Загрузка...

Kim nə deyir-desin, bizim xalq çox optimist, nikbin xalqdır. Bizdə hətta Ümid partiya formasındadır. Yəqin bu qarmaqarışıq, hər ac qurdun göz dikdiyi gözəl coğrafiyada min illərdir başımızı saxlamaq gücünü də elə həmin optimizmdən alırıq. Yoxsa yaşamaq mümkünsüz görünür.

Örnək üçün, son günlər ürək xəstəliklərinin artması teması gündəmə gəldi. Çünki bəzi məşhurlar ürək xəstəliyindən öldülər, bəziləri yatağa düşdü. Həkimlər, ictimai fəallar, jurnalistlər isə dərhal bir proqram ortaya atdılar. Deyirlər, hökumət camaatın ürək xəstəliklərini diqqətə alsın, stent qoyulması projesi eləsin və sairə.

Bunu görəndə yadıma bir tanışın əhvalatı düşdü. Adamın azyaşlı nəvəsində ürək qüsuru ortaya çıxmışdı. Əməliyyatı Bakının xəstəxanalarından birində, Türkiyədən gələn həkim etməliydi. Həkimə 8 min manat (ya da dollar – indi dəqiq xatırlamıram) pul ödənməli idi. Yazıq baba təbii ki, o vəsaiti ödəmək üçün pensiyasını 800 il toplamalıydı, ona görə əlacsızlıqdan ölkədəki çox məşhur fonda üz tutdular. Fonddan cavab gəldi, hamı sevindi: “Gedin əməliyyat etdirin, pul ödəniləcək”. Ancaq xəstəxananın baş həkimi valideynlərə açıq demişdi ki, bir qəpik də ödənməyib, sadəcə bizim boynumuza qoyublar. Əgər mümkünsə heç olmasa pulun yarısını tapın gətirin, qalanını bizim canımız çıxar, xəstəxananın öz hesabına ödəyərik. Bax belə. Bizdə humanizm və xeyriyyəçilik adətən bu cür olur. Sənin özünün sağ cibindən 100 manatı çırpışdırıb sonra sol əlinə 20 qəpik nəziri elə verirlər ki, ölənəcən minnətdar olursan.

İndi bu ürək, stent proqramı arzuları da bunun kimi. Heç diqqət eləmədilər də, elə tam bu günlərdə talassemiya xəstəxanası Səhiyyə Nazirliyinin büdcəsindən çıxarılıb “publik hüquqi şəxsə” döndərildi. Bunun loru dildə adı belədir: daha büdcədən sizə qanpulu yoxdur, özünüz hansısa büdcə tapın, nəsə bir yolla maliyyələşin, bizim özümüzdə pul azalıbdır. Rəsmi statistikaya görə Azərbaycanda talassemiya xəstələrinin sayı ümumi 1800 nəfərdir (2015, BBC). Eyni zamanda ürək xəstəliyindən ölkəmizdə hər il yalnız ölənlərin sayı 7000 nəfərdir (2015, APA). Miqyası, rəqəmləri ona görə yazdım ki, təxmini müqayisə imkanlarımız olsun. Sizcə 1800 nəfərə pul qıymayanlar tək ölü sayı 7000-i ötən xəstəliyə maliyyə ayırarmı?

Tibbi sığorta haqda qanunun qəbulundan 18 il keçir! Ancaq ortada hələ də hansısa müəmmalı “pilot lahiyə”, “filan rayonda sınayırıq” söhbətlərindən başqa heç nə yoxdur. Sanki nüvə sınaqları keçirilir. Halbuki, qonşu Gürcüstanda – neft gəlirindən məhrum ərazidə Saakaşvili bu tibbi sığortanın qapılarını xalqın üzünə hələ 10 il qabaqdan açıbdır. Necə olur orda bu sistemi dərhal işə salırlar, yaxşı da işləyir, ancaq Azərbaycanda pilot-milot oyunlarıyla baş qatılır? Demək, sektorda korrupsiyanın olmasında maraqlıdırlar. Ata sözüylə desək, çobanın könlü olsa, təkədən pendir tutar. Könül yoxdur. “Pendir” də yerdən çıxır.

Neçənci dəfədir bu temaya qayıdırıq, yenə yeri gəlibdir: vətənin müdafiəsində ölənlərin qanpulunu da vermirlər. 11 min manat bir dəyirman daşına dönüb keçib boğaza. İndi sizcə artıq çoxdan ölənlərə, özü də yüksək şəhid adı statusuyla həlak olanlardan söhbət gedir – qanpulunu, sığorta pulunu verməyənlər ürək xəstələrinə stent qoyulmasına pul ayırarmı?

Keçən yüzilliyin əvvəllərində Qarabağın Füzuli bölgəsində Xankişi adlı bir nəfər olub, bunun tapançasını kimlərsə tutub əlindən alıblar. Xankişi kənddə əhvalatı danışarkən özünü sındırmamaq üçün tapançanın qabını göstərib deyirmiş: “Ölmüşdü Xankişi, qoburu əldən verə”. İlyas Əfəndiyev bu məsəlin birinci hissəsini hansısa pyesinə salıb (Əfəndiyev Füzulidə doğulmuşdu), beləcə məsəl “Ölmüşdü Xankişi” şəklində bütün ölkəyə yayılıb. Ancaq qeyd etdiyim kimi, çox adam məsəlin yaranma tarixçəsini, orijinalını bilmir. Əlbəttə, mövzumuz bu deyil. Sadəcə, fikirləşirəm ki, əgər Xankişi sağ olsaydı ürəyə stent qoyulmasına hökumətdən xahiş proqramını dəstəkləyərdi.

Bəlkə biz o zaman “Yaşayır Xankişi!” də deyərdik.

Zamin HACI