata-yata yoqa olur.