Yay tətili ilə bağlı o günkü yazıma üç reaksiya var. Biri belədir ki, qışda soyuqdan donduğumuz yerdə bu nə yaylağa çıxmaqdır, a bəy. Bunu deyən adam qismən haqlıdır. Gerçəkdən də hava çox soyuqdur, bu saat adamın əsas qayğısı odur ki, bir isti bucaq tapsın, havaların ilıqlaşmasını gözləsin. Amma isti, işıqlı günlərə bəslənən ümidlərin də ziyanı yoxdur.
Ona qalsa 50-60 il əvvəl Türkiyə solçuları eyzən “gözəl günlər görəcəyiz, cocuqlar” deyə şüar qaldırır, mahnı-zad oxuyurdular, amma hələ də bir gün gördükləri yoxdur. Ümidləri isə eləcə də qalır və onları yaşadır, günəşli günlərə səsləyir.
İkinci reaksiya bundan ibarətdir ki, aha, deyəsən, iqtidara işləyəndən bəri pullanmısız, ta yay tətilini, türkün sözü, yurd dışında-filanda keçirmək fikrindəsiniz.
O qədər də deyil. O “yurd dışı” deyilən yer nə İspaniyanın İbiza adasıdır, nə də Maldiv, Kanar, Bahamdır, budur, buradır, həm də çox ucuzdur. İldə öz istirahətinə 5-6 yüz manat xərcləyə bilməyən adam ta niyə işləyir ki.
Üçüncü reaksiya vətənpərvərlik hisslərinin coşmasından doğmuşdu, deyəsən. Bir dost yarızarafat-yarıgerçək soruşurdu ki, niyə öz gül kimi kurortlarımızı qoyub Alaniyaya, Antalyaya getmək istəyirsiniz. “Siz buraları bəyənmirsiniz, amma odur, ərəblər, iranlılar tökülüşüb gəlirlər”.
Bax, söhbətin bu yeri zurnanın özünü biabır edən səs çıxardığı yerdir.
Məsələ belədir, qardaşlar və bacılar. Öz istirahət mərkəzlərimiz gerçəkdən də “gül kimi” olsaydı, camaatın qıraqda-bucaqda nə işi vardı? Bizimkilər kasıbçılıqdan başqa ölkələrə gedirlər. Ərəblər və iranlılar isə zənginlikdən buraya axışırlar.
Açığı, bizim öz ölkəmizdə istirahət etmək üçün pulumuz çatmır. Uzağa getməyək, Bakıdan 1 saat 15 dəqiqəlik məsafədə yerləşən “Qalaaltı” sanatoriyasında bir gecəlik müsafirliyin qiyməti, bilirsinizmi, necədir? 200 manat. Özü də təşər-təşər yazıblar ki, “hər şey daxil”. Adam gecəni yatıb qayıdacaq şəhərə və iki yüz manat verməlidir. Yox, xoşuna gəlsə, bir gecə də qalmaq istəsə, daha bir 200 getdi. Bu pulla Alaniyada bir həftə istirahət etmək olar.
Ərəblərə nə var, zalım uşağının elə bil, pul kəsən printerləri var, kartriclərinin də mürəkkəbi qurtarmır, bir ucdan kəsirlər, gətirirlər, burada quşlara (Hacıqabul və Salyan tərəflərdə ov yerləri var) xərcləyib gedirlər. Onlar bura pis dadanıblar. 3-4 həftə əvvəl 3 qadınla otel otağında şeir deyərkən eşq tanrısının oxuna tuş gələn ərəb vardı ha, bax, bura gələnlərin çoxu o tipdəndir.
Onlar dörd nəfərlik bir öynə nahara 400-500 dollar pul verə bilirlər, amma ortabab və kasıb adamlar bir dönərə 10-12 avro verə bilməzlər.
Avropa ölkələrini gəzmiş, görmüş dostlar deyə bilərlər ki, dünyanın çox yerində istirahət və iaşə xidməti bahadır. Elədir. Azdan-çoxdan görmüşük. Dörd nəfər hərəyə bir pitsa (spagetti) yeyib, bir 250 qramlıq kola içəndə 60 avro pul gedir. Hələ daha bahalı ölkələr var – bir nimçə yeməyin 30-40 avro olduğu ölkələr. O gün, deyəsən, İtaliyada bir restoranda 4 steykə görə müştəridən 1100 avro pul alıblar.
“Steyk” deyəndə, bilməyənlər elə hesab etməsin ki, bu dəhşətli dərəcədə ləzzətli bir təamdır. Bildiyiniz mal əti. Amma alaçiy bişib, ortasından qan damır. Bizim kimi adamlar o yeməyi bir dəfə, o da qıraqlarını yeyir və bir daha yemir. 4 steykə çox getsə 1 kilo, kiloyarım ət gedib, amma müştəridən 1100 avro pul alıblar. Bizdə 1100 avroya bir cöngə, bir dana ala bilərsən. Bu, təxminən 200 kilo ət eləyir və o ətlə ən azı 300 adama yemək bişirmək olar.
Bizim turistlərlə işləyən iaşə xadimlərimiz belə xəbərləri oxuyur, fikirləşirlər ki, belədirsə, biz niyə əcnəbi turistdən bir cöngənin pulunu almayaq. Bunlar da elə edir və olur ki, iki əcnəbi qonağını yanına salıb yaşıl rayonlardan birinə aparan həmvətənimiz bir neçə ilə yığdığı pulu iki gündə rayonda qoyub gəlir. Qonaqların yanında ayıbdır axı, necə desin ki, gəlin atışaq, hesabı verək. Adam uzaq Avropadan qonaq çağırıb, deyib, eləcə, biletinizi alın, gəlin, qalan hər şey mənlikdir. Di get bir qarın yeməyə bir dananın pulunu ver.
Bax, bu üzdən adamlar öz ölkəsinin kurortundan qaçaqdır. Bizdə pulkəsən maşınların kartricini doldurmaq çox bahadır. Kəsdiyimiz pul onu ödəmir.