İnsanlar mediada, sosial şəbəkədə paylaşılan bəd xəbərləri oxuyub elə düşünə bilərlər ki, jurnalistlər ard-arda və çox gənc yaşda vəfat edirlər. Elə olmağına elədir. Amma gənc yaşda ürəkdən və başqa xəstəliklərdən vəfat edənlər təkcə jurnalistlər deyil.
Sadəcə, bizim peşənin adamları mediada çalışırlar, sosial şəbəkədə fəaldırlar, itkiyə məruz qalanda bunu ictimailəşdirir, kədərli yazılar qələmə alırlar.
Eyni şeyi həmkarlarını, dostlarını gənc yaşda itirən sürücülər, qəssablar, müəllimlər, ticarətçilər, çilingərlər, idmançılar və sair peşə adamları edə bilmirlər.
Onların çoxu heç jurnalistlər qədər də bir-birini tanımırlar, mütəşəkkil halda deyillər və öz itkilərini ictimailəşdirmirlər.
Yoxsa gənc yaşda həyata vida etmək məsələsi bütün peşələrə xasdır. Bu, həyatın fitrətində var. Hamı sağ-salamat yaşlaşa bilmir, insanların bir qismi erkən yaşda dünyadan köçür.
Sadəcə, bu tendensiya son illərdə bir qədər pis tərəfə meyllənmiş kimi görünür.
İndi sayı artmış qəzalarda da qurban gedənlərin çoxu gənc adamlardır. Onların dərdi və statistikası tamam başqadır.
Xəstəliklərə gəlincə, son illərdə tibb çox inkişaf edib, hər dərdin dərmanı var, amma hər dəfə yeni-yeni illətlər meydana çıxır.
Xatırlayırsınızsa, bir neçə il qabaq bir neçə həmkarımız ağır xəstəliyə yoluxmuşdu, amma onlara sahib çıxanlar, müalicə etdirənlər oldu və indi həmkarlarımız sağ-salamat aramızdadır.
Nə yazıq ki, bəzən gizli xəstəliklər həmkarlarımızı, eləcə də vətəndaşlarımızı qəfildən, bir gecədə aparır və hamımız bu acı faktın qarşısında qalırıq.
Bir gün, bir saat əvvəldən bilinsəydi, onların həyatını xilas etmək olardı. Amma bilmək olmur.
Baxırıq ki, sapsağlam adamdır, yeyir-içir, deyir-gülür, planlar qurur, vədlər verir… və bir gecə xəbər gəlir ki, adam daha yoxdur.
Həyat sürətlənib, hamımız böyük bir marafon yarışına qoşulmuşuq, gecə-gündüz qaçaqovdayıq, yaşayış uğrunda mübarizədəyik. Əsəblər dözmür, əsəb dözəndə də orqanizm, ayrı-ayrı orqanlar bu gərginliyə, tempə tab gətirmir.
Bu ölkənin də taleyi belə gətirib. Hələ çox şeyi yerinə oturmayıb. Biz kütləvi şəkildə normal işləməyi bacarmadığımız kimi, normal yaşamağı da, istirahət etməyi, müayinə olunmağı da bacarmırıq. Bizim üçün əsas məsələ qoşulduğumuz yarışda axıra qalmamaq, autsayder olmamaqdır.
Son illərin tibbi statistikası ortaya dəhşətli bir fakt qoyub. Son on ildə vəfat edənlərin 57 faizi ürəkdən gedirmiş.
Siqaretin, spirtli içkilərin bərbad etdiyi orqanizmi hansısa bir yerdə toparlamaq, ziyanın yarısından qayıtmaq olur, amma ürəyi məhv edən nədirsə, biz onun qarşısını ala, diaqnozunu təyin edə, profilaktıkasını öyrənə bilmirik.
Kardioloq dostlar deyirlər ki, sağlam həyat tərzi keçirmək, özünü çox yormamaq, vaxtaşırı müayinə olunmaq, hər şeyə əsəbiləşməmək gərəkdir.
Hamısını etmək olar, tamahını basıb içməzsən, tütünün ziyanını anlayıb zərərli vərdişdən əl çəkərsən, “eybi yox, az qazanım, özümü öldürməyim” deyib az işləyərsən, vaxtaşırı “məni müayinə et” deyə həkim dostların zəhləsini də tökərsən, amma əsəbiləşməmək insanın öz əlində deyil axı.
Düzdür, hər şeyə əsəbiləşməmək olar. Lap adam özünü maksimum cilovlayar, çox şeyə də əsəbiləşməz. Amma insanlarla dolu basabas bir şəhərdə, çox şeyin öz qaydasında, normal halında olmadığı ölkədə, amansız qapışmanın, boğuşmanın getdiyi cəmiyyətdə, hər gün yeni-yeni təhlükələrin baş qaldırdığı, “icad edildiyi” dünyada əsəbləri qorumaq praktiki olaraq mümkün deyil.
Elə özünü cəmiyyətdən, dünyadan təcrid etmək də mümkünsüzdür. İnsan olan insan cəmiyyətində yaşamalıdır.
Kələfin çözümü də elə buradadır – insanlıqda. İnsan olan, insan kimi yaşamaq istəyən, bir-birinə problem yaratmayan, bir-birinə kömək olan insanlar bu problem həll edə bilərlər. İnsan cəmiyyətində yaşayaraq canavar xisləti ilə davrananda biri yol qəzasında gedir, biri məhəllə bıçaqlaşmasında ölür, biri xilası intiharda görür, bəzilərinin də ürəyi tablaşmır.
Bu marafonun sonunda həyat yoxdur.
Elə qədim dövrün məşhur marafonunda da mənzil başına çatan döyüşçü Filippud “qələbə qazandıq” xəbərini verərkən ürəyi tab gətirməmişdi. Bizimkilər isə heç qələbə xəbərini də verməyə macal tapmırlar.