Ötən həftə media məkanında belə bir xəbər getdi, amma dalınca düşən, araşdıran, müzakirə edən olmadı. Bizim başımız Qarabağdan aşıb Afrinə getmək istəyənlərə qarışdı, Rusiyanın fikri Navalnıya getdi, Avropa da Türkiyənin Suriyada keçirdiyi əməliyyatlara etiraz edən kürdlərlə, türkün sözü, uğraşdı durdu.
Həmin şimşək kimi çaxıb yox olan mövzu isə o idi ki, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçilərinin bu ilin fevral ayında Azərbaycana nəzərdə tutulan səfəri pulsuzluq üzündən alınmaya bilər.
Təsəvvür edin, 50-yə yaxın kasıb olmayan, yüksək inkişaflı Avropa ölkəsini birləşdirən təşkilatın ezamiyyətə adam göndərməyə pulu yoxdur. Lap 10 ölkəni çıxaq ki, o qədər də varlı deyillər. Yerdə qalanının pulunu balta kəsmir. İndi bir dənə AŞ nədir ki, onu saxlaya bilmirlər?
Rəsmi informasiya belədir ki, Rusiya və Türkiyə quruma üzvlük haqqı ödəmirlər, daha dəqiqi, biri heç ödəmir, biri isə az ödəyir. Üstəlik, bir neçə ildir ki, Avropa Şurası özü də maliyyə məsələlərini səmərəli formada qura bilmir. Qabaqlar səmərəli qururmuş, indi bacarmır.
Rusiya və Türkiyənin bu hərəkətinin həm iqtisadi, həm də psixoloji səbəbləri var. Birincisi odur ki, son illərdə bu dövlətlərin xərcləri artıb, gəlirləri azalıb, qənaət rejiminə keçiblər. İkinci səbəb isə AŞ-nin bu iki dövləti üzütüpürcəkli edib, hər sessiyada məzəmmət etməsidir. Ruslar fikirləşirlər ki, niçeqo sebe, biz pul verəcəyik, siz də yeyib-içib şellənib üzümüzü danlayacaqsınız, idite, na yuq, voobşe. Türklər də düşünür ki, hadi ordan, yavşaq həriflər, bizim paramızla konsey quracaqsınız, kəndimizə sitəm edəcəksiniz, yok öylə bir şey.
Ancaq təbii ki, heç də hər şey bu iki dövlətin üzvlük haqqı ödəməməsi ilə bağlı deyil. Bu, ondan xəbər verir ki, vaxtilə bu qurumun xərcləri xeyli şişirdilib. Korrupsiya deməyək, deyək ki, AŞ-də onlarla komissiya, komitə, palata-malata var, onların yüzlərlə deputat üzvü var, Şuranın büdcəsindən avroları alıb basırlar ciblərinə, düşürlər ölkələrin canına, guya ki, monitorinq aparırlar, hesabat hazırlayırlar.
Gəlmişdilər, gördük. Təkcə bizim ölkəyə AŞ həmməruzəçiləri yüz dəfə gəlib-gediblər, nə faydası olub? YAP-çıların sözü olmasın, 1 milyon qaçqınımızın harayını eşitməyiblər, ərazimizin işğal olunmuş 20 faizindən danışmayıblar, bəs nə ediblər?
Dəxli yoxdur, bu onların missiyasına, mandatına aid idi, ya yox. Avropadan gəliblər, deputatdırlar, bu işə də baxmalıydılar. Guya azad seçkiləri, insan haqlarını bay eləmişdilər, qalmışdı Qarabağ münaqişəsi.
(Yeri gəlmişkən, hələ ki ATƏT-in pulu var, Minsk Qrupunun həmsədrlərinə bölgəyə gəlib-getməyə pul tapır).
İş ki belədir, bəzi dövlətlər bu məsələni “daxili imkanlar hesabına” həll edə bilərlər. Məsələn, biz “kürü diplomatiyası”nın tərkib hissəsi olaraq həmməruzəçilərin ölkəmizə səfərini tam şəkildə maliyyələşdirə bilərik, bir şərtlə ki, gedib hesabatlarına artıq-əskik şey yazmasınlar. Lap yazsınlar. Yazanda nə olur ki? Bundan qabaq o adaşlar – Andreas Qrossla Andres Herkel çox şey yazırdılar, nə olurdu? Heç nə. Axırda AŞ-ın Parlament Assambleyası tövsiyə verirdi ki, indən belə elə eləməyin, vəssalam. Bizimkilər də deyirdilər, yaxşı, məsələ bitirdi.
Daha bir çıxış yolu da var. Avropa Şurasının möhtəşəm binasının bir hissəsini icarəyə verməklə qurum xeyli pul qazana bilər. AŞ-ni gəzib-gələnlər and içir ki, orda elə zallar var, diricə şadlıq evidir, təkcə manısları çatmır. Orda toy eləmək üçün 5 ay əvvəldən növbə tutar camaat. Əgər avropalı oliqarxlar bunu etməkdə çətinlik çəkərlərsə, bizimkilərə müraciət eləsinlər, görün, iki ayın içində AŞ-nin binasında ofisiantlar oynaya-oynaya aş gətirirlər, ya gətirmirlər.
Başqa zalları isə mərasim zalı kimi işlətmək, orda da aş vermək olar. Biz bu işdə pərgarıq, bomba sığınacağını restorana çevirməyi düşünən camaatıq.
Axır ki, bu qurum özünü dolandırmağın bir yolunu tapmalıdır. Yoxsa həmməruzəçilər Sezar Florin Preda və Stefan Şenakı gözləməkdən gözümüzün kökü saralacaq.